Bakıya gələn turist,
əcəb yerə gəlmisən!
Bəzəkli binaları,
hündür körpüləri,
qədim qalaları,
mavi Xəzəri,
buludlara ucalan
dalğalı bayraqları,
məscidləri, pirləri,
Müqəddəs ocaqları,
Xəzərin sahilində
ilan kimi qıvrılan Bulvarı,
dünyaya səs salan
məşhur Neft Buruqları ”“
gəzib görməyin gərək,
Doğma gəlir insana.
Bunlar dursun
bir yana!
Gəl, sənə biraz
şəhərimizdən danışım...
Yox, yox!
Sənə bizdən danışım!
Bu şəhərin
bazarı,
səyyar satıcılardır.
Bahalı maşın qədər
aciz dilənçi vardır!
Gombul yol polisinin
əttökən fışdırığı,
polis təpiyi altda
əzilən bir qadının qışqırığı,
bir dalana sığınıb yatan
evsiz-eşiksiz qoca,
neçə qucaqsız körpə,
neçə körpəsiz qucaq,
neçə sönmüş ocaq var!
Sənsə düşünürsən ki,
bu yerin evlərində
neftlə yanır ocaqlar!
Sən elə bilirsən ki,
bu qızıl ölkəsində
hər kəsin bilərziyi,
üzüyü, sırğası var...
Yox, yox!
Haqq danışanın
ömür qasırğası var!
Burda haqq danışana
danışmaq xəyal olur!
Bilərzik əvəzinə
qolunda qandal olur!
Burda zərrə qədər də
haqq-ədalət görməzsən!
Bu yerin gənclərini
Qoca bilərsən, vallah,
əllicə verməzsən!
Başında qapaz gəzir
hər balaca uşağın!
Burda özü görünmür,
adı var yaşamağın!
Öz ölkənə bu yerin
sərvətindən danışsan,
vicdanına tüpürüm!
Ədalətin varsa, sən,
bunları danış, görüm!
Bakıya
gələn turist,
əcəb yerə gəlmisən!
Beş ulduzlu oteldə
yatıb tumarlanarsan,
bahalı şərablarla
yaxşı xumarlanarsan!
Bizim neftin puluna
qəşəng yeyib-içərsən,
yolun düşsə hər fəsil,
bu şəhərdən keçərsən!
Əcəb qonaqpərvərdir
bizim kəndlər, şəhərlər!
Özgəyə bal paylayar,
doğmaları zəhərlər!
Sənə halaldır, canım,
sən işini bilmisən!
Bakıya gələn tursit,
əcəb yerə gəlmisən!
Müəllif: Orxan Bahadırsoy