“Yeni çəkilən filmlərdə bəzən başqa ölkələrin musiqiləri oğurlanaraq istifadə olunur. Ümumiyyətlə, filmlərimizdə çox problemlər var. Həm rejissor işində, həm ssenaridə, həm aktyor işində, həm də texniki işlərdə. Bu, həm seriallarımıza, həm də tammetrajlı bədii filmlərimizə aiddir. Xüsusilə, seriallarda çox böyük problemlər var. Ləhcədən tutmuş, jestlərə qədər.”
Bu sözləri Moderator.az saytına müsahibəsində bəstəkar, musiqişünas, hərbi mövzu, kino və teatr tamaşaları üçün musiqilər bəstələmiş, bir çox hitlərin müəllifi, eyni zamanda ömrünün 33 ildən çoxunu uşaq musiqilərinə həsr etmiş, 100-dən çox uşaq mahnısının, “Can bala”, “NM” qruplarının yaradıcısı Məryəm Əlibəyli deyib.
O, bu sahədəki mövcud problemləri dilə gətirib.
“Uşaq vaxtı televizorda hansısa tamaşaya baxardım, işıq sönər, tamaşa yarımçıq qalardısa, oturub ağlayardım. Teatra bu qədər bağlı olmuşam. Uşaqlıqdan hekayələr, şeirlər yazmışam, daha sonralar musiqilər yazmışam. Bu baxımdan, Azərbaycan kinosuna çox bağlı insanam. Ona görə bu mövzuda olan problemlər məni incidir. Hətta deyərdim ki, bizdə həm yaşlı nəsil, həm də gənc nəsil arasında çox yaxşı aktyorlarımız var, lakin onları tapıb üzə çıxara bilmirik. Həmişə zarafatla deyirəm ki, Hollivud və ya Bollivud aktyorları bizim kino aləminə bircə ay tab gətirə bilməzlər. Yəni, bu şəraitdə işləyə bilməzlər. İnsana təsir edəcək, qeyri-standart, tərbiyəvi ssenarilər qıtdır. Sonuncu bəyəndiyim film “Əqrəb mövsümü” idi. Orda səhvlər az, həyəcan çox idi. Yaxşı aktyor seçimi var idi. Ümumiyyətlə, Emin Quliyevin bir çox filmlərinə baxıram, təsirlənirəm, bəyənirəm.”
Bəstəkar deyir ki, film musiqilərinin bəstələnməsi eyni insanlar tərəfindən icra olunur deyə, nəticədə, oxşar bəstələr ərsəyə gəlir, eyniyyət hiss olunur.
“Amma yenə də qayıdıram öz fikrimə. Bizim əksər rejissorlar anlamır ki, filmin musiqisi əsas təsiredici qüvvədir. Mən dəfələrlə məşhur və ya az tanınan rejissorlarımızla danışmışam. Demişəm ki, niyə indi çəkilən filmlərdə musiqi 3-cü, 4-cü planda yox e, lap axırdan birinci yerə qoyulur? Azərbaycanda serial və ya kino musiqini yazmağı bir-iki adama tapşırırlar. O da hansısa qohumluq, tanışlıq əsasında. Ya da rejissor deyir ki, “mən tanımıram, qardaşımın dostu var, o yazacaq musiqini”, ya da produser deyir ki, “rejissorun dostu yazacaq musiqini.” Nəticədə, 6-7 seriala baxırsan ki, eyni musiqi.”
Məryəm Əlibəyli təklif edir ki, retro musiqilərin tərzində yeni musiqilər bəstələnsə, həm dinləyici, tamaşaçı bəyənər, həm də musiqi ənənələrimizə çox yadlaşmarıq.
“Mənə təklif gəlib, deyiblər ki, filmə musiqi yazın, amma “İçəridə” serialı var a, ona oxşasın. Niyə? Nə üçün? Mən demirəm ki, qayıdaq retro musiqilərə, köhnə filmlərdəki kimi musiqilər yazaq. Yox. Onlara əsaslanaraq, onların ruhunu daşıyaraq, müasir tamaşaçının bəyəndiyi tərzdə yeni musiqilər bəstələnməlidir. Demək istəyirəm ki, kino musiqisi hazırda bir neçə adamın əlində cəmləşib, ona görə hamısı bir-birinə bənzəyir. Ən yaxşı halda belə olur. Ən pis halda isə, kinonun musiqisini ümumiyyətlə, bəstəkara həvalə etmirlər. Gedib hardansa musiqiləri tirajlayıb, “Qara sevda”nın, “İçəridə”nin musiqilərinə oxşar musiqiləri plagiat formada göndərirlər. Bizimkilər də “bəh-bəh”lə onu öz filmlərində istifadə edirlər. Kinonun musiqisi onu yaşadır, əslində. Məsələn “Təhminə” filmi. Bu filmi hamı sevir. Orda səslənnə “Əlvida” mahnısını hamımız əzbər bilirik, Emin Sabitoğlunun bəstəsi. O filmin çəkilməsindən illər keçir, nə zamansa bu musiqini eşidəndə insanın yadına “Təhminə” filmi düşür. Musiqinin gücü budur. Film musiqisi yazan bəstəkarlarımız azdır. Bu, xüsusi bacarıq tələbat edir. Necə ki, hər adam uşaq musiqisi yaza bilməz. Bunu deyirəm, nöqtəsini qoyuram, altından da xətt çəkirəm. Hazırki vəziyyətdə ya film musiqisi üçün ayrılan pul kimlər tərəfindənsə yeyilir, yaxud da kimsə öz dost-tanışına yazdırır. Nəticədə qeyri-professional iş ərsəyə gəlir.”
Moderator.az