Xalq artistinin qızı narazıdır: “Atamın adına təsis etdiyim mükafat heç yada düşmür” - FOTO+ÖZƏL
Ekskluziv
1052
15 Apr 2026 | 20:50

Xalq artistinin qızı narazıdır: “Atamın adına təsis etdiyim mükafat heç yada düşmür” - FOTO+ÖZƏL

Xalq artisti, görkəmli sənətkar Hüseynağa Sadıqovun qızı Tamilla Sadıqova atasının adına təsis olunan və il ərzində ən çalışqan və zəhmətkeş teatr işçilərinə verilən “Büllur alma” mükafatını təqdim edə bilməməsindən danışıb.

Moderator.az-a danışan sənətkarın qızı bildirib ki, artıq bu mükafat unudulmağa doğru gedir:

“Bu mükafatı Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayevlə birlikdə təsis etmişdik. Bilirsiniz ki, atam bir çox filmlərdə çəkilib. Amma buna baxmayaraq atamı bir sənətkar kimi tamaşaçılara “Alma almaya bənzər” filmi tanıdıb. O mənə bu haqda deyəndə ağlıma ilk alma gəldi.. Ona görə də “Büllur alma” mükafatını təsis etdik. Bu mükafat hər il Akademik Musiqili teatrda mövsüm ərzində ən çalışqan və zəhmətkeş aktyor, rejissor və digər səhnə adamlarına verilirdi. Əliqismət Lalayev teatrdan çıxandan sonra yeni rəhbərlik mənimlə bu haqda danışayıb. Nəzərə alsaq ki, artıq bir neçə aydan sonra teatrda işlər bitir və onlar yay tətilinə çıxırlar. Lazım olsa mənə deyərlər və necə lazımdırsa təşkil edərəm. Amma hələ də yada düşmür. Atamın adına təsis olunan “Büllur alma” mükafatı unudulmağa doğru gedir” deyə sənətkarın övladı bildirib.

Sənətkarın qızı atasının “Ələddinin sehrli çırağı” filmində vəzir rolunda çəkildiyini bildirib:

“Mənim atam çox şanslı aktyor idi. Bu filmə 1966-cı ildə Moskvada, Maksim Qorki adına kinostudiyada çəkildi. Sevastopolda çəkilən filmin rejissoru Boris Rıtsarev idi. Onun atamı filmə dəvət etməsi isə sırf peşəkarlığın və bir az da şansın nəticəsində baş verdi. O zaman atam kinostudiyada bəzi filmlərin səsləndirilməsində iştirak edirdi. İndiki kimi deyildi, o vaxt səsin obraza uyğunlaşması əsas idi. Atam rus rejissorlarının diqqətini məhz səsinə görə cəlb etmişdi. Filmdə çəkiləndə atam məni də, anamı da özü ilə aparmışdı. 10 yaşım var idi. İstər rejissor, istərsə də baş rol ifaçıları atamla məsləhətləşirdilər. Bir övlad kimi bu mənə xoş təsir bağışlayırdı. Atam orada məşhur aktyorlarla dostluq əlaqələri də qurmuşdu. Onların arasında Yuri Nikulin, Vasili Merkurev və Sergey Filippov kimi sənətkarlar da var idi” deyə o bildirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər