Qardaşını 2 yaşlı körpəsinin gözü qarşısında qətlə yetirən Amin Nurinin cinayət işinin bəzi detalları məlum olub.
Moderator.az "Unikal"a istinadla xəbər verir ki, hadisə ötən ilin iyulunda paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, aparılan istintaqla müəyyən edilib ki, Amin Nuri onunla eyni həyətdə yaşayan qardaşı Aslan Nuriyevlə münasibətləri pis olub. Buna səbəb qardaşının tüfeyli həyat keçirməsi və narkotik vasitədən istifadə etməsi olub. Ona görə də Amin eyni həyətdən istifadə etməmək üçün qardaşına yaşadığı mənzilə küçədən qapı qoymasını təklif etsə də, qardaşı dəfələrlə buna etiraz edib. İyulun 2-si günorta saatlarında iki qardaş arasında mübahisə yaranır. Qardaşı Amini və onun ailə üzvlərini öldürəcəyini və "görəcəksən, geci-tezi var" deyərək hədələyir. Amin bundan sonra qorxuya düşür və iyulun 3-ü saat 10 radələrində bir daha qardaşı Aslanla bu məsələni danışıb yoluna qoymaq qərarına gəlir.
İttiham aktında göstərilib ki, Amin evin mətbəxindən bıçağı götürüb Aslan Nuriyevin yaşadığı mənzilə daxil olub. O, çarpayıda narkotik vasitənin təsiri altında qarnı üstə yatmış veziyyətdə olan qardaşı Aslanı səsləyərək oyatmağa çalışıb.
Lakin Amin qardaşının saymamazlıqdan ona cavab vermədiyini düşünərək hirslənib. Bu məqamda Amin qardaşının yanında olan 2 yaşlı qızının gözləri qarşısında onun boyun, döş qəfəsi və qarın nahiyələrindən ümumilikdə 32 bıçaq zərbələri endirib və nəticədə qətlə yetirib.
Bununla da Amin Nuriyə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham irəli sürülüb.