Bizi sosial şəbəkələrdən izləyin:
Aprelin 14-də “Böyük Qayıdış” Proqramı çərçivəsində növbəti köç reallaşıb.
Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az-a verilən məlumata görə, bu gün Ağdərə rayonunun Aşağı Oratağ kəndinə 56 nəfərdən ibarət 9 ailə köçürülüb.
Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər, onlara yaradılan müasir yaşayış şəraitinə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, işğaldan azad edilmiş digər ərazilər kimi Ağdərədə də genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir. Fərdi yaşayış evləri əsaslı şəkildə bərpa olunur, yeni sosial obyektlər inşa edilir, təhsil və səhiyyə müəssisələri yenidən qurulur, kəndlərdə müasir kommunal infrastruktur yaradılır. Sosial infrastrukturun tam yenilənməsi sakinlərin rahat, təhlükəsiz və layiqli yaşayışının təmin olunmasına xidmət edir. Eyni zamanda, doğma torpaqlarına qayıdan vətəndaşların məşğulluq məsələləri də daim diqqət mərkəzində saxlanılır, ehtiyacı olan ailələrin dövlət və özəl sektor üzrə işlə təminatı istiqamətində müvafiq tədbirlər görülür.