Trendyol və PAŞA Holding-in dəstəyi ilə gənc qadınlar üçün süni intellekt düşərgəsi keçirilib - FOTO
Cəmiyyət
416
17:45, Bu gün

Trendyol və PAŞA Holding-in dəstəyi ilə gənc qadınlar üçün süni intellekt düşərgəsi keçirilib - FOTO

Qadınların süni intellekt sahəsində iştirakı son illərdə texnoloji inkişafın əsas müzakirə mövzularından birinə çevrilib.

Moderator.az xəbər verir ki, fərqli baxış bucaqlarının innovasiyanın keyfiyyətinə birbaşa təsir etdiyi vurğulandıqca, bu sahədə gender balansının gücləndirilməsi daha aktual xarakter alır.

Bu kontekstdə regionlarda yaşayan gənc qadınların texnologiyaya çıxış imkanlarını artırmaq məqsədilə “Süni intellektlə yeni başlanğıc” adlı 2 günlük intensiv düşərgə keçirilib. Trendyol və PAŞA Holding-in dəstəyi, Women in Tech Azerbaijan tərəfdaşlığı ilə təşkil olunan layihə 2026-cı il üzrə Beynəlxalq “İKT-də Qızlar Günü”nün rəsmi mövzusu olan ““İnkişaf üçün süni intellekt: Qızlar rəqəmsal gələcəyi formalaşdırır” çərçivəsində baş tutub.

Layihənin məqsədi regionlarda yaşayan 18-25 yaş arası gənc qadınların süni intellekt sahəsində bilik və bacarıqlarını artırmaq, AI alətlərindən effektiv istifadə imkanlarını genişləndirmək və bu bilikləri gələcək karyera imkanlarına çevirmələrinə dəstək verməkdir.

Düşərgə 24-25 aprel tarixlərində Gəncədə, 26-27 aprel tarixlərində isə Mingəçevirdə keçirilib. Ümumilikdə 80 iştirakçının cəlb olunduğu proqramda tələbələr, yeni məzunlar və karyerasının başlanğıc mərhələsində olan gənc qadınlar yer alıb.

İki günlük intensiv proqram süni intellektin əsasları, prompt yazma bacarıqları, AI-nin biznes və e-ticarətdə tətbiqi, təhlükəsiz və etik istifadə yanaşmaları, eləcə də praktiki tapşırıqlar və mini-lab sessiyalarını əhatə edir. Bu təşəbbüs regionlarda yaşayan gənc qadınların texnologiyaya çıxış imkanlarını genişləndirməyi, onların rəqəmsal bacarıqlarını inkişaf etdirməyi və gələcək əmək bazarında daha rəqabətqabiliyyətli olmalarına dəstək verməyi hədəfləyir.

Gəncədə keçirilən açılış mərasimində “Trendyol”un Azərbaycanda korporativ kommunikasiyalar üzrə rəhbəri Süheylə Cəfərova bu cür təlimlərin qadınların texnologiyalara marağını artıracağını bildirib: “Trendyol” texnologiya şirkətidir, biz texnologiyalardan təkcə istifadə eləmirik, hər gün yeni texnologiya yaradır, mövcud texnologiyanı necə inkişaf etdirməyin yollarını öyrənirik. Təbii ki, bunun çox böyük hissəsi süni intellektlə bağlıdır. Xüsusilə müasir elektron ticarət sahəsində süni intellektdən çox geniş istifadə olunur. Müştəriyə tövsiyə verməkdən tutmuş, məhsulun istehlakçıya çatdırılmasına olan dəstək, satıcıların sistemdə öz anbarlarını görməsinə qədər -  bunların hamısı süni intellektin nəticəsidir. Trendyolda minlərlə mühəndis çalışır. Onların böyük qismi qadınlar, xüsusilə gənc qadınlardır.

Təcrübə göstərir ki, getdikcə qadınlar texnologiyaya daha çox maraq göstərirlər. Təlimlərdə gənc qızların fəal iştirakı da bunun bariz nümunəsidir. İnanıram ki, bu, bəziləri üçün yeni başlanğıc olacaq. Hər böyük ideyalar bu cür mühitlərdən, müzakirələrdən, fikir mübadiləsindən yaranır”. 

O, qadınların bu sahədə daha aktiv təmsil olunmasının vacibliyini vurğulayaraq qeyd edib ki, innovasiya fərqli baxışlar olmadan mümkün deyil. 

“Women in Tech Azerbaijan”ın direktoru Leyla Seyidzadə bildirib ki, təlimlər 4 günlə bitməyəcək. Bundan sonra da davamlı olaraq növbəti layihələrin təşkili nəzərdə tutulub. Təlimlərdə iştirak edən hər kəs beynəlxalq sertifikatla təmin olunacaq.

Layihənin sonunda iştirakçılar süni intellekt alətləri üzrə praktiki bacarıqlar əldə edəcək, fərdi istifadə planı hazırlayacaq və prompt portfolioları formalaşdıracaqlar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər