İranda Zəncan əyalətinin məhkəmə tibbi-ekspertizası Güney azərbaycanlı hüquq müdafiəçisi və Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədinin müalicə üçün cəzasının bir ay müddətinə təxirə salınmasının zəruri olduğunu bildirsə də, İranın məhkəmə orqanları buna icazə verməyib.
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə Nərgiz Məhəmmədinin ailəsi məlumat verib.
Ailə üzvlərinin sözlərinə görə, dünən siyasi məhbusla görüş zamanı onun səhhətinin son dərəcə ağır olduğu üzə çıxıb və vəziyyət ölüm-dirim mərhələsinə çatıb.

Məlumatda qeyd olunur ki, Nərgiz Məhəmmədi bundan əvvəl iki dəfə infarkt keçirib və hazırda da sağlamlıq vəziyyəti kritik olaraq qalır.
Qeyd edək ki, Nərgiz Məhəmmədi ötən il dekabrın 12-də Məşhəd şəhərində vəkil Xosrov Alikurdinin xatirəsinə keçirilən mərasimdə bir neçə digər fəalla birlikdə həbs edilib.