Bizi sosial şəbəkələrdən izləyin:
““Qaçaq Nəbi” filmini xalq artisti Həsən Turabovla birlikdə 1985-ci ildə lentə almışıq. Mənə maneələr var idi deyə Həsən müəllim kömək etdi. Allah o kişiyə rəhmət etsin. Məni sanki öz qanadının altına aldı. Filmin sujet xəttində Qaçaq Nəbi və onun dəstəsinin göstərdiyi igidliklərdən söhbət açılır. Amma filmdə Qaçaq Nəbinin övladları haqda heç bir məlumat yoxdur. Biz orada bir səhnə ilə bu fikri ifadə edib, Həcərin övladı olmağına işarə vermişdik. O vaxt çünki xalq qəhrəmanlarının ailə üzvləri gizlin saxlanılırdı. Bu filmin çəkilişlərində mənə maneçilik törədənlər çox olub. Filmi bəzi səhnələrinin çıxarılması müqabilində çox çətinliklə senzuradan keçirə bildik. Siz bir bilsəniz ki, mən “Qaçaq Nəbi” filmini təhvil verəndə Moskvada hansı əziyyətlər, zülmlər çəkmişəm. Bunu bir özüm, bir də Allah bilir”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov deyib.
O daha sonra əlavə edib:
“O vaxtı filmlərimizi xüsusi nəzarətlə çəkirdik. Dəyərlərimiz, tariximiz, həmişə nəzarət altında idi. Moskva razılıq verməsə həmin film lentdən silinirdi. İstəmirdik ki, bu film də onların aqibətini yaşasın. “Qaçaq Nəbi” filmini çəkib təhvil verəndə bizə şərt qoydular ki, bir neçə epizod çıxarılsın. Əlbəttə ki, bunu həm mən, həm də Həsən müəllim çox pis qarşıladıq. 3 epizodun çıxarılması hesabına “Qaçaq Nəbi” filmini qoruyub saxlaya bildim. Filmdə Stepan adlı yüzbaşı erməni rolu var idi. Onu çıxartmağımı istədilər. Mən bu filmi Qaçaq Nəbinin uşaqlıq obrazı ilə başlamışdım. Nəbi qoyun sürüsü otarır, canavar sürüyə hücum edir və uşaq olan Nəbi sürünü canavarın əlindən xilas edir. Özü də təkbaşına. Mən burada göstərmək istəmişdim ki, Nəbi necə qəhrəman və dəliqanlıdır. Bu epizod da ermənilərin xoşuna gəlməmişdi. Onu çıxartdırdılar. Sonuncu şərtləri isə filmin adı ilə bağlı idi. Ona görə də filmin adını dəyişib “Atları yəhərləyin”, yaxud “Qanlı zəmi” qoyduq”.

Əbdül Mahmudbəyov bildirib ki, qızının adını Həcər qoyub:
“Mən çəkilişlərə başlayandandan bir neçə ay sonra övladım dünyaya gələcəkdi. 3 aylıq çəkilişlərə görə səfərə çıxdım. Evdə xanımıma, ağsaqqallarıma tapşırdım ki, oğlum olsa adını Qaçaq Nəbi, qızım olsa Həcər qoyarsız. Elə oldu ki, Allah qız qismət etdi və adı da Həcər oldu. Bu film nəinki mənim yaradıcılığıma, şəxsi həyatıma da təsir etdi”, - deyə sənətkar bildirib.