Ukrayna ordusu Kursk istiqamətində Rusiyaya mxəsus bir neçə yaşayış məntəqəsini ələ keçridikdən sonra Belqorod istiqamətində də aktivləşməkdədir. Məhz bu səbəbdən də Rusiyanın dövlət orqanları Kursk istiqamətdə olduğu kimi, Belqorod istiqamətində də minlərlə insanın təxliyyəsini həyata keçirməkdədir.
Maraqlıdır, müharibənin Rusiya ərazisinə keçməsi, bu səbəbdən də minlərlə insanın ev-eşiyindən didərgin düşməsi anti-Putin hərəkatına səbəb ola bilərmi?
Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə yaxın gələcək üçün bu ehtimalı real hesab etmədiyini vurğulayıb:
“Ukraynanın hücumu nəticəsində Kursk və Belqorod ərazisilərində Putinlə bağlı müəyyən narazılıq yaransa da, bunun Rusiya miqyasında anti-Putin hərəkatına çevriləcəyini düşünmürəm. Hesab edirəm ki, bu, yaxın gələcək üçün gözlənilən deyil.
Bundan başqa, hesab edirəm ki, Rusiya Ukraynanın bu həmləsinə qarşı cavab addımları atacaq. Putin bununla göstərməyə çalışacaq ki, o, Rusiyanın, onun vətəndaşlarının təhlükəsizliyini təmin etməyə qadirdir.
Bütövlükdə isə, Ukrayna-Rusiya müharibəsinin bugünü ilə bağlı baş verənlərin gələcəkdə nələrə səbəb olacağını qəti şəkildə söyləmək mümkün deyil. Hər şey proseslərin gedişatından asılı olacaq. Hələliksə bunu söyləyə bilərik ki, proseslər müharibənin daha da alovlanacağını göstərir”.
Seymur ƏLİYEV