Şahın oğlundan inqilab anonsu: Rza Pəhləvi İrana qayıtmağa hazır olduğunu açıqladı
Dünya
226
13:55, Bu gün

Şahın oğlundan inqilab anonsu: Rza Pəhləvi İrana qayıtmağa hazır olduğunu açıqladı

İranın sonuncu şahının oğlu Rza Pəhləvi İtaliyanın "La Repubblica" qəzetinə verdiyi sensasiyalı müsahibəsində mühacirətdəki sükutunu pozaraq rəsmi Tehrana meydan oxuyub.
 
Moderator.az xəbər verir ki, Pəhləvi ölkədəki xalq hərəkatına rəhbərlik etmək üçün İrana qayıtmağa və hətta azadlıq naminə canını fəda etməyə hazır olduğunu bəyan edib.
 
Rza Pəhləvi ölkə daxilindəki müxalif qüvvələrlə sıx təmasda olduğunu və rejimin nəzarətinin zəiflədiyi bölgələrdə müxalifəti birləşdirmək üçün "azad zonalar" yaratmağı planlaşdırdığını açıqlayıb. O bildirib ki, hazırda etirazlar İranın 31 vilayətini əhatə edir və hakimiyyət heç vaxt olmadığı qədər kövrəkdir. Şahın oğlu Avropa ölkələrini "ikili oyun" oynamaqda ittiham edərək, onları Tehranla diplomatik əlaqələri tamamilə kəsməyə, maliyyə axınlarını dayandırmağa və SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) bütün komanda strukturuna qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.
 
Pəhləvi SEPAH-ın rejimin əsas dayağı olduğunu vurğulayaraq, bu strukturun daxildən parçalanması üçün hərbçilərə səslənib. Onun fikrincə, İran rejiminin süqutu Yaxın Şərqdə yeni bir təhlükəsizlik arxitekturasının qurulmasına və onilliklərdir davam edən münaqişələrin bitməsinə səbəb olacaq.
 
Ölkəyə qayıtdıqdan sonra mütləq hakimiyyət iddiasında olmadığını deyən Rza Pəhləvi, özünü demokratik keçid dövrü üçün "təhlükəsizlik körpüsü" adlandırıb:
 
"Məqsədim tac qoymaq deyil, İran xalqına öz gələcəyini azad seçkilərdə müəyyən etmək imkanı yaratmaqdır".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər