Son vaxtlar təmas xəttində gərginliyin artması, ordudan tərxisolunma prosesinin qeyri-müəyyən vaxta qədər dondurulması ilə bağlı deyilənlər və s. cəmiyyətdə Qarabağ uğrunda yeni bir savaşın yaxınlaşması, dövlətin savaşa hazırlaşması kimi qiymətləndirilməkdədir. Hətta bəzi ictimai-siyasi xadimlər, hərbi mütəxəssislər də hesab edir ki, proseslərin gedişatı Azərbaycan və Ermənistan arasında yeni bir qarşıdurmanın reallaşacağından xəbər verir.
Maraqlıdır, Qarabağ
uğrunda yeni bir savaşın baş verəcəyi ilə bağlı səsləndirilən fikirlərin
reallıqla əlaqəsi varmı? Doğrudanmı son olaylar Azərbaycan və Ermənistan arasında
müharibənin yaxınlaşdığındna xəbər verir? Həqiqətənmi hər zaman Ermənistanın
yanında yer alan və Qarabağın işğalında yaxından iştirak edən Rusiya bu kəs
tamam əks mövqe sərgiləyərək Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatlarına
şərait yarada bilər?
Məsələ ilə bağlı Moderator.az
saytı və “Hürriyyət” qəzetinə açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin
rəhbəri, politoloq Ərəstun Oruclu Azərbaycanın müharibə astanasında olduğu ilə
bağlı səslənən fikirlərin həqiqətdən uzaq olduğunu vurğuladı. Siyasi şərhçinin
sözlərinə görə, belə bir müharibənin başlaması üçün iri güclərdən hər hansı
birinin aktiv hərəkətə keçməsi lazımdır:
“Müharibənin başlanması
ilə bağlı səslənən fikirləri real hesab eləmirəm. Baxmayaraq ki, müəyyən gərginlik
var və bu gərginlik bir sıra səbəblərdən yaranıb. O cümlədən Rusiya-Ermənistan
münasibətlərindəki anlaşılmazlıq və Ermənistandakı sabitliyin pozulması, Azərbaycandakı
iqtisadi problemlər, hakimiyyətin beynəlxalq təzyiqlərə məruz qalması və s. buna
rəvac verib. Lakin gördüyünüz kimi, dünyada da müəyyən addımlar atılır ki, gərginliyin
qarşısı alınsın. Bir növ mesaj verilir ki, müharibə başlasa tərəfləri nə gözləyir.
Buna görə də düşünmürəm ki, yaxın gələcəkdə tərəflər arasında savaş başlaya bilər.
Savaşın başlaması üçün hansısa dünya gücünün proseslərə müdaxilə etməsi, hərbi əməliyyatların
başlanmasında maraqlı olması lazımdır. Hələlik isə bu görünmür. Təbii ki,
Rusiya tərəfindən müəyyən hərəkətlilik göz çarpır. Lakin ümumilikdə demək olmaz
ki, təhlükə böyükdür. Fəqət bununla belə qeyd etmək lazımdır ki, nə qədər ki,
işğal olunmuş ərazilər var, atəşkəs var, istənilən zaman bu atəşkəsin pozulması
ehtimalı mövcuddur”.
Ə.Oruclu Rusiya və Ermənistan
arasında müəyyən gərginliyin mövcud olduğunu təsdiqləsə də, bu gərginliyin Azərbaycanı
Rusiyanın dostuna çevirəcək qədər böyük olmadığnı qeyd etdi. Ekspertin fikrincə,
Rusiyanın Ermənistanı Azərbaycanın əli ilə cəzalandıracağı ilə bağlı səsləndirilən
iddialar cəfəngiyyatdan başqa bir şey deyil:
“Bu, Azərbaycanda həyata
keçirilən rəsmi təbliğatın tərkib hissəsidir. Bizi inandırmağa çalışırlar ki,
bu gün Rusiya-Ermənistan münasibətlərində gərginlik var və bundan istifadə edərək
ən azından torpaqlarımızın bir hissəsini azad edə bilərik. Ermənistandakı
etiraz aksiyaları və Rusiyanın bu aksiyalar qarşısında xeyli dərəcədə güzəştə
getməsi göstərdi ki, Rusiya və Ermənistan arasında münasibətlər o dərəcədə də gərgin
deyil. Rusiya Ermənistan yanında saxlamaq üçün hər şeyə hazırdır. Belə olan təqdirdə
Rusiyanın Azərbaycana yardım edərək onun işğal altındakı torpaqlarının bir hissəsini
belə azad etməkdə yardım göstərəcəyini söyləmək ya xülya, ya da xəstə təxəyyülün
məhsuludur”.
Qarabağda “ildırımsürətrli müharibə”nin mümkünlüyü ilə bağlı deyilənlərə də aydınlıq gətirən Ə.Oruclu, belə bir savaşın reallaşması üçün siyasi zəminin olmadığına diqqət çəkdi. Politoloqun fikrincə, Azərbaycan hətta hərbi baxımdan belə bir əməliyyat üçün hazır olsa belə, iri güclər, o cümlədən Rusiya bu cür sürətli və uğurlu əməliyyatların reallaşmasına imkan verməyəcək:
“Qarabağda ildırımsürətli müharibə ilə bağlı
deyilənlərin hərbi baxımdan nə dərəcədə real olduğunu söyləyə bilmərəm. Bunu hərbi
mütəxəssislər daha yaxşı bilər. Mən yalnız bu məsələnin siyasi tərəfi haqqında
fikir bildirə bilərəm. Siyasi tərəfi ilə bağlı qənaətim isə ondan ibarətdir ki,
Azərbaycanın belə bir əməliyyat aparmasına imkan veriləcəyini düşünmürəm. Hesab
etmirəm ki, kimsə buna imkan verə. Elə ilk növbədə Rusiyanın özü buna imkan
verməz. Rusiya Ermənistanın məğlub olmasında maraqlı deyil və ola da bilməz.
Qoy heç kim özünü və xalqı aldatmasın. Bu, yalandan başqa bir şey deyil”.
Seymur Əliyev