Böyük Britaniya döyüş meydanında istifadə ediləcək qabaqcıl texnologiyalara malik 120 mindən çox dronun daxil olduğu "tarixin ən böyük" PUA paketini Ukraynaya təhvil verəcək.
Moderator.az xəbər verir ki, bu barədə Birləşmiş Krallıq hökumətinin rəsmi saytında dərc olunan bəyanatda bildirilib.
"Böyük Britaniya Ukraynaya tarixdə ən böyük pilotsuz uçuş aparatları tədarükünü elan edib və bu çərçivədə cari ildə ən azı 120 000 dron göndəriləcək. Bu addım bütün ölkə daxilində iqtisadi artıma və yeni iş yerlərinin yaradılmasına təkan verəcək", - deyə bəyanatda vurğulanıb.
Həmçinin bildirilir ki, Böyük Britaniyanın indiyədək təqdim etdiyi bu ən böyük paketə Ukraynadakı cəbhə xəttində döyüş qabiliyyətini artıq sübut etmiş minlərlə uzaqmənzilli zərbə, kəşfiyyat və logistika əməliyyatları üçün nəzərdə tutulan dronlar, eləcə də dəniz təminatı vasitələri daxil olacaq.
Britaniyanın müdafiə naziri Con Hili Londonun öz səylərini artırdığını və Ukraynaya "rekord sayda pilotsuz uçuş aparatı" verəcəyini deyib. Onun sözlərinə görə, bu təchizat Ukrayna Silahlı Qüvvələrinə müdafiə olunmaq və Rusiyaya qarşı mübarizə aparmaq üçün geniş imkanlar yaradacaq.