Bu gün Azərbaycanın müstəqilliyinin 28-ci ildönümüdür. Bəs bu müstəqilliyin qorunmasında, onun toxunulmazlığının təmin edilməsində Azərbaycan Silahlı Qüvvələrinin üzərinə hansı vəzifələr düşür? Müstəqilliyimizin qorunmasında ordumuzun rolu nə dərəcədə həlledicidir?
Moderator.az-a açıqlama
verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov
bu məsələdə ordunun önəminin böyük və birmənalı olduğunu vurğuladı:
“Mən öncə müstəqilliyimizin 28-ci ildönümü münasibəti ilə bütün xalqımızı, eləcə də Silahlı Qüvvələrimizi təbrik edirəm. 18 oktyabr bizim üçün tarixi bir gündür. Çünki məhz bu gün xalqımız növbəti dəfə müstəqilliyinə qovuşmaqla öz taleyinin əsl sahibinə çevrildi.
Təbii ki, müstəqilliyimizin
qorunmasında, onun toxunulmazlığının təmin edilməsində ordunun müstəsna rolu
var. Silahlı Qüvvələrimiz müstəqilliyimizin təminatçısı, onun toxunulmazlığının
qarantıdır. Hər bir dövlətin müstəqilliyini onun ordusu, Silahlı Qüvvələri təmin
edir. Bu baxımdan ordu nə qədər güclü, nə qədər qüdrətlidirsə, həmin dövlətin
müstəqilliyi də bir o qədər güclü və dayanaqlı olur.
Sevindiricidir ki, son 28
ildə Azərbaycan ordusunun möhkəmlənməsi, onun döyüş qabiliyyətinin artırılması,
müasir hərbi texnika və peşəkar kadrlarla təmin edilməsi istiqamətində çox
böyük addımlar atılıb. Silahlı Qüvvələrimizin müstəqilliyimizin qorunmasındakı
rolunu əsas götürərək deyə bilərik ki, ordumuzun möhkəmləndirilməsinə yönəlik
bu addımlar, həm də ölkəmizin müstəqilliyinin gücləndirilməsinə xidmət edib. Bu
məsələdə həm ümummilli lider Heydər Əliyevin, həm də prezident İlham Əliyevin
müstəsna xidmətləri danılmazdır. Bu gün də Ali Baş Komandanın rəhbərliyi
altında Silahlı Qüvvələrimizin gücləndirilməsi prosesi uğurla davam etdirilir.
Azərbaycanın ərazi
bütövlüyünə qəsd olunub. Bu gün torpaqlarımızın bir hissəsi erməni işğalı
altındadır. Erməni istilasının aradan qaldırılması, işğal altındakı
torpaqlarımızın azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi vəzifəsi
də məhz ordumuzun üzərinə düşür. Bu gün xalqımızın bütün ümidləri məhz Azərbaycan
Silahlı Qüvvələrinə, Azərbaycan əsgərinədir. Bunun özü xalqımızın həyatında,
onun müstəqilliyinin təminatındakı əlahiddə rolundan xəbər verir. Tarix sübut edir ki, ordunun gücünə və xalqın
sevgisinə söykənməyən müstəqilliyin ömrü heç vaxt uzun olmayıb, ola da bilməz.
Qürurvericidir ki, bu gün Azərbaycan müstəqilliyinin keşiyində sözün həqiqi mənasında
möhtəşəm Silahlı Qüvvələrimiz və böyük xalq sevgisi dayanır.
Əminəm ki, işğal edilmiş
torpaqlaırmızın azad edilməsi ilə bağlı diplomatik danışıqlar nəticə verməzsə,
o zaman Silahlı Qüvvələrimiz qısa zamanda işğal altındakı torpaqlarımızı azad
etməklə ölkəmizin ərazi bütövlüyünü təmin edəcək, müstəqil Azərbaycanın üçrəngli
bayrağının Qarabağda, Şuşada dalğalanmasına nail olacaq”.
Seymur ƏLİYEV