2105
16 Nov 2023 | 17:29

"İran üç atom bombası yarada bilər" - MAQATE

 
"İran hər ay təxminən 3 kq, bəzi aylarda isə 9 kq uranı 60 faizədək zənginləşdirir..."
 
"ABŞ-ın Trampın rəhbərliyi ilə İranın nüvə proqramına dair sazişdən çıxmasından sonra İran MAQATE-nin tələblərini icra etməkdən imtina edir..."
 
İran bir neçə nüvə bombasının yaradılması üçün kifayət edən zənginləşdirilmiş uran ehtiyatlarını toplayıb və BMT-nin tələblərini icra etməkdən imtina edir.
 
Moderator.az xəbər verir ki, bu barədə MAQATE-nin daxili hesabatlarında deyilir. Məlumatı "Reuters" beynəlxalq xəbərlər agentliyi yayıb.
 
"İran artıq 60 faizədək zənginləşdirilmiş 128, 3 kq urana malikdir, bundan sonra urannın 90 faizədək zənginləşdiriləcəyi təqdirdə üç nüvə bombasının istehsalına kifayət edəcək", - MAQATE-nin hesabatında deyilir.
 
MAQATE-nin məlumatına görə, İran hər ay təxminən 3 kq, bəzi aylarda isə 9 kq  uranı 60 faizədək zənginləşdirilir.
 
"İran dünyada nüvə silahı istehsal etməməklə uranı bu səviyyəyədək zənginləşdirən yeganə ölkədir", - bu barədə agentliyə ABŞ-ın yüksək vəzifəli diplomatı bəyan edib.
 
Bu ilin may ayında İsrailin müdafiə naziri Yoav Qalant bəyan edib ki, İranın sərəncamında beş bomba istehsalı üçün lazım olan nüvə materialı var.
 
"İranın nüvə proqramı ən inkişaf edən mərhələdədir. Onu bir bomba qane etmir", - Qalant deyib.
 
Elə həmin ayda MAQATE İranda məxfi nüvə obyektinin mövcud olduğunun mümkünlüyü ilə bağlı araşdırmasının dayandırılması haqqında məlumat verib. Bu barədə bundan öncə baş nazir Binyamin Netanyahu məlumat verib. 
 
MAQATE-nin bəyanatında deyilib ki, İran bu obyekt barədə qaneedici izahat verdiyinə görə agentlik əməkaşlarının bununla bağlı sualları qalmayıb. İranlıların 2019-cu ildə İsfahandan cənuba yeni nüvə mərkəzinin inşası haqqında İsrail xüsusi xidmət orqanlarının məlumatı barədə Netanyahu 2019-cu ildə bəyan edib.
 
Eyni zamanda, MAQATE məlumat verib ki, agentliyin müfəttişlərində İslam Respublikasının ərazisində digər iki obyektin xarakteri barəsində şübhələr mövcuddur. 
 
Onların biri barəsində, Tehranın Turkozabad məhəlləsində nüvə materiallarının saxlanc yeri haqqında Netanyahu dörd il öncə məlumat verib.
 
İran MAQATE-nin tələblərini icra etmir
 
2015-ci ildə İran ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Almaniya və Fransadan ibarət "altılar qrupu" ilə Birgə hərtərəfli fəaliyyət planı (BHFP) imzalayıb.
 
Bu plan öz nüvə proqramının dayandırılması müqabilində İrana qarşı iqtisadi sanksiyaların tədricən ləğv edilməsini nəzərdə tutub.
 
Lakin 2018-ci ildə ABŞ Trampın rəhbərliyi altında sazişdən çıxması barədə elan edib. Tehran cavabında müqavilənin üzərinə düşən hissəsindən imtina etməyə başlayıb.
 
Bir il öncə MAQATE Şurası İrandan Tehran tərəfindən elan edilməyən üç tapılan obyektdə uran izləri ilə bağlı araşdırma aparılmasını tələb edib. 
 
Sonradan MAQATE  siyahıdan obyektlərin birini çıxarıb, lakin araşdırmada irəliləyişə nail olunmayıb. Yalnız bu il İran tərəfindən ötən il çıxarılan müşahidə kameraları da daxil olmaqla monitorinq üçün avadanlığın yenidən quraşdırılması haqqında saziş qismən icra edilib. 
 
Nəhayət, sentyabr ayında Tehran MAQATE-nin bəzi təftişçilərinin akkreditasiyasını ləğv edib. Buna baxmayaraq, İran gələn həftə MAQATE Şurasının iclasında çətin ki, ciddi nəticələrlə üzləşsin.
 
Agentlik qeyd edir ki, ABŞ və Avropa İsrailin HƏMAS terrorçu hərəkatı ilə davam edən müharibəsi fonunda İranla diplomatik münasibətlərin gərginləşdirilməsindən yan keçməyə çalışır. Çünki Tehran və ya onun satellitlərinin bu savaşa müdaxilə edəcəyi təhlükəsi mövcuddur.
Link kopyalandı!
Son xəbərlər