1993-cü ilin yazında Kəlbəcər istiqamətində baş verən hadisələr müasir Azərbaycan tarixinin ən ağır və sarsıdıcı səhifələrindən biri kimi yadda qalıb. Müharibənin ən gərgin dövründə mülki əhalinin yaşadığı kəndlərdən biri olan Başlıbel uzun müddət mühasirədə qalıb və bu müddət ərzində insanlar son dərəcə ağır, çıxılmaz şəraitdə yaşamaq məcburiyyətində qalıblar. Hadisələr təkcə hərbi toqquşmalarla məhdudlaşmayıb, eyni zamanda mülki əhaliyə qarşı yönəlmiş zorakılıq, girov götürülmə və insan itkiləri ilə müşayiət olunub.
Kənd sakinlərinin bir qismi sağ qalmaq uğrunda mübarizə aparıb, digərləri müxtəlif istiqamətlərdə itkin düşüb və ya həyatını itirib. Bu proseslər Başlıbel hadisələrini yalnız lokal münaqişə kimi deyil, genişmiqyaslı faciə kimi ön plana çıxarıb. Eyni zamanda bu dövr mülki əhalinin dözümlülüyünün, torpağa bağlılığının və sınmayan müqavimət iradəsinin tarixi nümunəsi kimi də qiymətləndirilib.
Moderator.az Başlıbel qətliamı ilə bağlı jurnalist, Regional İnsan Hüquqları və Media Mərkəzinin rəhbəri, Kəlbəcər rayonunun Başlıbel kənd sakini Xalid Vahidoğlu ilə həmsöhbət olub.

Həmin müsahibəni təqdim edirik:
– Xalid bəy, Başlıbel kəndində 1993-cü ilin aprel hadisələri necə baş verib və ilkin hücum mərhələsi nədən ibarət olub?
– 1993-cü il aprelin 18-də Qayabaşı kahalarında gizlənən kənd sakinlərinə hücum həyata keçirilib. Hadisədən əvvəl ərazi müşahidə olunub, daha sonra silahlı qüvvələr müxtəlif istiqamətlərdən yaxınlaşaraq kahanı mühasirəyə alıblar. “Niva”, “UAZ” və “Zil 131” markalı maşınlarla gələn silahlı dəstələr kahanı tam nəzarətə götürüblər.
Günorta saat 3-dən axşam saat 10-dək kənd sakinləri və onlarla birlikdə olanlar ov tüfəngləri və əldə olan silahlarla müqavimət göstəriblər və düşmənə xeyli itki verdiriblər. Həmin vaxt qadınlar, uşaqlar və yaşlılar da mühasirədə olub və böyük təhlükə altında qalıblar.
– Hücum zamanı və sonrakı saatlarda kənd sakinlərinin müqaviməti və itkilər necə davam edib?
– Hücum zamanı ermənilərin içində Azərbaycan dilində danışan və “svyaz” kimi təqdim olunan bir nəfər xüsusi fəallıq göstərib. O, insanları kahadan çıxmağa çağırıb, təslim olmağı təklif edib və əsir mübadiləsi vədi verib. Bu yolla bir qisim insanlar kahadan çıxmağa məcbur olub və girov götürülüblər. Eyni zamanda kahada olan insanlar mühasirə altında saatlarla müqavimət göstəriblər.
Lakin düşmən qüvvələri daha çox texnika və silahla təchiz olunub və ərazini tam mühasirəyə alıblar. Axşam saatlarında hava şəraiti də ağırlaşıb, güclü qar və çovğun başlayıb və bu, onların uzun müddət orada qalmasını çətinləşdirib. Bundan sonra kahanın içərisinə yenidən atəş açılıb və qumbara atılıb. İnsanlar üç hissəyə bölünərək müxtəlif istiqamətlərdə hərəkət etməyə məcbur olublar. Daha sonra sağ qalanlar “Sadığın köşkü” deyilən ərazidə bir araya gəliblər.
– Mühasirə şəraitində qalan insanlar sonrakı günlərdə necə hərəkət edib və qruplar necə formalaşıb?
– Aprelin 19-da səhər saatlarında girovluqdan qaçan bəzi insanlar “Sadığın köşkü”nə gəliblər və sağ qalanlarla birləşiblər. Daha sonra bir qrup Qaraçanlı kəndinə doğru hərəkət edib. Orada bir müddət gizləndikdən sonra yenidən Başlıbel istiqamətinə qayıtmağa məcbur olublar. Bu dövrdə insanlar yaralı vəziyyətdə, ərzaq çatışmazlığı içində və davamlı təhlükə altında yaşayıblar. Daha sonra dəstələr parçalanıb və bir hissə Murov istiqamətinə, digər hissə isə Dəlidağ istiqamətinə hərəkət edib. Yol boyu itkilər davam edib, bəzi insanlar yaralanıb, bəziləri isə itkin düşüb. Bu mərhələ artıq açıq mühasirə şəraitindən çıxış və dağlıq ərazilərdə gizli şəkildə sağ qalmaq uğrunda mübarizə mərhələsinə keçib.
– 113 günlük mühasirənin son mərhələsi necə başa çatıb və sağ qalma prosesi hansı şəraitdə mümkün olub?
– Mühasirənin son mərhələsində sağ qalan insanlar Nəbi kahası və digər gizli sığınacaqlarda birləşiblər. Yaralıların müalicəsi çox məhdud imkanlarla aparılıb, ərzaq isə demək olar ki, olmayıb. Bir neçə dəfə Tərtər çayının keçilməsi üçün planlar hazırlanıb və təhlükəli keçidlər təşkil olunub. Çay kəndir vasitəsilə, gecə saatlarında və böyük risk altında keçilib. Uşaqlar, qadınlar və yaşlılar əvvəlcə keçirilib.
Bu proses zamanı insanlar həm fiziki, həm də psixoloji baxımdan son həddə çatıb. Yol boyu atəş səsləri, təqib riski və təbii çətinliklər davam edib. Nəhayət, iyulun 22-də gecə saatlarında çobanla qarşılaşma nəticəsində sağ qalanlar Daşkəsən ərazisində olduqlarını dəqiqləşdiriblər və 113 günlük mühasirədən sonra xilas olublar.
– Başlıbel faciəsinin tarixi və mənəvi əhəmiyyətini nəzərə alaraq, bu hadisənin yaddaşlarda yaşadılması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində hansı addımların atılmasını zəruri hesab edirsiniz?
– Qətliamın baş verməsindən artıq 33 il keçir. 2020-ci ildən sonra yaranan imkanlar sayəsində artıq bir neçə ildir ki, hər il həmin əraziyə gedərək qətliam qurbanlarının dəfn olunduğu məkanları ziyarət edir, şəhidlərimizi öz məzarları başında yad edirik. Bu imkana görə ölkə başçısı cənab Prezidentə və torpaqlarımız uğrunda canını fəda edən şəhidlərimizə minnətdarıq. Allah torpaqlarımızın azad olunmasında əməyi keçən, bizə bu sevinci yaşadan bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
Başlıbel qətliamı qurbanlarının ölüm səbəbləri artıq rəsmi şəkildə müəyyən edilib. 2021-ci ildən sonra prokurorluq orqanları tərəfindən həmin ərazidə araşdırmalar aparılıb. Orada dəfn olunmuş 12 nəfərin meyiti çıxarılıb, ekshumasiya prosesi həyata keçirilib, ölüm səbəbləri dəqiqləşdirilib və daha sonra onlar yenidən öz məzarlarında torpağa tapşırılıblar. Bu şəxslər vaxtilə mühasirədə qalan insanlar tərəfindən həmin ərazidə dəfn olunmuşdular. Eyni zamanda qətliam qurbanlarından birinin cəsədi sonrakı dövrdə aşkar edilib.
Həmin şəxsin cəsədi əraziyə yaxın bir yerdə kənd sakini tərəfindən dəfn edilmişdi. Təəssüf ki, qurbanların bir hissəsinin cəsədləri hələ də tapılmayıb. Onların bəzilərinin kəndin müxtəlif ərazilərində dəfn olunduğu ehtimal olunur və hazırda bu istiqamətdə axtarış işləri davam etdirilir.
Dövlətimizdən əsas gözləntilərimizdən biri odur ki, hələ də tam şəkildə götürülməyən məzarların üzərinin götürülməsinə icazə verilsin. Digər bir məsələ isə həmin əraziyə aparan yolun vəziyyətidir. Hazırda yol qənaətbəxş deyil. Biz kənd sakinləri olaraq hər il öz imkanlarımız hesabına həmin yolda cari təmir işləri aparmağa çalışırıq ki, insanlar yaxınlarının məzarlarını ziyarət edə bilsinlər. Ümid edirik ki, yaxın vaxtlarda kənd bərpa olunacaq yaşayış məntəqələri siyahısına daxil ediləcək, əraziyə yeni yol çəkiləcək və elektrik infrastrukturu təmin olunacaq. Bu da insanların həmin əraziyə rahat şəkildə gedərək şəhidlərini ziyarət etməsinə şərait yaradacaq.
Eyni zamanda bu addımlar Ermənistanın Azərbaycana qarşı törətdiyi qətliamların beynəlxalq səviyyədə tanıdılması baxımından da mühüm əhəmiyyət kəsb edir. İndiyədək müxtəlif qətliam ərazilərinə xarici jurnalistlərin və diplomatların səfərləri təşkil edilib, o cümlədən Kəlbəcər tuneli ətrafına da belə səfərlər baş tutub. Lakin təəssüf ki, indiyə qədər Başlıbel kəndinə bu cür səfərlər təşkil olunmayıb. Bu da, böyük ehtimalla, yol probleminin mövcudluğu ilə əlaqədardır.
Xüsusilə qeyd etmək istəyirəm ki, Qarabağ müharibəsi dövründə bu kənd unikal bir nümunə olub. Çünki burada insanlar 113 gün mühasirə şəraitində yaşayıb və faktiki olaraq partizan müharibəsi aparıblar. Mülki şəxslərin – qadınların, uşaqların və yaşlıların 113 gün düşmən arxasında yaşaması və mübarizə aparması olduqca nadir haldır. Mən buna bənzər ikinci bir faktla qarşılaşmamışam. Ən uzun belə hal 52 gün olub, Başlıbeldə isə bu müddət iki dəfədən artıq davam edib.
Hesab edirəm ki, qarşıdakı dövrdə həmin qəhrəman insanların həyat hekayələri ayrıca şəkildə yazılmalı və geniş ictimaiyyətə təqdim olunmalıdır. Bu günə qədər Regional İnsan Hüquqları və Media Mərkəzi olaraq bu faciə ilə bağlı iki kitab hazırlanıb – biri Azərbaycan, digəri isə ingilis dilində. Müvafiq hesabatlar hazırlanaraq beynəlxalq təşkilatlara təqdim edilib. Bundan əlavə, mövzu ilə bağlı digər nəşrlər də işıq üzü görüb. Bu gün isə növbəti kitabın təqdimatı planlaşdırılır. Bununla yanaşı, bu hadisələrlə bağlı filmlər də çəkilib.
Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Başlıbel faciəsi daim diqqət mərkəzində saxlanılmalı, bu mövzu unudulmamalıdır. Bu faciənin ən simvolik talelərindən biri də Ələsgər Kazımovun həyatı ilə bağlıdır. 1890-cı ildə anadan olan Ələsgər doğma kəndini tərk etməkdən imtina edib. Digərləri mühasirəni yararaq çıxmağa çalışdığı halda, o, Başlıbeldə qalmağı seçib və bu günə qədər onun taleyi naməlum olaraq qalır. Bu fakt Başlıbel sakinlərinin torpağa bağlılığını, mənəvi gücünü və mövqeyini ən kəskin şəkildə ifadə edən nümunələrdən biridir.
Pərvin Şakirqızı


