Əsgərə məktub yazmışam. Bilmirəm, əsgərinmi əlinə keçəcək, ya zabitin. Mənimçün fərq etməz, təki məktub 5 dəqiqəlik fasilədə onu oxuyanın yorğunluğunu çıxarsın, anlatsın ki, hamının düşüncəsində, ürəyindədir. Bunu anlayandan fərəhlənsin, növbəti qələbələrə çatsın.
“Sabahın
xeyir, ƏSGƏR!
Səsini eşitməsəm də əminəm
ki, sağ və salamatsan, düşmənin başını əzirsən.
Biz də sağ və salamatıq. Hər şey qoyub
getdiyin kimidir. Televizorun qarşısından çəkilmirik. Eşitmək istədiyimiz tək qələbə
xəbərləridir. Şükür olsun bizi yaradana ki, eşitmək istədiyimizi bizə qismət
edir.
Atan
səhhətindən daha şikayətlənmir. Deyir ki, özünü yaxşı hiss edir. Arada gözləri
dolur. O da Sənin kimi oğulun atası olduğu üçün.
Ananın dodaqları yalnız
bir cümlə pıçıldayır: Allah Səni qorusun!
Balaca
bacın da yaxşıdır. Dilindən “qaqaşım” sözü düşmür.
Qardaşın
daha bizi incitmir. Özünü yekə kişi kimi aparır. İdmana yazılıb, deyir ki, Sənin
kimi güclü olub düşmənlə döyüşmək istəyir.
Məktəbdə sinif rəhbərin
Yasəmən müəlliməni xatırlayırsan? O gün yolda rastlaşmışdıq. Səninlə fəxr
etdiyini söylədi. Dedi ki, Sən hələ məktəbdə o biri uşaqlardan həmişə fərqlənirdin.
Dünən qonşunun qızı Lalə
qarşıma çıxmışdı. Məni
görcək yanaqları allandı. Səni dili ilə soruşmağa utandı, gözləri ilə soruşdu.
Biləndə ki, qəhrəmanlıqlar edirsən, üzü işıqlandı. Çöhrəsi deyirdi ki, Səni
gözləyəcək.
Bu arada məhləmizin
uşaqları çığır-bağır salmışdılar. Sən demə, “müharibə” oyunu oynamaq istəyirmişlər,
amma düşmən olmağa heç kim razılaşmayıb, hamı Sən olmaq istəyirmiş. Bu gün qonşular
yenə də Səndən danışırdılar. İndi hamı Səndən danışır. Bilirsən, Səninlə necə
qürur duyuram? Sən Azərbaycanın başını ucaltdın. Sənə canımız-gözümüz qurban.
Bu qədər.
Özündən muğayat ol, özünü
qoru ki, düşmənin başını əzib qələbə ilə qayıdasan. Səni öpürəm,
qucaqlayıb bağrıma basıram.
Səni səbirsizliklə gözləyirəm!”
Arzu Qazıyeva 25 oktyabr