“Biz -türkdilli ölkələr hansısa rəqəmsal sivilizasiyaya inteqrasiya olunacağıq, yoxsa öz modelimizi quracağıq?..-TƏHLİL
Elm və Təhsil
741
15 Apr 2026 | 20:20

“Biz -türkdilli ölkələr hansısa rəqəmsal sivilizasiyaya inteqrasiya olunacağıq, yoxsa öz modelimizi quracağıq?..-TƏHLİL

SİVİLİZASİYALARIN   QARŞIDURMASI  RƏQƏMSALLAŞIR...”
 
“Müasir dünyada əsas  münaqişə  xətti Qərb yoxsa Çin deyil, İslam yoxsa,  Qərb də deyil.   Əsas qarşıdurma  “Açıq sistemlər”,  yoxsa  “Nəzarətli sistemlər”, daha dəqiq ifadə etsək, “İnsanı  azad edən alqoritmlər”  yoxsa “İnsanı idarə edən alqoritmlər” kimidir...”
 
“Məqsəd  türk dillərinin rəqəmsal mühitdə dominantlığını təmin etməkdir...  Əsas hədəf dilin  suverenliyini qorumaqdır. Vahid türk dili kimi  azərbaycan dilinin istifadəsi daha uyğun olardı...”
 
“Türk dünyasının gələcəyi isə bu qərardan asılıdır:  “Biz texnologiyanı istifadə edən olacağıq, yoxsa onu  yaradan?”...”
Moderator.az yalnız Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun “Türkdilli ölkələrin rəqəmsal inteqrasiyası zəruridir” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:  
 
33 il öncə ABŞ-da yazılmış “Sivilizasiyaların toqquşması” əsəri  bu gün ən çox müzakirə olunan və eyni zamanda ən çox tənqid edilən konsepsiyalardan biridir.  Əsərin  müəllifi amerikalı siyasi alim Samuel P. Hantinqtondır(Huntington).  Hantingtonun tezisinə görə, soyuq müharibədən sonra dünyada əsas qarşıdurmalar artıq ideoloji və ya iqtisadi deyil, mədəni-sivilizasion xarakter daşıyacaq.  O belə hesab edirdi ki,  dünya bir neçə böyük sivilizasiyaya bölünür:  Qərb, İslam, Çin, Hindu, Pravoslav, Yapon, Latın Amerikası,  Afrika. Bu sivilizasiyalar arasında fərqlər din, tarix, dəyərlər sistemi kimi  fundamental elementlər üzərində qurulduğu üçün asanlıqla aradan qalxmır.  Müəllif ehtimal edir ki, gələcək münaqişələrin əsas xətti “sivilizasiya sərhədləri” olacaq.  Bu gün dünyada baş verən münaqişələr  bu ehtimalın müəyyən qədər real olduğunu sübut edir...   
 
Dünyada gedən rəqəmsal transformasiya prosesləri göstərir ki, artıq rəqəmsal sivilizasiyalar yaradır və  sivilizasiyaların toqquşması  rəqəmsal müstəvidə, platformalar səviyyəsində  gedir. 
 
 RƏQƏMSAL  SIVILIZASIYALAR...
 
“Rəqəmsal sivilizasiya” nədir?  Rəqəmsal sivilizasiya — müəyyən bir cəmiyyətin və ya blokun məlumat istehsalı və emalı modeli, texnoloji platformaları, alqoritmik idarəetmə mexanizmləri, rəqəmsal dəyərlər sistemi üzərində qurulan yeni sivilizasiya formasıdır.  Bu, Samuel P. Hantinqtonun təsvir etdiyi din və mədəniyyət əsaslı bölünmənin texnologiya əsaslı transformasiyasıdır...
 
Müasir rəqəmsal sivilizasiya 3 blokdan  ibarətdir: 
a. Qərb (platforma kapitalizmi)  sivilizasiya  modeli: 
 
Bunun mərkəzi  ABŞ-dır. Bu sivilizasiyanın simvollari “Google”, “Apple”, “Microsoft”dur. Sivilizasiyanın  xüsusiyyətləri  olaraq açıq  İnternet ideologiyası (formal), özəl sektor dominantlığı, data dəyəri (data  kapitaldır), süni intellekt sahəsində  sürətli innovasiya prosesləri qeyd etmək olar. Bu modeldə insan “istifadəçi və istehlakçı” kimi mərkəzdədir...
 
b. Çin ( rəqəmsal dövlət) sivilizasiya modeli:  
 
Bu sivilizasiyanın simvolları “Huawei”, “Alibaba Group”, “Tencent”dir.  Bu sivilizasiyanın xüsusiyyətləri  olaraq dövlət nəzarətli platformalar, sosial kredit sistemi, data idarəetmə aləti,  süni intellekt dövlət strategiyasının özəyidir. Bu modeldə insan “rəqəmsal vətəndaş və idarə olunan subyekt” kimi çıxış edir...
 
c. Avropa (normativ-rəqəmsal) sivilizasiya  modeli: 
 
Bu sivilizasiyanın simvollari  “GDPR” və etik süni intellekt çərçivələridir.  Bu sivilizasiyanın xüsusiyyətləri  məxfilik və hüquqların  prioritetliyi, texnologiyanın etik tənzimlənməsi, datanın hüquqi resurs olmasıdır.   Bu modeldə insan “rəqəmsal hüquq subyekti”  kimi qorunur…
 
Sivilizasiyaların  yeni “toqquşma xətləri” 
 
Hantinqtonun   toqquşma xətləri  anlayışı bu gün  belə transformasiya olunur:
 
a. Data suverenliyi (kim məlumatı idarə edir, kim  milli data sərhədləri formalaşır).  
 
b. Süni intellekt hegemonluğu  (kim SI modellərinə sahibdir, dil modelləri  artıq  ideoloji təsir alətinə çevrilir).  
 
c. Platforma müharibələri  (“App” ekosistemləri, rəqəmsal bazarların bölüşdürülməsi). 
 
d. Kiber-təhlükəsizlik (dövlətlərarası münaqişələr “görünməz müharibə” şəklindədir). 
 
Əsas transformasiya  mədəniyyətin kodlaşdırılmasındadır.  Klassik sivilizasiyada din,  dil, ənənə, ideologiya   rəqəmsal sivilizasiyada müvafiq olaraq  alqoritm, proqramlaşdırma dili,  platforma qaydaları, data modellərə  transformasiya edilir... 
 
Klassik sivilizasiya   Rəqəmsal sivilizasiya
 
Din                          Alqoritm
Dil                          Proqramlaşdırma dili
Ənənə                   Platforma qaydaları
İdeologiya             Data modeli
 
Artıq insanın dünyagörüşünü  məktəb yox, platforma alqoritmləri formalaşdırır. 
 
Yeni güc anlayışı yaranır.  Əgər əvvəl torpaq, ordu, neft  əsas güc idisə, indi  data, hesablama gücü (compute), alqoritmik üstünlük  əsas geo-siyasi kapitaldır.
 
Azərbaycan və Türk dünyası üçün bəzi nəticələr:  
Bu modeldə ən əsas məsələ budur ki,  biz  hansısa  rəqəmsal sivilizasiyaya inteqrasiya olunacağıq, yoxsa öz modelimizi quracağıq?.. 
 
Burada  müəyyən risklər var:  texnoloji asılılıq, data kolonializmi (data əsarəti), dil və mədəniyyətin alqoritmik silinməsi. Eyni zamanda yeni imkanlar da yaranır:  türk dünyası üçün vahid rəqəmsal platforma, lokal SI modelləri, təhsildə rəqəmsal suverenlik   imkanları yaranır.
 
Dünyada artıq  sivilizasiyaların rəqabəti yox, platformaların rəqabəti başlayır. Hantinqtonun məhşur tezisi  bu gün belə səslənir: artıq  sivilizasiyalar toqquşmur, platformalar rəqabət aparır,  alqoritmlər insan şüurunu formalaşdırır... 
 
Beləliklə,  müasir dünyada əsas  münaqişə  xətti  Qərb yoxsa Çin deyil, İslam yoxsa,  Qərb də deyil.   Əsas qarşıdurma  “Açıq sistemlər”,  yoxsa  “Nəzarətli sistemlər”, daha dəqiq ifadə etsək, “İnsanı  azad edən alqoritmlər”  yoxsa “İnsanı idarə edən alqoritmlər” kimidir. 
Bu gün sivilizasiyaların rəqabəti  artıq yeni mərhələyə- rəqəmsal sivilizasiyaların rəqabətinə  keçib. Bu yeni dünyada qalib olan daha çox ərazisi olanlar yox, daha çox ağıla, biliyə, düşüncəyə sahib olanlardır.  
 
TÜRK  DÜNYASININ  RƏQƏMSAL SİVİLİZASİYA MODELİ 
Türk dünyası üçün texnoloji suverenlik,  mədəni davamlılıq,  iqtisadi inteqrasiya triadası üzərində  rəqəmsal  sivilizasiya modeli  qurulması  aktuallaşır. Bu, Samuel P. Hantinqtonun təsvir etdiyi sivilizasiya çərçivəsinin platforma və alqoritm əsaslı yeni mərhələsidir.
 
I.  Missiya və fəlsəfi baza
 
Missiya.  İdeyanın missiyası  Türk dünyasında vahid rəqəmsal informasiya məkanı  qurmaqdır. Yəni, missiya türk dünyasında vahid,  ortaq data ekosistemi, ortaq təhsil və bilik platforması, ortaq texnoloji istehsal infrastruktur  yaratmaqdır. 
 
Fəlsəfə. Ideyanın  fəlsəfəsi  “Dildə bir, düşüncədə bir, əməldə bir”   konsepsiyası  əsasında  “Dil + Data + Düşüncə = Rəqəmsal sivilizasiya” modeli qurmaqdır.  Bu modeldə dil  identiklik, data  güc, alqoritm  idarəetmə mexanizmidir...  
 
II.  Modelin  struktur arxitekturası (5 pilləli model)
 
1.  Dil və semantika  pilləsi.   Məqsəd  türk dillərinin rəqəmsal mühitdə dominantlığını təmin etməkdir. Alət olaraq ortaq NLP modelləri (Türk LLM), terminoloji standartlaşma,  avtomatik tərcümə sistemləri istifadə edilə bilər.  Burada müəyyən risk də var, belə ki, dilin alqoritmik assimilyasiyası  yarana bilər.  Əsas hədəf dilin  suverenliyini qorumaqdır. Vahid türk dili kimi  azərbaycan dilinin istifadəsi daha uyğun olardı... 
 
2. Data və bulud infrastrukturu  pilləsi.   Məqsəd  datanın xarici platformalardan asılılığını azaltmaqdır. Bu məqsədlə regional data mərkəzləri, milli bulud sistemləri, ortaq “Türk data şəbəkəsi”  yaradılmalıdır. Əsas  prinsip budur ki, bu  data ölkəni tərk etmədən dəyər yaratmalıdır... 
 
3.  Süni intellekt və alqoritmik pillə.  Məqsəd  lokal və mədəni kontekstə uyğun SI sistemləri yaratmaqdır. Bu sistemlər türk dillərində böyük dil modelləri, təhsil üçün adaptiv SI, dövlət idarəçiliyində qərar dəstəyi sistemləri ola bilər. Əsas məqsəd SI suverenliyini təmin etməkdir. 
 
4.  Platforma və iqtisadiyyat  pilləsi.  Məqsəd  qlobal platformalardan asılılığı azaltmaqdır. Alternativ  olaraq regional e-ticarət platforması,  rəqəmsal ödəniş sistemi, təhsil platforması (“Coursera” tipli, amma lokal) təklif edilə bilər.  Qərbdə “Google” və “Microsoft” necə ekosistem qurubsa, burada da oxşar model  qurula bilər. 
 
5.  İdarəetmə və etik pillə.  Məqsəd  rəqəmsal hüquq və etik çərçivə yaratmaqdır. Bunun əsas elementləri  rəqəmsal konstitusiya, data hüquqları,  SI etik standartları olacaqdır. Bu Avropa tipli normativ yanaşma  və lokal dəyərlər  modelində qurulmalıdır. 
 
III. Strateji sütunlar:
1. Rəqəmsal suverenlik. Yəni, texnologiya idxalçısından,  istehsalçıya keçid olacaq.
 
2. Təhsil transformasiyası. Yəni SI əsaslı fərdiləşmiş təhsil, türk dünyası üçün vahid kurikulum (türk dünyası üçün  “Boloniya Prosesi”nə analoji  vahid rəqəmsal təhsil məkanı) yaradılacaq. 
 
3. İnteqrasiya olunmuş bazar. Yəni  rəqəmsal ticarət zonası, startap ekosistemi yaradılır.
 
4. Kiber-təhlükəsizlik. Yəni  ortaq “CERT” strukturu, rəqəmsal təhlükəsizlik (müdafiə) sistemi yaradılır. 
 
IV. Qlobal rəqabətdə mövqe
 
Bu model 3 əsas rəqəmsal blok arasında yerləşir:
 
Model       Xüsusiyyət
 
ABŞ         Platforma kapitalizmi
Çin          Dövlət nəzarətli sistem
Türk modeli    Hibrid, yəni  mədəni + texnoloji suverenlik
 
Bu zaman, nə tam azad bazar xaosu, nə də tam nəzarət sistemi olur, məqsəd balanslaşdırılmış model 
yaratmaqdır.  
 
V.  Risklər və çağırışlar.  Müəyyən risklər və  yeni çağırışlar yaranır. Belə ki, fraqmentasiya (türk ölkələri arasında koordinasiya zəifliyi səbəbi ilə), texnoloji gecikmə (SI və çip istehsalında geri qalma səbəbi ilə), data kolonializmi (xarici platformaların dominantlığı səbəbi ilə), kadr problemi (yüksək ixtisaslı mühəndis çatışmazlığı səbəbi ilə) kimi risklər və çağırışlar mümkündür. 
 
VI. Bu prosesdə 3 mərhələli  yol xəritəsi  təklif edilə bilər:
 
1-ci mərhələ (0–3 il).   Ortaq təhsil platforması, dil texnologiyaları, data mərkəzlərinin yaradılması. 
 
2-ci mərhələ (3–7 il).  SI modelləri, regional platformalar, startap fondları. 
 
3-cü mərhələ (7–15 il).  Qlobal rəqabət qabiliyyətli texnologiyalar (rəqəmsal ixrac, texnoloji brendlər).
 
Təklifə  sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması çərçivəsində baxsaq,   türk dünyası ya başqa rəqəmsal sivilizasiyalara  inteqrasiya olunacaq,  ya da, öz rəqəmsal sivilizasiyasını quracaq.  21-ci əsrdə sivilizasiyanı torpaq yox, kod, data və alqoritm müəyyən edir.  
 
Türk dünyasının gələcəyi isə bu qərardan asılıdır:  “Biz texnologiyanı istifadə edən olacağıq, yoxsa onu  yaradan?” 
 
TÜRKDİLLİ ÖLKƏLƏRİN VAHİD RƏQƏMSAL UNİVERSİTETİ (TRU)
 
(Davamı var)
 
Dosent İlham Əhmədov"
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər