İşğal zamanı doğma kənddən sonuncu çıxdı- azad edildikdən sonra birinci döndü... Heyf ki....
Ekskluziv
2117
01 Dec 2024 | 10:26

İşğal zamanı doğma kənddən sonuncu çıxdı- azad edildikdən sonra birinci döndü... Heyf ki....

“Bu yalnız son 6 ay ərzində hələ nə vaxt bərpa ediləcəyi bilinməyən Ağanus kəndinin 3-cü itkisidir... Tələsmək lazımdır!..”
 
Səməd Səmədov: “Qaladərəsindəki filizlər qızıl kimi parlayırdı...”- Moderator.az
 
Artıq 33 ilə yaxındır Rusiyanın fətvası və dəstəyi ilə işğal edildikdən sonra hələ də xarabalıqları qəlbimizi dağlayan ata-baba yurdumuzun – Laçın rayonunun Ağanus kəndinin daha bir sakini - doğma obada məskunlaşmaq arzusu ürəyində közə dönmüş Səməd Səmədov da Haqq dünyasına qovuşdu...
Səməd kəndimizin cəsarətli, hünərli, həm də fiziki baxımdan ən güclü cavanlarından biri idi... Həm də şox şən, həyat eşqli və baməzə insan idi... Onun yerində, məqamında deyilmiş bir çox sözləri obamızda məsələ, lətifəyə çevrilmişdi... 
 
Yaxşı yadımdadır... 1992-ci il mayın 17-də günorta saat 2-3 radələrində  artıq erməni işğalçı və terrorçu dəstələri Şuşa rayonunun qonşu Kiçik Qaladərəsi kəndi istiqamətindən yaxınlaşdığı çox təhlükəli bir məqamda bu sətirlərin müəllifi də daxil olmaqla kəndimizin müdafiəsinə qalxan sakinlərdən biri də Səməd oldu. Həmin kiçik müdafiə dəstəsində şəhid Milli Qəhrəmanımız İsrafil Şahverdiyevin qardaşı Rəsul Şahverdiyev, Səmədin bacısı oğlu Əvəz İbrahimov, sinif yoldaşı, kəndimizin ilk şəhidi Təvəkkül Məhərrəmovun oğlu Əvəz Məhərrəmov, Laçın alayının döyüşçüsü Cümşüd Sultanov da var idi... Səməd də digərləri kimi sayca və silahlanmasına görə qat-qat üstün düşmənlə son gülləsinədək döyüşdükdən sonra Ağanus kəndini tərk etmişdi... Bizlər kimi onun ürəyi də 30 ildən çox müddətdə doğma yurdun, ocağın həsrəti ilə yara bağladı...
 
Tale elə gətirdi ki, 2020-ci ilin dekabrında şəhid və qazilərimizin canı-qanı sayəsində Laçın rayonunun azad edilməsindən və Laçın şəhəri də ermənilərdən təmizləndikdən sonra 2022-ci ildə kəndimizə ilk dönən iki nəfərdən biri də Səməd oldu... Həmin vaxt Ağanus kəndi Laçın “dəhlizi”nə yaxın digər kəndlər kimi hələ də Rusiya “sülhməramlı”larının nəzarətində idi... Səməd digər cəsarətli, vətənpərvər həmkəndlimiz Elçin Məhərrəmovla birgə bütün bu və digər əngəlləri aşaraq, ürəyindəki ciddi problemlərə, ağır çəkisinə, mina, ilan və s. təhlükələrə rəğmən xeyli yolu piyada qət edərək, əlində balta ilə tikanlı ağaclar, kollar arasından yol açaraq böyük çətinliklə doğma kəndinə, evlərinin xarabalıqlarınadək gedib çıxmış, kəndin daş-torpaq basmış əsas bulağını təmizləyib üzə çıxararaq onun suyundan içmiş, doğmalarımızın uyuduğu məzarlığımıza baş çəkmişdi...
 
2022-ci ilin mayında hələ işğaldan öncə ermənilərin yaşadığı Kiçik Qaladərəsi kəndi yaxınlığında qazılmış faydalı qazıntı mədənində qızıl olub-olmaması ehtimalını araşdırarkən 1978-1979-cu illərdə həmin tuneldə fəhlə kimi çalışmış Səməd Səmədovdan(yazıda səhvən Məhərrəmov soyadıyla verilib) da Moderator.az saytına “Qaladərəsindəki filizlər qızıl kimi parlayırdı...” başlıqlı çox maraqlı bir açıqlama vermişdi(bax: burada:)- Texniki səbəblərdən saytımızın arxivindən tapa bilmədiyimiz üçün yazını olduğu kimi vermiş digər saytın linkini təqdim edirik)...
 
Çox təəssüf ki, Səməd də bir çox digər həmkəndlilərimiz kimi bərpa ediləcək doğma kəndimizdəki yeni evinə köçmək arzusu ilə dünyasını dəyişdi...
 
Bu yalnız son 6 ay ərzində hələ nə vaxt bərpa ediləcəyi bilinməyən Ağanus kəndinin 3-cü itkisidir... Tələsmək lazımdır!..
 
Allah Səmədə və son 33 ildə doğma torpaq həsrəti ilə dünyasını dəyişmiş həmkəndlilərimiz də daxil olmaql bütün soydaşlarımıza rəhmət eləsin!
 
Allah  cümlə şəhidlərimizə rəhmət eləsin!..
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər