Torpaq vətəndir! Vətən isə elə aid olduğun məmləkətdən başlayır. Mənim vətənim Azərbaycan, ata yurdum isə Kəlbəcərdir. Doğulduğum gündən 30 il düşmən tapdağı altında qalan el-obamın həsrəti ilə alışıb-yandığı torpağımın nisgili ilə böyümüşəm. Bu nisgilin, həsrətin sonunda – vüsal anında, sevincimin kədərə, ağrıdan çıxıb ağrıya düşdüyüm, arxa-dayağımı itirdiyim Kəlbəcərə gedirəm...
Burada doğulub böyüməmişəm. Amma gözümü açan gündən atamın hər cümləsinin mübtədası da, xəbəri də Başlıbel olub. Bütün bu illər boyu ondan eşitdiklərim məndə bura ilə bağlı xeyli təəssürat yaradıb. Görməsəm də, sanki oraları tanıyır, bilir, addım-addım bələd idim hər qarışına.
Başlıbelə küsümmü, sevimmi, inciyimmi, barışımmı bilmirəm. Heç indi keçirdiyim hissimin adını da bilmirəm.
Başı bəlalı Başlıbelim!
Bir ömür özünə həsrət qoyan, qovuşduqda isə sevdiklərini özü ilə aparan, bağrına basan Başlıbelim!
Məni və mənim kimi nə qədər gənci arxasız, dayaqsız qoyan Başlıbelim.
Atam Zülfüqar Hüseynzadə buralar haqqında o qədər danışmışdı ki… Özümü buralarda böyümüş kimi hiss edirəm. Buradan vətən, ata qoxusu gəlir. Burada keçməyən uşaqlığımın səsləri gəlir, daşlarda-qayalarda donub qalan şaqraq gülüşlərin əks-sədası gəlir. Nə vaxtsa od-ocaq olan evlərin bacasının tüstüsü gəlir, evlərin, ailələrin xoş sevdası gəlir, bir gün elsiz-obasız qalacağından bixəbər olan saf insanların gülüşləri gəlir. İçimdə həm sevinc, həm kədər bir-birinə sarılıb. Çünki atamı düşünürəm. Bir il bundan öncə atam məhz bu tarixdə Başlıbelə gəlmişdi. Evdən çıxarkən “Torpağıma gedirəm”, - demişdi. Onun Başlıbelə gəlişi sonuncu oldu. Əslində, o bura – ata yurduna gəlməmişdi, dönmüşdü. Necə ümidlərlə, necə böyük həyəcanla, sevgiylə, əlləri, ayaqları əsə-əsə, gözləri dolaraq dönmüşdü. Bəlkə də, bütün ürəyindəki xatirələri bir xurcuna yığıb dönmüşdü. Necə böyük arzularla, burada yenidən yurd-yuva qurmaq həvəsi, burada yaşamaq, burada yaşlanmaq həvəsi ilə dönmüşdü. Bəlkə də, ömrünün qalan hissəsini elə burada qalmaq ümidi ilə gəlmişdi. Amma ömrünün qalanı elə həmin o gün oldu. Həmin o bir gün – Başlıbelə döndüyü gün. Və Başlıbeldə başladığı həyatı Başlıbeldəcə sona yetdi...
Bir il sonra həmin o Başlıbeldəyəm, can alan, can verən... Mən "torpağıma yox, atamın yanına gedirəm" deyərək çıxdım evdən. Onun ruhu bu dağlardadır, bilirdim. Onun ruhu sağ ikən də burda idi. Xəyyallarında, düşüncələrində, məni əzizləyərkən belə Başlıbelə aparacağını deyirdi. İkimizi birdən sevirdi. Başlıbeli və məni. İkimiz də burdayıq. Bəs sən haradasan, ay ata? “İndi Başlıbeldə olmaq üçün hər şeyi qurban verərdim” -deyirdi. Eh ata... Mən bu gün Başlıbeldəyəm amma sənsiz... Sən mən səni tanıyandan Kəlbəcər həsrəti ilə yaşadın. Və Kəlbəcəri görüb bu dünyadan köçdün, ata. Sənin həsrətin bizim sənə olan həsrətimizin başlanğıcında bitdi...
Biz sənin Vətənin ilə görüşünə, arzusunda olduğu vüsalına ölüm dedik... Bəlkə də, “Başlıbeldə öldür məni” deyib, neçə dəfə əl açmışdı Allahına... Allah sevdiyi bəndələrinin dualarını eşidər deyirlər. Duaların içindən seçib bizə bəxş etdiyin bu olmamalı idi axı, ata...
Sən tədarük görmüşdün, dağıdılmış, yandırılmış ata evini bərpa etmək, nənənin məzarını tapmaq istəyirdin. Öz əllərinlə Başlıbeldə çadır qurmuşdun. Bir neçə il əvvəl Başlıbel qırğınında qətlə yetirilmiş həmkəndlilərinin qalıqlarının aşkarlanması, onların dəfn edilməsi səni o qədər ümidləndirmişdi ki. Əmin idin ki, atasnın məzarına bir gün nənənin məzarından torpaq gətirəcəksən. Bu gün canını tapşırdığın yerdəyəm. Buradan məzarına atmaq üçün torpaq aparmağa gəlmişəm. Deyirəm, bəlkə, ruhun bununla rahatlıq tapar. Məzarının harada olmasından asılı olmayaraq ruhunun burada olduğunu hiss edirəm, bilirəm və hətta əminəm… Bizimləsən, qəlbimizdəsən. Səni heç vaxt unutmayacağıq.
Görüşənədək, ata...
Səni sevən oğlun Hüseyn Zülfüqaroğlu