Ekskluziv
1839
17 Jul 2023 | 12:41

"Avropa bunun hesabını ödəyir" - Bolqarıstan prezidenti Ukraynanı ittiham etdi və cavabını aldı

 
"Bu münaqişəyə nə qədər silah sərf edilirsə, bir o qədər çox insan həlak olur və müharibə uzanır..."
 
"Ukraynanın müdafiəsinə ayrılan vəsaitlər, əksinə, daha çox insan həyatının, onların evləri, övladları və ocaqlarının xilas edilməsi deməkdir..."
 
Bolqarıstan prezidenti Rumen Radev Ukraynanı Rusiya ilə müharibəni "qızışdırılmaqda" ittiham edib. O, bəyan edib ki, indi  Ukraynanın müdafiəsi üçün "bütün Avropa hesab ödəməli olur".
 
Moderator.az xəbər verir ki, o, bu fikri NATO-nun Vilnüsdə keçirilmiş sammitinin yekunları ilə bağlı bəyanatında ifadə edib. Məlumatı Bolqarıstanın "BNR" nəşri yayıb.
 
Radevin fikrincə, Bolqarıstan hökuməti "bizi hər vəchlə əmin etməyə çalışır ki, Ukraynaya hərbi yardım etmək bizim təhlükəsizliyimizi möhkəmləndirir".
 
"Əksinə, biz görürük ki, bu münaqişə sürətlə dərinləşir, qurbanların sayı getdikcə artır. Bu münaqişəyə nə qədər silah sərf edilirsə, bir o qədər çox insan həlak olur, müharibə bir o qədər də uzanır", - Radev bəyan edib və öz hökumətini "özünün fikir və mövqeyinin olmamasında" ittiham edib.
 
Onun bu şərhindən sonra ölkənin baş naziri Nikolay Denkov prezidentə "təxtibatla məşğul olmamağa" və Rusiya təbliğatının havasına oynamamağa çağırış edib. Denkov izah edib ki, bu sözlər Bolqarıstan hökumətinin mövqeyi kimi anlaşılmamalıdır.
 
"Bu gün o, Rusiyanın bəzi bəyanarlarını təkrarlayır ki, bunun da Avropa İttifaqı və NATO ölkələrinin mövqeyinə heç bir aidiyyəti yoxdur", - Denkov deyib və əlavə edib ki, "Rusiya qoşunlarının Ukraynadan çıxarılması yolu ilə mübaribənin sona çatmasına nail olmaq Bolqarıstanın milli maraqlarına cavab verir".
 
Onun fikrincə, müharibəni dayandırmağın ən qısa yolu Rusiya hakimiyyətinin "öz qoşunlarına Ukrayna ərazisindən rədd olmasına əmr verməsidir". Və "müharibə bir günün içində bitəcək", - Bolqarıstan hökumətinin başçısı əlavə edib.
 
Rumen Radevin sözlərinə Ukraynanın Bolqarıstandakı səfirliyi də münasibət bildirib. Diplomatik nümayəndəlik qeyd edib ki, Ukrayna "daha çox sülh istəyir", məhz Rusiya Federasiyası "müharibəyə təkid edir".
 
"Rusiya terrorçu dövlət olaraq Ukraynaya qarşı hərbi təcavüzünü davam edir, beynəlxalq demokratik birliyi nüvə silahı ilə təhdid və şantaj edir. Müharibənin günahını özünün şimal qonşusu tərəfindən xaincəsinə hücumuna məruz qalmış Ukraynanın üzərinə atmaq Rusiya təbliğatının və Avropada hibrid müharibəsinin ən geniş yayılmış priyomlarından biridir", - bəyanatda deyilir.
 
"Yalnız Kreml rejimi və onların ardıcılları Rusiyanın Ukraynaya qarşı müharibəsini "müharibə" adlandırmaqdan yayınır, bununla da Rusiya təcavüzünü və Ukrayna xalqına qarşı soyqırımını "münaqişə" və "xüsusi əməliyyat" adları altında ört-basdır edir", - səfirlik bəyan edib.
 
Ukrayna səfirliyi vurğulayıb ki, Ukraynanın müdafiəsinə vəsaitlərin ayrılması "qurbanlar və dağıntıların sayını artırmır", əksinə, "bu, daha çox sadə vətəndaşlar, onların ailələri, övladlarının həyatlarının, onların evləri və ocaqlarının xilas edilməsi deməkdir".
 
Səfirlik bəyan edib ki, Ukraynanın təhlükəsizlik zəmanətlərinin təmin edilməsi "həm də Avropanın, o cümlədən Bolqarıstanın da təhlükəsizliyinə zəmanət deməkdir".
 
"Yerli hakimiyyət orqanlarına seçki kampaniyasının başlanmasını nəzərə alaraq, səfirlik müəyyən siyasi qüvvələrə müraciət edərək Rusiyanın hərbi təcavüzündən əzab çəkən Ukraynanın ünvanına dar siyasi məqsədlər naminə ittihamlardan çəkinməyə çağırış edir...Ukrayna Bolqarıstan Respublikasına yardıma və siyasi, hərbi-texniki, maliyyə və humanutar sahələrdə daimi dəstəyə görə minnətdardır", - səfirliyin məlumatında deyilir.
 
Ötən həftə Bolqarıstan Ukraynaya böyük hərbi yardım paketi təqdim edib, buraya 100 vahud zirehli texnika (əsasən sovet istehsalı olan ZTR-lər) daxildir. Ukraynaya hərbi yardım haqqında məlumat ilk dəfədir ki, dərc edilib, indiyədək Bolqarıstanın hərbi yardımı məxfi olub.
 
İyulun 6-da Ukrayna prezidenti Vladimir Zelenski Bolqarıstana səfər edib. O, baş nazir Nikolay Denkovla Ukraynanın NATO-ya daxil olmasına dəstək barəsində bəyannamə imzalayıb və müdafiə sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib.
Link kopyalandı!
Son xəbərlər