Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsində: TƏBİB-dəki dəyişikliklər nədən xəbər verir?
Ekskluziv
543
15 Apr 2026 | 18:29

Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsində: TƏBİB-dəki dəyişikliklər nədən xəbər verir?

Məlum olduğu kimi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”  (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib. Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in icraçı direktoru təyin edilib.

Xatırladaq ki, bir müddət bundan öncə Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad edilib.

İctimai gözləntiyə və günün tələblərinə cavab verən səhiyyə sistemi...

Vüqar Qurbanovun vəzifədən azad edilməsi və TƏBİB rəhbərliyinə Anar Bayramovun gətirilməsi faktı ölkəmizin səhiyyə sistemində həyata keçirilən nəhəng islahatların tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Bu, hər şeydən öncə xalqın səhiyyə sistemi ilə bağlı arzu və gözləntilərinin nəzərə alındığını, bütün sistemin məhz günün tələbləri səviyyəsində yenidən qurulduğunu göstərir.

Anar Bayramovun TƏBİB-in icraçı direktoru vəzifəsinə təyinatı sübut edir ki, səhiyyədəki islahatlar hər şeydən öncə vətəndaş məmnunluğunun artıılmasına, insanlara daha keyfiyyətli tibbi xidmət göstərilməsinə hesablanıb. Hansı ki, Anar Bayramovun TƏBİB rəhbərliyinə təyinatından sonra bu sahədə vəzyyətin daha da yaxşılaşacağı, vətəndaşların gözlənti və tələblərinə daha çevik reaksiya veriləcəyi gözləniləndir.

Səhiyyə və sosial müdafiə sistemi arasında koordinasiyalı fəaliyyət...

Dövlətimizin istər səhiyyə, istərsə də sosial sahədə həyata keçirdiyi islahatların mahiyyətində insan faktoru, vətəndaş məmnunluğu dayanır. Lakin bu məmnunluğun təmin edilməsi səhiyyə və sosial sahədəki islahatların koordinasiyasını tələb edir. Çünki məhz belə halda vətəndaşın həm sağlamlığı, həm də sosial təminatı daha dolğun şəkildə qorunur, dövlət vətəndaşın rifahını daha dəqiq və fundamental şəkildə təmin edir.

Bu baxımdan icbari tibbi sığorta sistemi mühüm əhəmiyyətə malikdir. Əlilliyin müəyyən edilməsi,  istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi və s. kimi hallarda səhiyyə və sosial müdafiə institutlarının birgə fəaliyyəti xüsusilə effektiv nəticələr doğurur. Bu, vətəndaşların ehtiyaclarını doğru şəkildə qarşılamaqla yanaşı, dövlətə xərcləri daha səmərəli şəkildə idarə etməyə imkan verir.

TƏBİB-in artan rolu və Sumqayıt Tibb Mərkəzinin timsalında yerlərdəki inkişaf...

Son illərin statistikası sübut edir ki, vətəndaşlara tibbi xidmətin göstərilməsində, onların sağlamlığının qorunub saxlanlmasında TƏBİB-in rolu sürətlə artmaqdadır. Bunun bir səbəbi adıçəkilən qurumun işlək institut kimi cəmiyyətin həyatına daha dərindən sirayət etməsi, digər səbəbi isə TƏBİB-in yerlərdəki nümayəndəliklərinin, bu nümayəndəliklərə daxil olan müəssisələrin öz işini müasir tələblər səviyyəsində qurması ilə bağlıdır.

TƏBİB-in fəliyyətindəki inkişaf meyillərini müəyyən etmk üçün Sumqayıt Tibb Mərkəzinə nəzər salmaq kifayətdir. Son iki ildə Sumqayıt Tibb Mərkəzinə tabe olan müəssisələrdə bir sıra əməliyyatlar həyata keçirilib ki, bu əməliyaytların hər biri yalnız Sumqayıt deyil, ümumilikdə respublika miqyasında unikal əməliyyat sayıla bilər. Nümunə kimi, ötən ilin may ayında Sumqayıt Tibb Mərkəzinin (STM) Uşaq Xəstəxanasında ilk dəfə olaraq ağciyərin böyük ölçülü exinokokk kistası əməliyyat yolu ilə uğurla çıxarılması faktını göstərmək olar. Məlum əməliyyat zamanı 15 yaşlı pasiyent üzərində cərrahi müdaxilə uzman uşaq cərrahı Araz Hüseynovun rəhbərliyi ilə həyata keçirilib və əməliyyat zamanı döş qəfəsi açılaraq ağciyərdə yerləşən iri kista tam olaraq çıxarılıb. Əməliyyat yüksək riskli olmasına baxmayaraq, peşəkar komandanın koordinasiyalı fəaliyyəti nəticəsində uğurla başa çatıb.

İcbari tibbi sığorta sisteminin tətbiqi, eləcə də xidmət sisteminin daha effektiv qurulması səbəbi ilə əhaliyə göğstərilən tibb xidmətin keyfiyyəti ilə yanaşı, kəmiyyəti də əhəmiyyətli dərəcədə artıb. Xatırladaq ki, 2025-ci il ərzində Sumqayıt Tibb Mərkəzində 5 milyon 772 min 444 tibbi xidmət göstərilib ki, bu da ötən illərlə müqayisədə xeyli dərəcədə çoxdur.

Bir sözlə, Sumqayıt Tibb Mərkəzinin fəaliyyəti sübut edir ki, TƏBİB-in sadəcə ölkə paytaxtında deyil, həm də yerlərdəki fəaliyyəti sürətlə genişlənməkdə, həm kəmiyyət, həm də keyfiyyətcə artmaqdadır. Ölkəmizin səhiyyə sistemində aparılan islahatların ardıcıllığı onu deməyə əsas verir ki, yaxın gələcəkdə TƏBİB-in cəmiyyətimizin həyatındakı rolu daha da artacaq, vətəndaşlarımızın tibbi xidmət təminatı daha da yüksələcəkdir.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər