1671
05 Oct 2024 | 10:42

"Terroru, vəhşəti, qətliamı dəstəkləyən hansısa dövlət, yaxud xalq haqlı ola bilməz…”

“ “HƏMAS” təxminən bir il öncə İsrail ərazisinə hücum edərək yüzlərlə dinc yəhudini qətlə yetirəndə haqsız olduğu kimi, bu gün də Qəzzada, Livanda həmin “HƏMAS”, yaxud “Hizbullah” döyüşçüləri ilə mübarizə adı altında yüz minlərlə insanı güllələr, raketlər, bombalarla qətlə yetirən İsrail də haqsızdır...”
 
Yaxın Şərqdə 75 ildən çoxdur ki, demək olar ki, ardıcıl davam edən gərginliyin yaranmasında bir sıra ziddiyyətli məqamlar var. Sırf müsəlman təəssübkeşliyi baxımından yanaşdıqda, əlbəttə, dinc İsrail xalqına qarşı olan terror hücumlarını da təqdir etməməklə Fələstin xalqı haqlı hesab edilir. Çünki yeni yaranan İsrail dövləti bu xalqın torpaqlarını işğal etməyə başlayıb. Və onu da deyək ki, zaman-zaman oxşar terror hərəkətləri, İsrail dövləti tərəfindən yox, məhz yəhudilərin yaratdığı terrorçu qruplar tərəfindən də törədilib. Amma son 30-40 ildə daha çox Fələstin və Livan ərazisində peyda olan və əsasən İran tərəfindən dəstəklənən “FƏTH”, “HƏMAS”, “Hizbullah” kimi qruplaşmaların adı hallanıb və İsrallə yanaşı, bir sıra dövlətlər də onları terrorçu təşkilatlar kimi tanıyıb. Bəs görəsən, kim haqlıdır İsrail, yoxsa Fələstin? İsrail yoxsa, İran? İsrail, yoxsa “HƏMAS”? İsrail, yoxsa “Hizbullah”? 
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli bunları söyləyib:
 
“Bu münaqişədə, bu müharibədə heç bir xalq, heç bir dövlət haqlı deyil, çünki müharibə Yaxın Şərqdə yaşayan bütün xalqlarin başi üzərində Domokl qılıncı kimi asılıb. Xalqların isə sülh və əmin-amanlıq şəraitində yaşamaqları hər şeydən üstündür. İstər İsrail, istərsə də Fələstin  sülh sazişinə gəlməlidirlər, əks halda onlar dütün dünyanı, bəşəriyyəti dağılmaq, yox olmaq təhlükəsi qarşısında qoyurlar. Müsəlman, yəhudi, xristian olmasına rəğmən, heç bir dövlət, heç bir xalq terroru, qətliamları, soyqırımları dəstəkləməməlidir. Bu gün Qəzzada  bütün dünyanın gözü qarşısında dinc insanlar, qadınlar, qocalar, günahsız körpələr, uşaqlar həlak olur. Özü də on minlərlə… Terroru, vəhşəti, qətliamı dəstəkləyən hansısa dövlət, yaxud xalq haqlı ola bilməz… “HƏMAS” təxminən bir il öncə İsrail ərazisinə hücum edərək yüzlərlə dinc yəhudini qətlə yetirəndə haqsız olduğu kimi, bu gün də Qəzzada, Livanda həmin “HƏMAS”, yaxud “Hizbullah” döyüşçüləri ilə mübarizə adı altında yüz minlərlə insanı güllələr, raketlər, bombalarla qətlə yetirən İsrail də haqsızdır. Çıxış yolu kimin haqlı, kimin haqsız olduğunu düşünmədən hərbi əməliyyatları dayandıraraq danışıqlar masasında oturub ortaq məxrəcə gəlmək lazımdır. Ancaq təəssüf ki, gerçəklik budur ki,  tərəflərdən heç biri ortaq məxrəcə gəlmək haqda düşünmür…  Belə olan halda Azərbaycan xalqı da, öncə dediyim kimi, öz dövlət maraqlarından çıxış etməli, heç bir ölkənin tərəfini saxlamamalıdır.  Həm də ona görə ki, biz kiçik ölkəyik. Biz də ən azı, son 30 ildən çox müddətdə terrorun, müharibənin, ölümün, dağıntının  və s. nə olduğunu yaxşı bilirik. Və bizim hələ Ermənistanla bağlı çoxlu həll edə bilmədiyimiz məsələlər var…”
 
Sultan Laçın
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər