Türkiyənin Malatya şəhərində iki qrup məktəbli arasında baş verən bıçaqlı insident nəticəsində beş nəfər xəsarət alıb.
Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Bildirilib ki, hadisə günorta saatlarında Yeşilyurt rayonunun Çilesiz məhəlləsində qeydə alınıb. Əldə edilən məlumatlara əsasən, ərazidə yerləşən məktəblərdən birinin şagirdləri arasında təhqir üstündə başlayan mübahisə sonradan bıçaqlı davaya çevrilib. Nəticədə beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd olunub ki, olayla bağlı məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralı şagirdlər şəhərin müxtəlif xəstəxanalarına təxliyə olunublar.
Hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən günorta saatlarında alındığı ehtimal edilən üç ədəd pivə qutusu aşkar olunub. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.