"ABŞ hər zaman məsələlərin diplomatik yolla həllinə tərəfdar olub"
"Dünyada hər hansı ticarət məhdudiyyətləri tamamilə qəbuledilməzdir"
Nəyə görə Pentaqon Ukraynadan taxıl ixracını əvvəlcə diplomatik yolla həll etmək niyyətindədir?
Vaşinqton Ukraynadan Qara dəniz vasitəsilə ərzaq tədarükü məsələsini, imkanı olmasına rəğmən, əvvəlcə güc tətbiq etməməklə nizama salmağa ümid edir.
Moderator.az xəbər verir ki, bu məsələyə ABŞ müdafiə naziri Lloyd Ostin təhlükəsizlik üzrə illik "Dialoq Şanqri-la" konfransında aydınlıq gətirib.
Amerikanın hərbi dəniz qüvvələrini taxılın Ukrayna limanlarından daşınmasına cəlb edilməsi ilə bağlı sualı cavablandırarkən, Pentaqon rəhbəri təsdiqedici cavab verib.
"Əgər siz taxıl məsələsində regionda olan hərbçilərin öz töhfəsini verə biləcəyini soruşursunuzsa, bəli, biz bunu edə bilərik, - Pentaqon rəhbəri deyib. - Lakin biz həmişə ilk növbədə məsələlərin diplomatik yolla həllinə çalışırıq və mən bu istiqamətdə atılan çoxsaylı səyləri görürəm".
Xəbər verildiyi kimi, iyunun 9-da Avropa İttifaqı bütün ölkələrə Rusiyanın "Ukraynadan oğurladığı taxılı" almamağa çağırış edib.
Bu barədə Brüsseldə brifinqdə Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Peter Stano bəyan edib. O, həmçinin məlumat verib ki, Rusiya "oğurlanan bir partiya taxılı" Misirə satmağa cəhd edib, lakin bu ölkə bundan imtina edib.
"Biz ölkələri taxılın mənşəyini aydınlaşdırmağa çağırırıq", - Stano deyib
Öz növbəsində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayyen bəyan edib ki, hal-hazırda Ukraynadan 20 milyon tondan artıq taxılın Polşa, Slovakiya və Rumıniya vasitəsilə sürətlə daşınması üçün quru yaşıl yollar yaradılır.
"Biz bütün tərəfdaşlarımıza kənd təsərrüfatı məhsulları ilə ticarəti məhdudlaşdırmamağa çağırırıq, - Ursula fon der Lyayyen bəyan edib. - Nə bizim üzv ölkələrimizdə, nə də bütün dünyada hər hansı ticarət məhdudiyyətləri tamamilə qəbuledilməzdir".
Böyük Britanıyanın kənd təsərrüfatı naziri Viktoriya Prentis həmçinin beynəlxalq ictimaiyyəti Rusiyanın Ukraynanın işğal etdiyi ərazilərdən taxılı oğurlaması və bunun da dünyada ərzağın qiymətinə təsir göstərməsi barədə iddiaları dərhal araşdırmağa çağırış edib. Bu qiymətlər rekord həddə çatıb.
Prentis qeyd edib ki, Rusiyanın Ukraynadan taxıl oğurlaması barədə Xerson vilayətindəki mənbələrdən xəbərdardır və Rusiyaya qarşı ittihamlar "çox ciddidir".
Müharibədən öncə Ukrayna dünyada həcminə görə taxıl ixracında dördüncü ölkə olub.