Bizi sosial şəbəkələrdən izləyin:
“İyunun 9-da 80 yaşım tamam olur. Beynəlxalq Muğam mərkəzində qeyd olunacaq. Soruşanda zarafatca deyirəm ki, Trampla bir gündə doğulmuşam. Əslində o iyunun 14-də, mən 9-da doğulmuşam. Amma ikimizin də 80 yaşı tamam olur. Ötən illərə baxanda həyatım bir kino lenti kimi gözümün önündən gəlib keçir. Çox çətinliklər çəkmişəm. Bu günümə görə Allaha şükür edirəm”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, ustad tarzən Vamiq Məmmədəliyev deyib.
O daha sonra əlavə edib:
“Bu gün bəzi gənclər tarı düzgün şəkildə ifa etmirlər. Mən bəzən tənqid edirəm, özlərinə də deyirəm. Yəqin onlar da düşünürlər ki, Vamiq müəllim köhnə fikirlidir. Xeyr, mən çox müasirəm. Tarın 22 pərdəsi var, Sadıqcandan da, Üzeyir bəydən də belə görmüşük. Onlar tara lazımsız pərdələr əlavələr ediblər. Soruşanda da deyirlər ki, xanəndələr belə istəyir. Atırlar xanəndələrin üstünə. Bu rahat yoldur. Bizdə 5 muğam pərdəsi var, onlar da istifadə olunur. Vəssəlam! Bu mənə çatmır. O səslər bizim musiqiyə yaddır. Azərbaycan musiqisini laxladır. Bizdə 22 pərdədən əlavə pərdəyə ehtiyac yoxdur. Siz tardan danışdınız, amma görün qavalı nə günə qoyublar?! Xanəndə əlində qaval tutur, elə bil ki, əşyadır, atributdur. Qaval muğam üçlüyünə aid olub və onu ifa edən qavalçı olub. Sonradan qavalı xanəndələr ifa etdilər. Qaval ifa edən xanəndələr çox azdır. Bu gün muğam üçlüyündə nağara alətini də görürəm. Bu məni çox təəccübləndirir”.
80 yaşlı Vamiq Məmmədəliyev paytaxtdan kənarda yaşadığını bildirib:
“Uzun illərdir Kürdəxanı kəndində yaşayıram. Mən kəndi xoşlayıram. Prezident mənə ev də verib. Övladlarım şəhərdə yaşayır. Şəhər mühitini xoşlamıram. Kənd yaxşıdır. Rəhmətlik qardaşım Vasim Məmmədəliyev də kəndi xoşlayırdı. Deyirdi ki, kənddə başım yaxşı işləyir”, - deyə o bildirib.