Şahzadə Uilyam Böyük Britaniyanın Devon qraflığında yerləşən keçmiş Dartmur həbsxanasının icarəsi ilə bağlı gəlir xəbərləri səbəbindən qalmaqalın mərkəzinə düşüb.
Moderator.az BFM telekanalına istinadən xəbər verir ki, gələcək monarxın 2024-cü ilin yayında bağlanan obyekt üçün icarə haqqı alaraq azı 2,5 milyon funt-sterlinq qazana biləcəyi ehtimal olunur.
Bildirilir ki, müəssisənin fəaliyyətinin dayandırılmasına baxmayaraq, ildə təxminən 1,5 milyon funt-sterlinq məbləğində icarə ödənişləri daxil olmağa davam edib. Beləliklə, son 20 ay ərzində gəlirin məbləği 2,5 milyon funt-sterlinqi keçə bilər.
Qeyd olunur ki, həbsxana xərçəng xəstəliklərinin inkişaf riskini artıra bilən radioaktiv qaz olan radonun yüksək miqdarına görə istifadə üçün təhlükəsiz hesab edilməyib. Mənbələrin məlumatına görə, yüzə yaxın keçmiş işçi və məhbus səhhətinin pisləşməsini müəssisədəki şəraitlə əlaqələndirərək hakimiyyət orqanlarına qarşı iddia qaldırıb.
Binanın bağlanmasından sonra onun vəziyyəti əhəmiyyətli dərəcədə pisləşib. KİV-in məlumatına görə, otaqlarda gəmiricilər, quşlar və həşəratlar peyda olub. Bu isə lazımi qulluğun olmaması və pəncərələrin açıq qalması ilə əlaqələndirilir.