Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
8015
01 Jun 2024 | 19:49

“Vəzifəlinin var-yoxunu vəzifədə ikən sayarlar... - Özü də rəsmi...”

“Atalar boş yerə deməyib ki, daldan atılan daş topuğa dəyər..." 
 
"Elə ki, “o kişi” vəzifədən çıxarıldı, yaxud tutuldu, başlayırlar artıq özünü yox, var-yoxunu saymağa və hələ üstəlik, var-yoxunu söyməyə: “Onun Allah cəzasını bol eləsin,  belə rüşvətxor idi, belə zülmkar idi, camaata göz verib işıq vermirdi...”
 
"Artıq gecdi... Bunları vaxtında demək lazım idi, belələri həmin 20-30 il ərzində özləri, ailələri, tayfaları doyunca, fısqırınca yeyib-dağıtmaqdan əlavə, özləri kimi yüzlərlə xain, satqın, agent, rüşvətxor, korrupsioner yetişdirib buraxıblar dövriyyəyə... Bu xasiyyət ki biz də var, hələ bir 20-30 il də belələri fırladacaq bizi...”
 
"Xatırladaq ki, ölkə Prezidentinin 2005-ci ildə  təsdiqlədiyi “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”na əsasən həmin qaydalarda nəzərdə tutulmuş vəzifəli şəxslər o cümlədən deputatlar vəzifələrinin icrasına başladıqları gündən 30 gün ərzində bəyannamə təqdim etməlidirlər. Və eyni zamanda hər il yanvarın 1-dən 30-dək eyni məzmunlu bəyannamə təqdim etməlidirlər..."
 
-FİKİR SAVAŞI...-
 
O günləri məmləkətin ən kasıb  bölgələrindən birinin başçısını vəzifəsindən çıxarıblar-  indi, neçə gündür ayağı yer tutan, əlinə qələm, telefon keçən, külli-aləm düşüb binəvanın üstünə; nə bilim,  bu qədər varı var idi, o qədər binası var idi, bu sayda maşını vardı, belə dağıtdı, belə yedi...
 
Son onilliklərdə bu bir adət halını alıb; kimsə babat vəzifə başında olanda onun varını, dövlətini, obyektini-filanını nə rəsmən, nə qeyri-rəsmi sayan olmur, saysalar da dalda da, qorxa-qorxa, pıçıltıyla... Nədən ki, çoxları o vəzifədə ikən “kişi”nin özünü “sayır”(yəni nəyinsə xatirinə müvəqqəti, işi keçənədək), yuxarılardan hansısa sirli əllər onu qoruyur, aşağılardan isə çoxları nəinki o başçını, naziri və s. “sayır”(eyni qaydada...),  həm də ona yalmanır, yaltaqlanırlar(“filankəs müəllimi filan məclisdə gördüm,  əşşi, kişinin fərasəti var, yeyib dağıdır da...”), ona yaxınlaşıb  bir iş görmək üçün “kanal” axtarırlar(“gör "o kişi"yə bir yol tapa bilirsən, bizim uşağa da bir babat iş versin...”) və s. və i a. 
 
Elə ki, “o kişi” vəzifədən çıxarıldı, yaxud tutuldu, başlayırlar artıq özünü yox, var-yoxunu saymağa və hələ üstəlik, var-yoxunu söyməyə: “Onun Allah cəzasını bol eləsin,  belə rüşvətxor idi, belə zülmkar idi, camaata göz verib işıq vermirdi”... Vaxtilə həmin “kişi”nin özünün, yaxud müavininin, köməkçisinin kabinetindən cibi dolu çıxan özünü “jurnalist” hesab edənlər də  başlayırlar “sensasyon” yazılar yazmağa: “filan yerdə bu qədər torpağı zəbt eləmişdi, bu qədər meşəni qırdırmışdı, filan qədər obyekti var idi, “n” sayda evi var idi...” və s. və i.a.
 
Əvvəla, qanundan, ədalətdən danışırıqsa, hər bir vəzifə başına gətirilənin var-dövlətini elə vəzifə başında ikən sayarlar... Özü də qeyri-rəsmi yox, rəsmi... Xatırladaq ki, ölkə Prezidentinin 2005-ci ildə  təsdiqlədiyi “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”na əsasən həmin qaydalarda nəzərdə tutulmuş vəzifəli şəxslər o cümlədən deputatlar vəzifələrinin icrasına başladıqları gündən 30 gün ərzində bəyannamə təqdim etməlidirlər. Və eyni zamanda hər il yanvarın 1-dən 30-dək eyni məzmunlu bəyannamə təqdim etməlidirlər. Yəni bu minvalla hər bir müvafiq vəzifəli məmurun var-yoxunu saymaq  mümkündür. Əgər hər hansı məəmur varidatını başqalarının adlarına yazdıra bilibsə, bunu da müəyyən edib təsdiqləmək müvafiq qurumlar üçün çox asandır... 

.Yoxsa, kimsə, hansısa bloger-filan bu işi görəcəksə, yəni yüksək və babat vəzifəli məmurların, yaxud deputatların var-yoxunu sayacaqsa,  əlaqədar qurumlar da buna reaksiya verməyəcəksə(halbuki verməlidirlər), heç bir faydası yoxdur... Jurnalistlər də “o kişi” var-yoxunu sayırsa, onu şantaj etmək, ondan nəsə qoparmaq, yaxud ondan yuxarıdakı kiminsə sifarişini yerinə yetirmək xatirinə yazmamalıdır(belə yazan artıq jurnalist yox, zurnalist, yaxud reket olur...) Vəzifəlinin  haqqında nəsə tənqidi yazı, araşdırma yazırlarsa, yaza bilirlərsə, sırf ədalət naminə, peşəkar jurnalist kimi yazmalıdırlar...

 
İkincisi də, vəzifədən çıxarılanlardan söhbət gedirsə, yenə dövlət baba özü bilər, əlbəttə, qanun çərçivəsində, işində korrupsiya  yaxud digər cinayət əməli varsa, var-yoxunu sayar,  yeyib-dağıtdıqlarına uyğun olaraq qazamata basdırar, yoxdursa, azadlıqda qalar... 
 
Üçüncüsü də, atalar boş yerə deməyib ki, daldan atılan daş topuğa dəyər. Yəni birini vəzifəyə gətirəndə yuxarılar biləndə yuxarılar,  aşağılar biləndə aşağılar deməlidir ki, Məşədi İbadın sözü olmasın, bu “kişi”dir, yoxsa “arvad”... “Arvad”dırsa, yəni məqsədi qanunla, dövlət, xalq naminə vəzifəsini icra etmək yox, yeyib-dağıtmaq, rüşvət, korrupsiyadırsa, isti-isti “boşama”- qovmaq lazımdır... Yoxsa, birini 20 il başçı qoyuruq, yeyib-dağıdır, camaatı çalıb-çapır - axırda bizə “çatır” ki, əşşi, bu ki, “kişi” yox, “arvad” imiş... O birini 30 il administrasiya rəhbəri qoyuruq, vəzifədən çıxarılandan sonra dünən ona yalmananlar başda olmaqla hamı başlayır ki, pahatonnan, bu alçaq xalqa xəyanət edirmiş, Rusiyaya işləyirmiş, digərini 27 il baş qərargah rəisi kimi işlədirik, vəzifəsindən azad edəndən sonra yenə dünən ona diplomat daşıyanlar başda olmaqla hamı başlayır ki, əşşi, bu qurumsaq da xain imiş, nə bilim, “QRU”-nun agenti imiş, milyardları çapıb-talayıb... Noolsun... 
 
Artıq gecdi, bunları vaxtında demək lazım idi; belələri həmin 20-30 il ərzində özləri, ailələri, tayfaları doyunca, fısqırınca yeyib-dağıtmaqdan əlavə, özləri kimi yüzlərlə xain, satqın, agent, rüşvətxor, korrupsioner yetişdirib buraxıblar dövriyyəyə... Bu xasiyyət, bu yaltaqlıq, məddahlıq ki biz də var, hələ bir 20-30 il də belələri fırladacaq bizi...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər