İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
646
14:27, Bu gün

İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.
 
Moderator.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
 
Prezident İlham Əliyev səfirlə söhbət edib.
 
Dövlətimizin başçısı Azərbaycanla Kolumbiyanın coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, ikitərəfli münasibətlərin yaxşı səviyyədə qurulduğunu deyib və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyin əhəmiyyətinə toxunub.
 
Prezident İlham Əliyev siyasi əlaqələrimizə əsaslanaraq iqtisadi, investisiyalar, turizm və digər sahələrdə münasibətləri dərinləşdirməyin önəmini vurğulayıb.
 
Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb.
 
Ölkəmizdə Kolumbiyanın ilk qadın səfiri olmasından şərəf hissi duyduğunu deyən Nelsi Rakel Munar Xaramiyo siyasi dialoqu və əlaqələrimizi möhkəmləndirmək, həmçinin əməkdaşlıq üçün yeni imkanların aşkarlanması istiqamətində səylə çalışacağını bildirib.
 
Səfir Kolumbiya tərəfindən Azərbaycanda ispan dilinin təşviqi məqsədilə bu dilin tədrisi üzrə kursların təşkil olunduğunu, azərbaycanlı tələbələrin və mütəxəssislərin bu proqramda fəal şəkildə iştirak etdiyini məmnunluqla vurğulayıb.
 
Söhbət zamanı ötən il Azərbaycanla Kolumbiya arasında "ASAN xidmət" modelinin bu ölkədə tətbiqi ilə bağlı anlaşma memorandumunun imzalandığı xatırlanıb.
 
Görüşdə Azərbaycan ilə Kolumbiya arasında kənd təsərrüfatı, ərazilərin minalardan təmizlənməsi, təhsil, mədəniyyət və digər sahələrdə münasibətləri genişləndirməklə bağlı fikir mübadiləsi aparılıb.
 
Azərbaycanla Kolumbiyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxunulub, bu xüsusda hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda bir-birini dəstəklədiyi məmnunluqla vurğulanıb.
 
Söhbət zamanı parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, qarşılıqlı təmasların, həmçinin səfərlərin sayının artırılması və maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
 
12:32
 
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də Kolumbiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər