BTQ Qvadelupda baş verən hadisə ilə bağlı arayış təqdim etdi - FOTO
460
14:37, Bu gün

BTQ Qvadelupda baş verən hadisə ilə bağlı arayış təqdim etdi - FOTO

2026-cı il aprelin 12-də Qvadelupun Le Mul (Le Moule) şəhərində Fransa hüquq-mühafizə orqanlarının iştirakı ilə baş vermiş insident nəticəsində bir nəfər həyatını itirib. İlkin məlumatlara əsasən, hadisə zamanı şübhəli şəxsə qarşı əvvəlcə öldürücü gücü olmayan elektroşok cihazından istifadə olunub, lakin daha sonra fransız jandarma əməkdaşlarından biri tərəfindən odlu silahdan atəş açılıb. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən həyatını itirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb.
 
Bildirilib ki, bununla yanaşı, hadisə ilə bağlı prokurorluq nümayəndələri əraziyə cəlb olunub, ilkin istintaq tədbirləri həyata keçirilib və araşdırma Puant-a-Pitr (Pointe-à-Pitre) şəhərinin istintaq bölməsinə həvalə edilib. Eyni zamanda, silahdan istifadə edən jandarma əməkdaşı saxlanılaraq istintaqa cəlb olunub. Hadisədən sonra ərazidə vəziyyətin gərginləşdiyi, yerli əhali ilə polis arasında qarşıdurma hallarının baş verdiyi bildirilir.
 
Digər tərəfdən, Qvadelupda "Jandarma Zorakılığına Qarşı Birlik" təşkilatı (Kolektif Gwadloup Kont Vyolans a Jandam) tərəfindən yayılan bəyanatda hadisə sərt şəkildə tənqid olunub. Bəyanatda Liber Argelye adlı şəxsin hərbi polis tərəfindən əsassız şəkildə açılan atəş nəticəsində həyatını itirdiyi vurğulanıb və bu hadisə "dövlət zorakılığının növbəti nümunəsi" kimi qiymətləndirilib.
 
Təşkilat hadisəni əvvəlki oxşar ölüm halları ilə əlaqələndirərək bunun sistematik xarakter daşıdığını iddia edib, eyni zamanda, hüquq-mühafizə orqanlarının vəzifələrindən sui-istifadə etdiyini bildirib. Həmçinin hadisənin tam şəkildə araşdırılması, atəşin hansı səbəbdən açıldığının və bunun qanuni olub-olmamasının aydınlaşdırılması tələb olunub.
 
Nəticə etibarilə, bəyanatda, həmçinin ədalətin təmin olunması, təqsirli hesab edilən şəxslərin məsuliyyətə cəlb edilməsi və bu kimi halların qarşısının alınması məqsədilə ictimai fəallığa çağırış yer alıb. Təşkilat mərhumun ailəsinə başsağlığı verib və hadisənin Qvadelup cəmiyyətində ciddi narahatlıq doğurduğunu qeyd edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər