“Uşaqlarının adını Gülyazla Gülyanaq qoyub zəng etdilər ki, cehizlərini göndərin” - Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş-ÖZƏL
444
12:37, Bu gün

“Uşaqlarının adını Gülyazla Gülyanaq qoyub zəng etdilər ki, cehizlərini göndərin” - Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş-ÖZƏL

“Hər bir insan üçün ən gözəl gün onun doğulduğu gündür. Hamı səni təbrik edir, xoş sözlər söyləyir, diqqət ayırır. Həmin gün bambaşqa bir gün olur. Əvvəl düşünürəm ki, doğum günümdə belə edəcəm, filan şey edəcəm. Ad günüm çatana yaxın deyirəm ki, heç kimə heç nə deməyəcəm, sakit çəkiləcəm kənara, qeyd edəcəm. Amma görürsən ki, səni yenə də tək buraxmırlar. Budəfəki doğum günümü Aytəkin Mərdanovanın “Qonaqcanlı” verilişində qeyd etdim. Mənim və Gülyanağın tələbələri gəlib məni təbrik etdilər. Ailəmiz-başda Gülyanaq olmaqla balaları, oğlum, qardaşım oğlu gəlib duet şəkilində məni təbrik etdilər”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Gülyaz Məmmədova deyib.
O daha sonra əlavə edib:
 
“Efirdə qonaq olan İlahə, Kamilə, Sərxan və Gülyaz kimi gənc tələbələrimiz mənə böyük zövq yaşatdılar. Mən heç bilmirdim ki, tələbəm Gülyazın adını mənə görə qoyublar. Anası efirə gəldi və açıqladı. Bu mənə həqiqətən də sürpriz oldu. Kəndimizdə bizim şərəfimizə qızlarının adını Gülyaz və Gülyanaq qoyanlar da olub. Təzəlikcə yenə də qoyublar. Deməli uşaqlar təzə doğulublar. Valideynləri zəng ediblər ki, tez olun Gülyazla Gülyanağın cehizini göndərin. Dedim ay qurban olum, hələ onlar böyüsünlər, əmələ gəlsinlər, toylarında cehizlərini alarıq da. Belə bir zarafat da yaşamışıq. Şamaxıda da, Rusiyada bizim adımızı qoyublar. Bir tələbəm də mənim adımı övladına verib. Məni təbrik edən hər kəsə öz təşəkkürümü bildirirəm. Mədəniyyət Nazirimiz, hörmətli Adil Kərimli, millət vəkilimiz, bizim əzizimiz Cavanşir Feyziyev məni təbrik etdi, ürəkdolu sözlər dedilər. Xalq artistlərimiz, sənət yoldaşlarım, həkim rəfiqələrim, əzizlərim, doğmalarım, qohumlarım, bütün televiziya və mətbuat nümayəndələri məni təbrik etdilər. Hər kəsə öz təşəkkürümü bildirirəm. Tək-tək adlarını çəksəm bura yerləşməz. Çox xoşbəxtəm ki, Zakir Məmmədovun ailəsində doğulmuşam, anam Şəhrəbanu olub”.
Sənətkar arzularından da danışıb:
 
“Ən böyük arzum əzizlərimin, doğmalarımın canının sağlam olmasıdır. Bir də əlbəttə ki, övladımın toyunu görmək ən böyük arzum və istəyimdir. Bu artıq arzudan da çıxıb (gülür). Sənətimlə bağlı arzularım da var. Hələ nə etmişəm ki? Hər şey qarşıdadır, oxunmayan nəğmələr, etmədiyim layihələrim var. Təki can sağlığı olsun”.
Gülyaz Məmmədova bildirib ki, atası qonşuya görə adını dəyişib:
 
“Atam adımı ilk olaraq Yazgül qoyub. Sonra qonşu narazı edib ki, mənim də qızımın adı Yazgüldür. Atam deyib ki, nə olar ki? Yenə də qonşu narazılıq edib. Atam deyib ki, “Yazgül olmasın, Gülyaz olsun”. Gülyanağın da adını Elnaz qoymaq istəsələr də mənim adıma yaraşdırıb qoyublar”, - deyə sənətkar bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər