Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun məhkəmə istintaqı yekunlaşmaq üzrədir.
Moderator.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bugünkü prosesdə ittiham tərəfinin sonuncu şahidləri ifadə veriblər.
Prosesdə dindirilən şahidlər sırasında güllə atıcılığı üzrə Olimpiya üçüncüsü İradə Aşumova və onun tələbəsi Nəzrin Abbaslı da olublar. Onlar ikisi də məcburi gətirilmə barədə qərar qəbul edildikdən sonra polisin icrası ilə məhkəməyə gəlib. Aşumova və tələbəsi yarışlarda qalib gələn idmançılara dövlət vəsaiti hesabına pul mükafatlarının mənimsənilməsi epizodu ilə bağlı sorğu-sual ediliblər.
Afina-2004-də bürünc medal qazanmış Aşumova deyib ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin keçirdiyi yarışların birində iştirak edib. Bunun qarşılığında da ona mükafat kimi cəmi 30 manat pul verilib.
Eyni məbləğdə mükafat da Nəzrin Abbaslıya çatıb. Gənc idmançı deyib ki, yarışlara İradə Aşumovanın rəhbərliyi ilə qatılıb:
"İlkin istintaq zamanı müstəntiq qarşıma protokol qoydu ki, yarışda sənə pul verilib. Mən də 30 manat mükafat aldığımı təsdiq etdim".
Prosesin sonunda Raqif Abbasovun vəkili Ruzi Səmədov Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində işləyən 16 nəfərin - Aydın Mayıl oğlu Yusifov, Məmməd Ələsgər oğlu Hüseynov, İlkin İntiqam oğlu Şahbazov, Tural İbrahim oğlu Nurməmmədov, Valentina Nikolayevna Sultanova, Tatyana Senyonovna Korjova, Emil Sərraf oğlu Qurbanov, Cəmil Fikrət oğlu Cabbarov, Nurəddin Xankişi oğlu Quliyev, Azad Əsgər oğlu Əsgərov, Mobil Rəsul oğlu Hüseynov, Əziz Əli oğlu Məmmədov, Elçin Əzizəli oğlu Abbasov, Tahir Tahirov, Elçin Bədəlov və Asim Vəliyevin əlavə şahid kimi məhkəmədə dindirilməsini istəyib.
Hakimlər bu günə qədər dindirilən şahidlərin yetərli olduğunu əsas gətirərək vəsatəti təmin etməyiblər.
Proses aprelin 29-da cinayət işi materiallarının tədqiqi ilə davam edəcək. Ardınca prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.
Qeyd edək ki, Raqif Abbasov və Eldəniz Qulamov həbsdə deyillər, onlar sərbəst mühakimə edilirlər. Hazırkı vaxta qədər dəymiş ziyanın böyük hissəsi ödənilməyib. Nazirlik təqsirləndirilən şəxslərə qarşı 771 min 255 manatlıq mülki iddia qaldırıb.
Təqsirləri sübuta yetirilsə, onları 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, tanınmış idmançı İradə Aşumova atıcılıq üzrə Azərbaycan millisinin baş məşqçisidir.