Natiq Miri: “Məqsəd həm də ərazilərin qaytarılması prosesinin qarşısını almaqdır”
Mayın 27-də Kəlbəcər rayonu ərazisində təxribata cəhd edən 6 erməni hərbçisi əsgərlərimiz tərəfindən əsir götürülüb. Qeyd edək ki, son vaxtlar Ermənistanın təxribat xarakterli addımlarının sayı artmaqdadır.
Bununla bağlı Moderator.az-a açıqlama verən politoloq Natiq Miri Ermənistanın bu yolla konkret hədəflərə nail olmaq istədiyini bildirdi:
“Süni şəkildə yaradılan bu ajiotajda bir neçə məqsəd var. Sərhədlərin müəyyənləşməsi Ermənistan hakimiyyəti üçün ağrılı bir prosesdir. Paşinyana müxalif olan qüvvələr, xüsusilə də Qarabağ klanı bundan istifadə etməyə çalışır. Çalışırlar ki, Ermənistan ictimai rəyində “Paşinyanın erməni torpaqlarını növbəti dəfə Azərbaycana satması” düşüncəsini formalaşdırsınlar. Yəni Paşinyanı nüfuzdan salmaq istəyirlər. Artıq sosial sorğuların nəticəsi də Paşinyanın nüfuzunun aşağı düşdüyünü göstərir. Paşinyan isə müxalifətə belə bir mesaj vermək istəyir ki, əgər bu təxribatlar davam edərsə, o zaman sərhəddə hərbi gərginliyin formalaşması reallıq olacaq. Belə olarsa, Ermənistan rəhbərliyi müharibə vəziyyəti elan edə bilər. Bu isə seçkilərin təxirə düşməsi anlamına gəlir.
Üçüncü məqam isə ondan ibarətdir ki, Paşinyan bu vəziyyətdən istifadə edərək sərhədlərin müəyyənləşməsi prosesinin hərbi müdaxilə fonunda reallaşması görüntüsü yaratmağa, Rusiyanın nüvəsi olduğu KTMT-i, eyni zamanda Ermənistanın havadarları olan ABŞ, Fransa, Hindisan kimi ölkələri prosesə qatmağa çalışır. Məqsəd Azərbaycana ciddi beynəlxalq təzyiqi təmin etmək, ərazilərin Azərbaycana qaytarılması prosesinin qarşısını almaqdır.
Hesab edirəm ki, Azərbaycan bu məsələyə həssas yanaşmaqla yanaşı, həm də lazımi sərtlik və prinsipiallıq sərgiləməlidir. Düşmən anlamalıdır ki, “Dəmir yumruq” yerindədir və hər an onu əzə bilər”.
Seymur ƏLİYEV