Aprelin 15-də Brüsseldə toplaşan Avropa İttifaqı (Aİ) səfirləri İrəvana növbəti mülki missiyanın yollanması barədə razılığa gəliblər.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bu addımın rəsmi şəkildə təsdiqlənməsi gələn həftə Aİ-yə üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısında nəzərdə tutulur.
Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəliyi tərəfindən hazırlanan və missiyanın tərkibini, fəaliyyət müddətini, eləcə də səlahiyyətlərini özündə əks etdirən sənədə görə, əsas məqsəd hibrid təhlükələrə qarşı Ermənistanın müqavimətini artırmaqdır. Bu çərçivədə müvafiq təhlükəsizlik qurumlarına həm strateji, həm də praktiki yardımlar göstəriləcək.
Mütəxəssislərin verəcəyi məsləhətlər, əsasən, kiberhücumların, qeyri-qanuni maliyyə köçürmələrinin və xaricdən gələn informasiya manipulyasiyalarının aşkarlanması, habelə onlarla mübarizə siyasətinin formalaşdırılması istiqamətlərini əhatə edəcək.
Eyni zamanda, sözügedən nümayəndə heyəti Ermənistanın müdafiə potensialının genişləndirilməsi üçün zəruri addımları analiz edəcək. Nəticədə rəsmi İrəvanın Aİ standartlarına əsaslanaraq hibrid riskləri vaxtında müəyyənləşdirməsi və adekvat reaksiya verməsi hədəflənir.
Tərkibi 20-30 xarici ekspertdən ibarət olacaq yeni qrupun İrəvanda iki il müddətində fəaliyyət göstərməsi planlaşdırılır. Heyət "Avropa İttifaqının Tərəfdaşlıq Missiyası" adı ilə çalışacaq.
Xatırladaq ki, Avropa İttifaqının Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) xətti ilə Ermənistanda yerləşdirilən hazırkı mülki missiya 2023-cü ilin fevralın 20-dən etibarən işləyir. İlkin mərhələdə ikiillik müddətə təsdiqlənən mandat bu ilin 30 yanvar tarixində yenilənərək 2027-ci ilin fevralınadək uzadılıb.
Hazırkı missiya ümumilikdə altı fərqli bazadan müşahidə və patrul fəaliyyətləri icra edir.