İranın xarici işlər naziri Abbas Əraqçi Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spoljaric ilə görüşündə ABŞ və İsrailin İslam Respublikasına hücumlarını müzakirə edib.
Moderator.az xəbər verir ki, bu barədə A. Əraqçi özünün "Telegram" kanalında məlumat paylaşıb.
"Xüsusilə məktəblər, universitetlər, təhsil, tədqiqat mərkəzləri, tarixi və mədəni obyektlərə, xəstəxanalara, həyati əhəmiyyətli və istehsal infrastrukturuna, habelə yaşayış məntəqələrinə hücumlar barədə M. Spoljarici məlumatlandırdım", - İran XİN rəhbəri vurğulayıb.
BQXK prezidenti görüş zamanı son müharibədə İran vətəndaşlarının həlak olmasından, mülki obyektlərin, xüsusən də məktəblərin, xəstəxanaların və yaşayış məntəqələrinin hədəf alınmasından dərin təəssüf hissi keçirdiyini diqqətə çatdırıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
Media yazıb ki, aprelin 27-də İslamabadda, İran və ABŞ arasında danışıqların növbəti raundu keçirilməli idi və bunu Ağ Ev də təsdiqləmişdi. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner şənbə günü İslamabada uçmalı idilər, lakin bundan qısa müddət əvvəl Tramp öz nümayəndələrinin Pakistana səfərini ləğv etdiyini bildirib.