Yaxın Şərqdə enerji yollarının təhlükəsizliyi ətrafında gərginlik yenidən artmaqdadır. Böyük güclərin regionda aktivləşməsi isə vəziyyəti təkcə lokal deyil, qlobal səviyyədə riskli edir. Xüsusilə strateji boğazlar üzərində nəzarət uğrunda rəqabət yeni qarşıdurma ehtimallarını gündəmə gətirir. Bu fonda atılan hər addım yalnız hərbi deyil, həm də siyasi mesaj kimi qiymətləndirilir.
Mövcud vəziyyətlə bağlı Moderator.az-a danışan politoloq Turan Rzayev bildirib ki, ABŞ-ın Hörmüz boğazı ətrafında həyata keçirdiyi blokada təşəbbüsü formal olaraq İrana qarşı yönəlsə də, əslində daha geniş geosiyasi təsirlər doğurur və bölgədə təhlükəsizlik mühitini daha da həssaslaşdırır:

"Əməliyyatın dəstəklənməsi məqsədilə çoxsaylı hərbi dəniz qüvvələrinin bölgəyə yönləndirilməsi, o cümlədən USS George H.W. Bush aviadaşıyıcısının Cəbəllütariq boğazı üzərindən keçərək Aralıq dənizi hövzəsinə daxil olması Vaşinqtonun planlı və mərhələli hərəkət etdiyini göstərir. Gözləntilərə görə, bu zərbə qrupunun qısa müddətdə əməliyyat zonasına çatması nəzərdə tutulur.
Bununla belə, proses yalnız Tehranla məhdudlaşmır. Enerji marşrutlarına yüksək asılılığı olan Çin bu dinamikanı öz milli maraqları üçün risk kimi dəyərləndirir və buna uyğun addımlar atmağa başlayıb. Pekin hərbi-dəniz qüvvələrinin regionda fəaliyyətini artırmaqla yanaşı, öz ticarət gəmilərinin qorunmasına yönəlmiş tədbirlər görəcəyini açıq şəkildə bəyan edib".
Politoloq əlavə edib ki, bu isə sadəcə təhlükəsizlik tədbiri deyil, eyni zamanda beynəlxalq arenaya ünvanlanan siyasi siqnaldır:
Mövcud reallıqda ABŞ və Çin arasında açıq hərbi qarşıdurma ehtimalı aşağı qiymətləndirilsə də, tərəflərin bir-birinə yaxın məsafədə güc nümayişi etməsi ehtimalı artır. Bu cür vəziyyət isə tarixdəki Karib böhranı kimi kritik qarşıdurma modellərini xatırladır və analitiklər tərəfindən yeni bir “Hörmüz böhranı” ssenarisi kimi dəyərləndirilir. Hazırkı addımlar hələ ehtimal səviyyəsində qiymətləndirilsə də, tərəflərin paralel şəkildə hərbi mövcudluğunu gücləndirməsi bu ssenarinin aktuallığını artırır".
Pərvin Şakirqızı