Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
330
11:31, Bu gün

Rusiya və Qərb ermənilərin Qarabağdan kütləvi köçünü Azərbaycanın başı üzərində Damokl qılıncına çevirir...-Çıxış yolu?..

Nə qədər ki, indiki Rusiya rejimi və onun Ermənistanda və xaricdə dəstəklədiyi revanşist, irçi qüvvə və toplumlar var, hələ Qarabağ məsələsi bitməyib. Qarabağ məsələsi heç digər qlobal güclər üçün də bitməyib...”
 
“...Yalnız bu minvalla demokratik idarəçilik, güclü iqtisadiyyat, güclü ordu və xoşbəxt xalq amilləri Azərbaycanın başı üzərində haqsız yerə qaldırılmış istənilən Damokl qılıncına qarşı ən güclü Ədalət qalxanı olacaq...”
 
-FİKİR SAVAŞI...-
 
2020-ci ilin 44 günlük Vətən savaşındakı hərbi qələbəmizdən bəri Qarabağ mövzusundakı bir çox yazılarımızda uğurlarımız fonunda qətiyyən eyforiyaya qapılmamalı olduğumuzu vurğulamışıq. Belə bir xəbərdarlığı 2023-cü ilin sentyabrında ordumuzun sonuncu lokal əməliyyatı nəticəsində Xankəndindəki separatçı-terrorçu rejimin başının əzilməsi, onun bir çox liderlərinin həbs edilərək Bakıya gətirilməsi və son nəticədə keçmiş Dağlıq Qarabağ ərazisindəki ermənilərin kütləvi şəkildə Ermənistana köçməsindən sonra da etmişdik. O zaman nəzərə çatdırmışdıq ki, ermənilərin Qarabağdan son nəfərinədək köçməsi məsələsini çox da qabartmaq, şişirtmək, bunu ictimaiyyətə və dünyaya “böyük qələbəmiz”, “Qarabağ məsələsinin sonu” kimi nümayiş etdirmək lazım deyil. Yaxın gələcəkdə bu faktı Ermənistanın özündən əlavə, Qərb- ABŞ, Avropa da, hətta 2020-2023-cü illərdə torpaqlarımızın azad edilməsinə və orada məskunlaşmış ermənilərin Ermənistana köçməsinə loyal yanaşmış və nəticədə dolayısıyla bunlara şərait yaratmış Rusiyanın özü də Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edə bilər. Obrazlı desək, “100 mindən artıq” erməninin Qarabağdan- Azərbaycan ərazisindən köçməsi faktının uzun müddət başımız üzərində Damokl qılıncına çevrilməsi mümkündür. Artıq hadisədən dərhal sonra Ermənistanda məhz Kreml tərəfindən dəstəklənən revanşist, irqçi siyasi dairələr, həmçinin xaricdəki erməni lobbi və diasporu Azərbaycan dövlətini Qarabağdakı erməniləri “etnik təmizləməyə məruz qoymaqda” suçlamağa başladılar. Bu ifadəni bir sıra ABŞ siyasətçiləri, konqresmenləri, eləcə də Avropa təşkilatları, həmçinin müstəqil hesab edilən insan hüquqları təşkilatları da işlətdilər. Təxminən bir il sonra ABŞ-dakı növbəti prezident seçkiləri öncəsi prezidentliyə namizəd olan hazırkı dövlət başçısı Donald Tramp da erməni lobbisinin və seçicilərin dəstəyini qazanmaq üçün bu kartdan yararlandı: sosial şəbəkədəki bəyanatında bildirdi ki, “xristian ermənilər guya Qarabağdan kütləvi şəkildə və zorla köçürülüb və mən hakimiyyətə gəlsəm,   bu xristian(!) əhalinin öz torpaqlarına geri qaytaracam...”
 
Builki 24 aprel tarixində, yəni Osmanlı Türkiyəsindəki “qondarma erməni soyqırımı”nın növbəti ildönümündə Türkiyə də, Azərbaycan da sevindi ki, prezident Tramp öz çıxışında “genosid” sözünü işlətmədi. Fəqət əvəzində çoxumuzun Nyu-York meri seçilməsinə sevindiyimiz müsəlman sayılan solçu liberal demokrat Zohran Mamdani gözlənilmədən eyni tarixlə bağlı Türkiyə ilə paralel Azərbaycana da “atəş açdı”.  Mamdani 24 aprel bəyanatında 1915-ci il hadisələri ilə son illərdə Qarabağda baş verənlər arasında paralellər apardı. O, Azərbaycanın 2023-cü ildə 100 mindən çox ermənini Qarabağdan "qovduğunu" iddia edərək, bunu "Türkiyənin 1915-ci ildə başlatdığı soyqırım kampaniyasının davamı" kimi xarakterizə etdi...
 
Bəzi şərhçilər Mamdaninin belə ədalətsiz yanaşmasını, onun Azərbaycana qarşı ən azı 1988-2020-ci illərdə Moskvanın dəstəyi və Qərbin susqunluğu sayəsində Ermənistan və Qarabağdakı separatçı-terrorçu rejim tərəfindən törədilmiş, işğal, deportasiya, qətliam və soyqırımları unutmasını və ya bilməməsini Nyu-York merinin ABŞ Demokratlar partiyasına mənsubluğuyla izah edirlər ki, bu da doğru deyil. Çünki siyasətdə dostluq yox, maraqlar olduğundan sabah Azərbaycan tərəfindən maraqları iqnor edildikdə seçki təbliğatında olduğu kimi, yenə də bizə qarşı “Qarabağdan ermənilərin zorla köçürülməsi” kartından yararlana bilər. Eləcə də Trampdan sonra prezident seçilə biləcək növbəti respublikaçının da eyni addımları atması mümkündür... 
 
Oxşar zərbə Ukraynaya qarşı təcavüzə başlamasından bir gün öncə Azərbaycanı özünə yaxınlaşdırmaq məqsədi ilə daha bir saziş – Moskva bəyannaməsini imzalamış müttəfiqimiz sayılan Rusiyadan gəldi.
 
“Bu gün, 24 aprel tarixində Ermənistan, Rusiya və bütün sivil dünya XX əsrin əvvəllərində Osmanlı imperiyasında ermənilərin soyqırımı qurbanlarının xatirəsini yad edir. Qeyri-sivil dünya isə bunu bilmək istəmir. Yalnız belə yanaşma ilə, məsələn, 2023-cü ildə "Azərbaycan tərəfindən ələ keçirilmiş Dağlıq Qarabağdan bütün erməni əhalisinin kütləvi çıxışını qeyd etmək mümkündür...”
 
Bu fikirləri Azərbaycan və Türkiyəyə qarşı mütəmadi düşmən çıxışlar edən Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin 24 aprel münasibətilə çıxışında çərənlədi. Sözsüz ki, Zatulin də hazırda Cəhənnəmdə zəqqum udan Jirinovski kimi işğalçı Rusiya diktatoru  V.Putinin ştatdankənar sözçüsüdür. Putinin razı olacağına əmin olmadan Rusiyada heç bir rəsmi və ya deputat Azərbaycana qarşı belə fikirlər səsləndirə bilməz... Belə çıxışlar Rusiya liderinin öncədən birbaşa göstərişi ilə də səsləndirilə bilər. 
 
Avropa təşkilatlarından isə oxşar bəyanatlar artıq neçə illərdir ki, səslənməkdədir...
 
Göründüyü kimi, xəbərdarlıq etdiyimiz kampaniya - Azərbaycanın başı üzərində “etnik təmizləmə” adlı Damokl qılıncının “döyülməsi” artıq başlanıb. Sözügedən bəyanatlar birbaşa Rusiya, yaxud ABŞ-ın dövlət başçılarının və ya digər yüksək vəzifəli rəsmilərinin dilindən səslənsə, artıq həmin qılınc başımız üzərində qaldırılmış hesab ediləcək...
 
Bəziləri deyə bilər ki, əşşi, bunlar hamısı boş-boş danışıqlardır - bundan sonra heç kəs Azərbaycana heç nə edə bilməz, beynəlxalq hüquq bizim tərəfimizdədir və s. Belələrinə sual edirəm, Azərbaycan yüz ildən çoxdur ki, qlobal güclər tərəfindən körüklənən və bir sıra dövlət, o cümlədən Rusiya, Fransa tərəfindən rəsmən tanınan saxta “erməni soyqırım”ı qılıncına zorla sinə gərən Türkiyədən güclü dövlətdir, yoxsa yəhudi lobbisinin hədsiz təzyiqləri altında Holokosta görə bu günədək təzminat ödəməyə məcbur qalan Almaniyadan?.. 
 
Bəli, aydındır ki, rəsmi Bakı dəfələrlə, o cümlədən Nyu-York merinin son sərsəmləməsindən sonra bəyan edib ki, 2020-ci ilin sentyabrından başlayaraq keçirdiyi bütün hərbi əməliyyatlarda Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış ərazisi hüdudlarında, beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq hərəkət edib. 2023-cü ilin antiterror tədbirləri isə otuzillik qanunsuz işğaldan sonra konstitusiya quruluşunun bərpa olunması məqsədi daşıyıb. Eyni zamanda rəhbərliyimiz "Qovulma" barədə iddiaların əsassız olduğunu, erməni sakinlərə reinteqrasiya, tam bərabər hüquqlar və təhlükəsizlik zəmanətlərinin təklif edildiyini, lakin onların böyük əksəriyyətinin könüllü çəkildə Ermənistana köçdüyünü diqqətə çatdırıb. Həmçinin Azərbaycan dövlətinin həmin köçdən sonra belə, bu günədək ermənilərin Qarabağa qayıtmasına əngəl olmadığını və bunun üçün əsas şərtinin Azərbaycanın hakimiyyətini, vətəndaşlığını qəbul etmək olduğu vurğulanır. Hətta bu qayıdış üçün rəsmi proqram elan edilib...
 
Bütün bunları ölkə rəhbəri və ya digər rəsmi şəxslər səviyyəsində Azərbaycanda da, xaricdəki səfər və beynəlxalq tədbirlərdə də demişik, deyirik və deyəcəyik. Ancaq məsələ ondadır ki, bununla biz yalnız indiki Ermənistan dövlətini qane edə bilirik. Çünki hələlik orada hakimiyyət başında Paşinyan kimi “erməni soyqırımı” kimi, Qarabağ məsələsini də qabartmayan, əksinə, tamamilə unutdurmağa çalışan  demokratik və praqmatik düşüncəli bir şəxsdir.  Fəqət, Ermənistanda Rusiya tərəfindən daha da qızışdırılan revanşist, irqçi xislətli siyasi dairələr, həmçinin erməni kilsəsi və onları dəstəkləyən bir qsim toplumu, eyni zamanda erməni lobbisini, diasporunun çox hissəsini susdura bilməyəcəyik. Allah eləməmiş, belələri iyun seçkilərində qalib gələrək hakimiyyəti yenidən ələ keçirsə, vəziyyətimiz daha müşkül olar... 
 
Eləcə də “Qarabağda etnik təmizləmə” “faktı”ndan Azərbaycana qarşı təzyiq, təsir vasitəsi kimi istifadə etməyə çalışan Rusiya, ABŞ, Avropa və s. dövlətləri yola gətirə bilməyəcəyik. Onların rəsmiləri çox vaxt üzdə bizimlə razılaşdıqlarını söyləsələr də, pərdə arxasında öz işlərini öz bildikləri kimi davam etdirəcəklər. Necə ki, artıq 111-ci ildir ki, Türkiyə dövlətinə qarşı oxşar münasibət davam edir. İndi “Qarabağ”da “döyülmüş” bu Damok qılıncını bizimlə yanaşı, Türkiyənin başı üzərində də qaldıracaqlar...
 
Və bu sahədə bizlərə qarşı ən təhlükəli güc indiki durumda qaldıqca Rusiya dövləti olacaq. Birincisi, ona görə ki, elə 1915-ci ildəki qondarma “soyqırım” kimi, Qarabağdakı “etnik təmizləmə”yə də şəraiti məhz Rusiya imperiyası yaradıb. XIX əsrin əvvəllərindən erməniləri digər Azərbaycan torpaqlarında olduğu kimi, Qarabağ ərazisinə də köçürüb toplu şəklində yerləşdirən, 1923-cü ildə onlara muxtariyyət təşkil edən də, düz 100 il sonra “sülhməramlı”larının şahidliyi(!) ilə həmin ermənilərin köçünü müşayiət(?) edən də Kreml olub. Belə olmasaydı, 1988-ci ildə yenə də həmin Moskvanın əli ilə Qarabağda erməni separatçılığı başladılmaz, torpaqların 20 faizi işğal etdirilməz və sonu da separatçı-terrorçu rejimin ləğvi və ermənilərin kütləvi köçü ilə nəticələnməzdi. İkincisi də, hər iki olayda- həm Türkiyədəki “soyqırım”ın, həm də Qarabağdakı “etnik təmizləmə”nin təşkilində iştirak etdiyi üçün, erməni toplumlarının etno-psixololoji xarakterini, onları düzgün idarə etməyin texnologiyasını da hamıdan yaxşı Rusiyanın işğalçı, şovinist xislətli rəhbərliyi bilir... 
 
Hələ dəqiq məlum deyil ki,  Rusiyanın və onun 2020-ci ildən bəri Qarabağda yerləşdirilmiş “sülhməramlı” ordusunun ermənilərin köçürülməsində iştirakı necə olub. Köçən ermənilərin sözlərinə görə, onların telefonlarına “Azərbaycanlılar sizi qıracaq- təcili Ermənistana qaçın!”  kimi mesajlar gəlib. Bəzi versiyalara görə, həmin mesajlar Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkil edilib. Məqsəd də “120 mindən” çox erməni kütləsinin İrəvandakı təzyiqi ilə Paşinyanı hakimiyyətdən devirib yenidən Moskvaya tabe olacaq Köçəryan-Sərkisyan tipli qüvvələrin hakimiyyətə gətirilməsi olub. Separatçıların Ermənistana qaçmasına şərait yaradılan siyasi və hərbi liderlərinə isə söz verilib ki, gedin, Paşinyanı devirin, sonra sizin geri qayıtmağınıza şərait yaradacağıq. Bəlkə Rusiya istəsəydi, separatçı-terrorçu rejim vasitəsilə Qarabağdakı ermənilərin ən azı xeyli hissəsinin Ermənistana köçməsinə imkan verməzdi? Ancaq bəlkə də bu köçə şərait yaratmaqla, öncə dediyimiz kimi, “etnik təmizləmə” faktı daim Azərbaycanın başı üzərində “Damokl qılıncına çevirmək məqsədi güdüb?..  
 
Bir sözlə, nə qədər ki, indiki Rusiya rejimi və onun Ermənistanda və xaricdə dəstəklədiyi revanşist, irçi qüvvə və toplumlar var, hələ Qarabağ məsələsi bitməyib. Qarabağ məsələsi heç digər qlobal güclər üçün də bitməyib. O yalnız Azərbaycan üçün və bizim təbii müttəfiqimiz olan Türkiyə üçün bitib. Digər qalan dövlətlər, hətta bu gün dost müttəfiq hesab etdiyimiz dövlətlər belə, məqamı gəldikcə “etnik təmizləmə” məsələsindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edəcək... 
 
Bəs çıxış yolu nədədir?..
 
Əlbəttə, həmişəki kimi dövlət və ictimaiyyət, QHT-lər, partiyalar və s. səviyyəsində düzgün ictimai-siyasi təbliğat, həmçinin uyğun siyasi-diplomati fəaliyyət vacibdir. Ancaq 1991-2020-ci illər ərzində şahidi olduq ki, arxada güclü dövlət, iqtisadiyyat və ordu olmadan heç bir real nəticə əldə etmək mümkün deyil. Bu dəfə söhbət hansısa hərbi əməliyyatdan-filandan getmir.  Sadəcə Azərbaycanın güclü iqtisadiyyata, dövlətə, orduya və ən əsası demokratik idarəçilik altında rifah halında həyat sürən bir xalqa malik ölkə olduğunu bütün dünya görməlidir... 
 
Bunun üçün öncə iqtisadiyyatı yalnız rəqəmlərdə yox, real olaraq gücləndirmək, xalqın rifah halını gerçəkdən yüksəltmək gərəkdir. Bundan ötrü isə ilk növbədə demokratiyanı, insan haqlarını əsil mənada bərqərar etmək lazımdır. Bu həm də ona görə vacibdir ki, Azərbaycan dövləti beynəlxalq təşkilatlara Qarabağdan köçmüş ermənilərin məlum şərtlər altında geri qayıtmaqlarına etiraz etmədiyini bildirərkən həmin ermənilər “yox, biz oraya qayıda bilmərik, orada insan haqları tapdanır” kimi bəhanələr göstərə bilməsinlər... 
 
İkincisi, qanunların aliyini tam şəkildə təmin etməliyik. 
 
Üçüncüsü də, məhz qanunun aliliyinin təminatı sayəsində ölkədə rüşvətxorluq və korrupsiya şəbəkələrinin real olaraq məhv edilməsinə nail olmalıyıq. Qanunların normal işlədiyi, rüşvətxorluq və korrupsiyanın minmum səsviyyəyə endirildiyi, demokratik prinsiplərin hökm sürdüyü ölkədə isə iqtisadiyyatı və ordunu maksimum səviyyədə gücləndirmək çətin olmur...
 
Yalnız bu minvalla demokratik idarəçilik, güclü iqtisadiyyat, güclü ordu və xoşbəxt xalq amilləri Azərbaycanın başı üzərində haqsız yerə qaldırılmış istənilən Damokl qılıncına qarşı ən güclü Ədalət qalxanı olacaq... 
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər