İki aydan aydan sonra ali təhsil müəssisələrində I semestr və ona aid imtahanlar bitdikdən dərhal sonra tələbələrin köçürülməsi məsələsi yenidən ən aktual təhsil məsələlərindən olacaq.
Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi Elm və Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir. Mövcud qaydalaragörə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir.
Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.
Moderator.az tələbələrin köçürülməsi ilə bağlı ən çox axtarılan suallara cavabları təqdim edir:
Sual: Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi zamanı hansı minimal keçid balları nəzərə alınır?
CAVAB-Elm və Təhsil Nazirliyi minimal keçid balları haqqında məlumatı AzərbaycaRespublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet səhifəsindən (//www.tqdk.gov.az/activities/exams/bakalavr/) əldə edir.
Sual: Magistratura səviyyəsində təhsil alan tələbənin köçürülməsi hansı qaydada aparılır?
Cavab: Magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin öz ixtisası üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın.
Sual: Əgər tələbə dövlət hesabına təhsil alırsa, köçürüldükdən sonra o hansı formada təhsilini davam etdirir?
Cavab: Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
Sual: Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil
müəssisəsindən digərinə köçürülməsi hansı şərtlərlə aparıla bilər?
Cavab: Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. II və III ixtisas qruplarında müəyyənləşdirilmiş “tarix və coğrafiya müəllimliyi”, “tarix müəllimliyi” və “tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər
ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilməlidir.
Sual: Xarici ölkələrin ali təhsil müəssisələrindən yerli ali təhsil müəssisələrinə köçürülərkən əsas nəzərə alınan göstəricilər hansılardır?
Cavab: -Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması;
- Tələbənin xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alması;
- DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda beynəlxalq səviyyəli
imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal
(riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından
ən azı 6.0 bal);
- Qənaətbəxş akademik göstəriciləri; köçürülmə səbəbləri;
- Təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri
reytinqlərində yer alması;
- DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı
balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid
balından az olmaması və tələbənin akademik göstəriciləri.
Sual: Köçürülmək istəyən tələbədən hansı sənədlər tələb olunur?
Cavab: - Tələbənin təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri (hərf
və balla) özündə əks etdirən sənəd - akademik transkript (xaricdə təhsil alanlar üçün mövcud
qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş);
- Təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənəd (xarici pasport);
- Ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən
imtahanlarda iştirak etməməsi haqqında sənəd (xaricdən köçürülənlər üçün);
- Köçürülmə səbəblərini təsdiq edən sənəd (xarici ölkə ali təhsil müəssisələrindən
Azərbaycan Respublikası ali təhsil müəssisələrinə köçürülərkən);
- Beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, IELTS və s.) qazandıqları nəticələri
təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər və ya ölkə ali təhsil müəssisələrinə bu
imtahanların nəticələri ilə qəbul olunanlar üçün);
- Təhsil haqqı borcunun olmamasına dair arayış.