Hər bir xalqın dövlətçilik tarixinin təbliğində bədii-sənədli filmlərin mühüm rol oynadığı inkaredilməzdir. Bəs ölkəmizdə necə, dövlətçilik tariximizi, xalqımızın müstəqillik və suverenlik uğrunda apardığı mübarizələri əks etdirən filmlərin çəkilməsinə ehtiyac varmı?
Moderator.az-a açıqlama verən millət vəkili Musa Qasımlı bu sahədə atılması gərəkən addımlara diqqət çəkdi:
“Ölkəmizdə müstəqillik illərində film sənayesi sahəsində müəyyən ilər görülüb. Bəzi bədii, sənədli filmlər də çəkilib. Amma hesab edirəm ki, Azərbaycanın 1991-ci ildən bəri keçdiyi yolu əks etdirən bədii bir film yaradılsaydı, yaxşı olardı. Yeni gələn nəsil həmin illərdə baş verən hadisələri, keçilən yolu bu film vasitəsi ilə öyrənərdi. Çünki bu tarixi onların heç də hamısı sənədlərdən oxuya bilmir. Lakin hamının filmə baxmaq, film vasitəsi ilə məlumatlanmaq imkanı var.
Ikincisi, bizim dövlət xadimlərimiz haqqında sənədli və ya bədii filmlərin çəkilməsinin də zamanı gəlib çatıb. Çünki həmin dövlət xadimləri özlərinin fəaliyyəti ilə Azərbaycan dövlətçiliyini təcəssüm etdirirlər. Onların fəaliyyətinə ekran həyatının verilməsi faydalı olardı”.
Seymur ƏLİYEV