"Ukrayna ordusu sursat daşıyan maşınları hədəfə alaraq Rusiyanın artilleriya üstünlüyünü zəiflətməyə çalışır..."
Ukrayna cəbhədə daha effektiv və çevik taktika tətbiq etməyə başlayıb. Əgər əvvəllər əsas diqqət Rusiya artilleriya qurğularının birbaşa məhv edilməsinə yönəlirdisə, indi prioritet onların təminat zəncirini pozmaqdır.
Moderator.az xəbər verir ki, bu barədə "forbes.ua" nəşri yazıb.
Artilleriya müharibəsində strategiya dəyişir
Nəşr yazır ki, yeni yanaşma Ukraynanın resurslarını daha rasional istifadə etməsinə və eyni zamanda daha böyük nəticə əldə etməsinə imkan verir. Rusiya ordusu cəbhə boyu minlərlə artilleriya sistemi yerləşdirib və döyüş əməliyyatlarını əsasən bu güc üzərində qurur.
Adətən hücumlar intensiv artilleriya atəşi ilə başlayır - məqsəd qarşı tərəfin mövqelərini zəiflətmək və dağıtmaqdır. Bundan sonra piyada və mexanikləşdirilmiş bölmələr irəliləyərək ərazini ələ keçirir və möhkəmlənir.
Lakin bu modelin işləməsi üçün fasiləsiz sursat təminatı həyati əhəmiyyət daşıyır. Ukrayna da məhz bu məqamı nəzərə alaraq strategiyanı dəyişib və birbaşa artilleriyanı deyil, onun "qidalanma xəttini" - logistikanı hədəfə almağa başlayıb.
Əsas hədəf logistikadır
Artilleriyanı aşkar etmək çətin olsa da, onun təminatı daha həssasdır. Rusiya gündəlik 10-15 min mərmi istifadə edir və bunlar əsasən "KamAZ-5350" və "Ural-4320" kimi maşınlarla daşınır.
Ukrayna dronları artıq qurğuları deyil, yolları izləyir. Bəzən yol kənarında gözləyən dronlar hədəf yaxınlaşdıqda havaya qalxaraq zərbə endirir. Zərbələr çox vaxt yanacaq və ya sursat hissəsinə yönəldilir və bu da güclü partlayışa səbəb olur.
Daha az resurs, daha böyük effekt
Bu taktika daha səmərəlidir: bir zərbə ilə həm maşın, həm də böyük həcmdə sursat məhv edilir. Nəticədə bir neçə artilleriya qurğusu eyni anda sıradan çıxır. Beləliklə, bəzi ərazilər formal olaraq Rusiya nəzarətində qalsa da, onların təminatı çətinləşir və döyüş qabiliyyəti zəifləyir. Ukrayna eyni zamanda dəniz əməliyyatlarında da qeyri-standart üsullardan istifadə edir, uzaq məsafəli dronların idarəsində isə "Starlink" mühüm rol oynayır.