“Rusiya Federasiyası hazırkı idarəçilik durumunda qaldıqca heç bir vaxt, heç bir zaman Azərbaycan xalqının, dövlətinin dostu ola bilməz. Çünki həmin rejim Azərbaycan Respublikasının müstəqilliyini gerçəkdən heç bir zaman qəbul etməyib və bu gündən sonra da etməyəcək...”
“Məhəmməd Əmin Rəsulzadənin məşhur kəlamında deyildiyi kimi, Rusiya kiçilib öz tarixi torpaqlarına sığınmayınca dünya xalqlarına rahatlıq yoxdur. O cümlədən də Azərbaycan xalqına... Azərbaycan dövlətinə...”
“Rusiya son günlər Azərbaycana münasibətdə yaman “girişib”. Deyirlər, guya bu dəfə məlum təyyarə faciəsinin təzminatını da ödəyəcəyik. Amma artıq aylardır ki, faciə ilə bağlı istintaq işini bağlayıblar, yəni rəsmi Bakının ilk günlərdən tələbi olan cinayətin sifarişçi və icraçılarının cəzalandırmasından söhbət gedə bilməz. Sizcə, nə baş verir? Hazırda öz eyni soykökdən olduğu Ukrayna xalqına qarşı 5 ildən çoxdur ki, təcavüzü, qətliamları davam etdirən bir dövlətə biz xalq olaraq necə etibar edə bilərik?”
Bu sualı ünvanladığımız beynəlxalq siyasət üzrə analitik, siyasi elmlər üzrə fəlsəfə doktoru Teymur Qasımlı Moderator.az-a açıqlamasında aşağıdakı fikir və mülahizələri dilə gətirib:
“Rusiyanın son günlər Azərbaycana münasibətinin “istiləşməsi”nin əsas səbəblərindən bəri ötən 2025-ci ilin 8 avqustunda Vaşinqtonda ABŞ prezidenti Donald Trampın himayəsi altında Azərbaycan və Ermənistan liderlərinin görüşü, tərəflər arasında Sülh Sazişinin paraflanması və bu barədə hay-küylü bəyanatdan sonra yaranan vəziyyətlə bağlıdır. Bildiyiniz kimi, həmin bəyanat eyni zamanda “Tramp yolu” adı verilmiş Zəngəzur yolunun açılması məsələsini də gündəmə gətirdi. Həmçinin Ermənistan həmin yolun ğz ərazisindən keçən hissəsini Amerika Birləşmiş Ştatları 99 il müddətinə icarəyə verdi. Bütün bunlar, təbii ki, ciddi şəkildə Rusiyanın maraqlarına toxundu. Bundan əlavə, İsrail və ABŞ-ın İrana qarşı apardığı hərbi əməliyyyatlar fonunda regionda və dünyada yaranmış gərginlik də Moskvanın Azərbaycana daha sıx yaxınlaşma cəhdlərinə təkan verən əsas səbəblərindən biridir...
Konkret Azərbaycanın Rusiya səmasında vurulmuş sərnişin təyyarəsi ilə bağlı problemlərə gəldikdə, əvvəla, qeyd etdiyiniz kimi, Moskvada həmin cinayətlə bağlı istintaqa artıq xətm verilib və cinayətkarların cəzalandırılmasından söhbət gedə bilməz. Bu faciəyə görə Azərbaycana kompensasiyanın doğrudan da verilib-verilməyəcəyi də hələ məlum deyil. Bu yandan Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfər edəcəyi haqda iddialar da var...
Bütün bunlarla belə, Azərbaycanın Rusiyaya etibar etməsindən danışmaq bir az gülməlidir. Ümumiyyətlə, beynəlxalq münasibətlərdə dövlətlər bir-birinə tam olaraq etibar etməsindən bəhs edilə bilməz. Rusiya Federasiyasına isə heç vaxt etibar etmək olmaz. Rusiya Qafqazdan çıxıb getmədiyi müddətdə Azərbaycan dövlətinə qarşı hər an, hər zaman ciddi təhlükə mənbəyi olacaq. Əlbəttə, digər böyük dövlətlərin də burada marağı var və olacaqdır. Fəqət Rusiya bizim üçün ən təhlükəlisidir- ona heç cür etibar etmək mümkün deyil. Məhəmməd Əmin Rəsulzadənin məşhur kəlamında deyildiyi kimi, Rusiya kiçilib öz tarixi torpaqlarına sığınmayınca dünya xalqlarına rahatlıq yoxdur. O cümlədən də Azərbaycan xalqına... Azərbaycan dövlətinə... Rusiya Federasiyası hazırkı idarəçilik durumunda qaldıqca heç bir vaxt, heç bir zaman Azərbaycan xalqının, dövlətinin dostu ola bilməz. Çünki həmin rejim Azərbaycan Respublikasının müstəqilliyini gerçəkdən heç bir zaman qəbul etməyib və bu gündən sonra da etməyəcək...”
Sultan Laçın