Böyük Britaniyanın baş naziri Boris Conson istefa verdiyini elan etdi.
Moderator.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Conson istefasını xalqa müraciətində bəyan edib. O, ictimaiyyətə "böyük imtiyaz" üçün təşəkkür edib:
"Hər şeydən əvvəl, mənə verdiyiniz böyük imtiyaz üçün sizə, Britaniya ictimaiyyətinə təşəkkür etmək istəyirəm", - deyib.
O bildirib ki, bundan sonra yeni baş nazir gələnə qədər xalqa xidmət göstərəcək.
Qeyd edək ki, son günlər Böyük Britaniyada hökumət böhranı yaşanırdı - iki gün ərzində 60-a yaxın məmur istefa vermişdi.
Onlar bu addımları ilə Consona inamsızlıqlarını ifadə ediblər və onun rəhbərlik üsulları ilə razılaşmadıqlarını bildiriblər.
Buna səbəb isə bir müddət əvvəl Londondakı klublardan birində sərxoş halda əlbəyaxa dava salan xarici işlər nazirinin Avropa və ABŞ üzrə keçmiş müavini Kristofer Pinçer ətrafında yaranmış qalmaqal olub.
Bəzi siyasətçilər Consonun Pinçerin problemli keçmişindən xəbərdar olduğu halda, onu Mühafizəkarlar Partiyasının parlament fraksiyasının koordinator müavini vəzifəsinə təyin etməsindən narazı qalmışdılar.