Azərbaycan “enerji dövləti”ndən “çoxşaxəli iqtisadi tərəfdaş” modelinə keçmək əzmindədir
369
17:15, Bu gün

Azərbaycan “enerji dövləti”ndən “çoxşaxəli iqtisadi tərəfdaş” modelinə keçmək əzmindədir

 
2026-cı il aprelin 27-də İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrey Babiş arasında keçirilən görüş, səsləndirilən bəyanatlar Azərbaycanın Avropa ilə münasibətlərində yeni mərhələnin ideoloji və praktiki manifestidir.
 
Prezidentin vurğuladığı “çox fəal siyasi dialoq” ifadəsi, əslində, Azərbaycanın xarici siyasətində müşahidə olunan yeni keyfiyyət dəyişməsinin göstəricisidir. Burada məsələ görüşlərin sayından daha çox, onların məzmununun dərinləşməsidir.
Öncələr enerji üzərindən qurulan münasibətlər indi daha geniş siyasi koordinasiya platformuna çevrilir. 
 
Bu isə o deməkdir ki, Azərbaycan artıq resurs göndərən aktor olmaqla yanaşı, qərarların formalaşmasında iştirak edən subyektə çevrilir.
 
Ölkələrimiz arasında ticarət dövriyyəsinin 800 milyon dolları keçməsi önəmli göstəricidir; lakin Prezidentin haqlı olaraq vurğuladığı kimi, bu dövriyyənin əsasını hələ də neft təşkil edir. 
 
Bax, bu məqamda diqqətçəkən nüans odur ki, Azərbaycan artıq “enerji dövləti” imicindən “çoxşaxəli iqtisadi tərəfdaş” modelinə keçid etmək əzmindədir. Bu isə ticarətin strukturunun balanslaşdırılması və yatırım əsaslı işbirliyinin genişləndirilməsi istiqamətlərində özünü göstərir.
 
Belə bir transformasiya, əslində, Azərbaycanın neftsonrası strategiyasının Avropa müstəvisində konkret təzahürüdür.
Enerji diplomatiyası – bəli, – bu, geosiyasi kapital kimi çıxış edir.
 
Azərbaycan qazının 16 ölkəyə, o cümlədən 10 Avropa Birliyi üzvünə göndərilməsi artıq statistik göstəricidən üstün – geosiyasi kapital kimi qəbul görür.  
 
Bu kontekstdə Çexiya ilə işbirliyi xüsusi önəm daşıyır. Çünki Çexiya özü istehlakçı olmaqla yanaşı, həm də Avropanın enerji təhlükəsizliyi zəncirində strateji həlqələrdən biridir. Azərbaycanın bu zəncirdə möhkəmlənməsi isə onun Avropa ilə münasibətlərində güvəni daha da gücləndirir.
 
Burada maraqlı məqam ondan ibarətdir ki, biz artıq enerji göndərişini “sadə ticarət əməliyyatı” olmaqdan çıxarıb, “uzunmüddətli tərəfdaşlıq platformu” kimi təqdim edirik. Bu yanaşma isə enerji diplomatiyasını siyasi və iqtisadi inteqrasiyanın alətinə çevirir.
 
İşbirliyimizin müdafiə sənayesi yönündə genişlənməsi isə münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir.  
 
Bu sahədə iki əsas xətt – birgə istehsala keçid, texnologiya transferi və təcrübə mübadiləsi – diqqət çəkir.
Azərbaycanın yerli müdafiə sənayesini gücləndirmək strategiyası fonunda Çexiya kimi texnoloji təcrübəyə malik ölkə ilə işbirliyi, faktiki olaraq milli təhlükəsizlik konsepsiyasının iqtisadi dayaqlarını möhkəmləndirir.
 
Ona görə, Bakı–Praqa xəttini yeni Avropa oxu kimi qəbul edənlər haqlıdır. 
 
Bu səfərin ən önəmli nəticəsi ondan ibarətdir ki, Azərbaycan–Çexiya münasibətləri artıq ikitərəfli çərçivəni aşaraq daha geniş Avropa kontekstində formalaşır.
 
Bu münasibətlərdə ən azı üç əsas xətt aydın görünür:
1. Enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlıq;
2. İqtisadi diversifikasiya və yatırım işbirliyi;
3. Müdafiə və texnoloji inteqrasiya.
 
Bu isə o deməkdir ki, Bakı–Praqa xətti gələcəkdə Azərbaycan–Avropa münasibətlərində yeni “yumşaq ox”a çevrilə bilər.
 
Beləliklə, Azərbaycan diplomatiyası artıq yeni dildə danışır. – Qəbələ görüşü bunu göstərmiş oldu. Yəni – 
 
təkcə resurs dili ilə yox, strateji tərəfdaşlıq dili ilə; 
təkcə satış modeli ilə yox, birgə istehsal modeli ilə;
təkcə regional aktor kimi yox, qlobal oyunçu kimi danışırıq.
Əgər bu dinamika davamlı xarakter alsa, Azərbaycan–Çexiya münasibətləri iki ölkə arasında əməkdaşlıq örnəyi olmaqdan savayı, Azərbaycanın Avropa ilə münasibətlərində yeni mərhələnin konseptual modeli kimi də fərqlənə bilər.
 
Bu isə artıq formalaşmış strateji mədəniyyət kimi qəbul ediləcəkdir.
 
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
 
Əkbər QOŞALI
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər