HƏMAS təşkilatı Qəzza sektorunda silahları təhvil vermək və idarəetməni buraxmaq niyyətində olduğunu açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "New York Times" nəşri qruplaşmanın siyasi qanadının iki təmsilçisinə əsaslanaraq məlumat paylaşıb.
Prosesin yekunlaşmasına tək əngəl bölgədə yeni idarəedici orqanın birbaşa mövcud olmamasıdır. Qəzetin yazdığına əsasən, yeni formalaşdırılmış Fələstin texnokratlar komitəsi yanvarın 14-də toplaşdığı Qahirə şəhərində fəaliyyətini davam etdirir. Xatırladaq ki, məhz həmin gün ABŞ-nin sülh təşəbbüsünün ikinci mərhələsinə start verildiyi bildirilmişdi.
Məqalədə qeyd olunur ki, "HƏMAS idarəetmənin bütövlükdə ötürülməsi istiqamətindəki bütün hazırlıq işlərini yekunlaşdırıb".
Məlumatda, həmçinin HƏMAS-ın yeni yaranacaq idarəetmə qurumlarında təmsil olunmaq kimi bir tələbinin olmadığı diqqətə çatdırılıb. Buna baxmayaraq, hərəkat Fələstinin siyasi səhnəsində qalmağı və müstəqil dövlət yarananadək İsrailə qarşı dirənişi sürdürməyi hədəfləyir. Üstəlik, qruplaşma daxilindəki bütün kadr dəyişiklikləri səlahiyyətlərin verilməsinədək dayandırılıb. Heç bir yeni təyinat və ya vəzifə artımı gözlənilmir.