Rütubətli, üfunət qoxulu evlər... Bəli, rütubətdən nəfəs almaq mümkün olmayan taxta evlərdə yaşamağa məhkum olanlar var. Onlar erməni işğalı nəticəsində öz doğma ata-baba yurdundan məhrum olanlardır. Pənah yeri olaraq taxtadan tikilmiş daxmaları seçiblər.
Doğma yurd-yuvasından didərgin düşmüş insanların bir qisminin yaşayışı normal olsa da, rütubətli, üfunət qoxulu, uçuq-sökük daxmalarda yaşayanlar hələ də qalmaqdadır. Onlar uzun illərdir ki, ağrılı həyat sürürlər.
Oxu.Az-ın əməkdaşları məcburi köçkünlərin Binəqədi rayonu, “DSK 4” ünvanına sığındıqları əraziyə baş çəkiblər.
Sakinləri Dağlıq Qarabağdan və işğal olunmuş ətraf rayonlardan olan bu yaşayış evlərinin miskin görkəmi elə ilk baxışdan diqqəti çəkir. Bura hər kəs tərəfindən unudulmuş kimi görünür. “DSK-4” adlandırılan bu ərazi ilk baxışdan paytaxtdan çox-çox uzaq düşmüş əraziyə bənzəyir. Üfunət qoxusu, çirkli su quyuları, ətrafa pərakəndə atılmış zibil tayaları, binanın həyətinə səliqəsiz şəkildə düzülmüş daxmalar adamı vahiməyə salır. Köçkünlərin yaşadıqları bina kənardan bərbad vəziyyətdə görünür. Daxilini təsəvvür edin. Səssizlik müşahidə olunur.
Lakin bir qədər sonra pozulur. Əraziyə daxil olan kimi ətrafdan sakinlər bizə tərəf üz tuturlar. Onların üzündə buradan çıxmamaq xofu sezilir. Üzlərində ümidsizlik də var. Lakin yenə də buradan qurtulmağa can atırlar. Acınacaqlı həyat yaşadıqları hər halları ilə bəlli olur. Hər şeyə rəğmən nikbin olmağa çalışırlar. Əvvəlcə danışmaqdan sanki çəkinirlər. Lakin daha sonra hərəsi bir tərəfdən sözə başlayırlar.
Sakin Hicran Hüseynova qorxu içərisində yaşadıqlarını deyir:
“Mən özüm 9 ildir ki, burada yaşayıram. Qardaşımgil 20 ilə yaxındır ki, buradadırlar. 30 ildir ki, bu daxmalarda yaşayanlar var. 90-dan çox ailə yaşayır. Biz həyətdə qalırıq. Qarşıdakı panel uçsa, altında qalacağıq. Qorxu içərisində yaşayırıq. Bina da qəzalı vəziyyətdədir. Uçsa, altında qalacağıq. Hər səhər oyananda sağ olduğumuza şükür edirəm. Həyatımızın hər dəqiqəsi təhlükə altındadır”.
H.Hüseynova qışda evlərinin su içərisində qaldığını dilə gətirir:
“Bir otaqda 4 nəfər yaşayırıq. Şuşadan məcburi köçkün düşmüşük. Özümüzə daxmada şərait yaratmağa çalışırıq. Lakin xeyri yoxdur. Qışda yağış yağanda su içində qalırıq. Revmatizmdən əziyyət çəkirik. Xəstəlik içərisində yaşayırıq.
Burada bir neçə il öncə uşaq quyuya düşüb, öldü. Mənim oğlum da quyuya düşüb. Həyatını son anda xilas etdik. Uşağım ölümdən qayıtdı. Uçan panel o günlərdə uşaqlardan birinin başına düşüb. Xoşbəxtlikdən uşaq sağdır. Evlərdə siçovul əlindən tərpənə bilmirik. Ölməmək üçün bu daxmalara sığınmışıq”.
Daxmada yaşayan digər bir sakin Göyçək Şərifova övladlarının başına bir iş gəlməməsi üçün onlara çölə çıxmağa icazə vermədiyini söyləyir:
“10 ildir ki, buradayam. Yoldaşım xərçəng xəstəliyindən rəhmətə gedib. Bir otaqda 4 övladımla yaşayıram. Evdən çölə çıxmağa icazə vermirəm ki, başlarına bir iş gəlməsin. Dəmir yığmaq, restoranlarda qab yumaqla çörək pulu qazanıram”.
G.Şərifova əlacsızlıqdan bura pənah gətirdiklərini bildirir:
“Böyük qızım quyuya düşmüşdü. Bacım güclə onu çıxartdı. O gün panel düşdü. Elə bildik ev uçdu. Çox qorxduq. İllərdir ki, zülm içərisində yaşayırıq. Köçürmürlərsə, ən azı şərait yaratsınlar ki, uçqunun altında qalmayaq. Unudulmuşuq. Gedəcəyimiz yer yoxdur. Güclü külək olanda qala bilmirik. Taxtadandır, hər an uça bilər. Uçsa, hamımız öləcəyik. Dərdimizi kimə deyək, bilmirəm. Cəbrayılın Soltanlı kəndindənəm”.
Sakin Pərvanə Hüseynova evlərindən ilan çıxmasından danışır:
“Evdən ilan çıxdı. Özümüzə gələ bilmirdik. Həyatımız təhlükə altındadır. Yerin altı boşdur. Hər an çökə bilər. Köçürülmə ilə bağlı heç nə demirlər. Gəlirlər hərə bir şey yazır. Xeyri yoxdur. Quyunun üstündə ev tikmişik. Uçacağından qorxuruq... Səksəkə ilə yaşayırıq. Bina aşsa, orada nə qədər insan yaşayırsa, hamısı öləcək. Heç özümü düşünmürəm. Uşaqlarıma yazığım gəlir. Başqa yolumuz olmadığı üçün bu evlərə sığınmışıq”.
Evlərdən heyrət içərisində çıxırıq. Lakin daha vahiməli daxmalar qarşıda idi. Kiçik bir daxmaya rast gəlirik. Orada iki yaşlı insan yaşayır. Sakin Elmira Nəbiyeva 30 il bu daxmada yaşadığını qeyd edir:
“Hazırda yoldaşımla mən burada yaşayırıq. Panel aşsa, düz bizim üstümüzə düşəcək. Biz qaz çəkə bilmədik. İşığımız var. Bütün işlərimi həyətdə görürəm. Cəbrayıldan qaçqın düşəni buradayıq. Yağış yağanda suyun içində oluruq. İmkanımız olmadığından bu şəkildə yaşayırıq”.
Üzümüzə qapısını açan sonuncu taxta evə yaxınlaşırıq. Yaşlı qadın Cəmilə Həsənova rütubətdən şikayətlənir:
“Buranı özümüz tikdik. Lakin heç bir faydası yoxdur. Uçulur. Üfunət qoxusundan dayana bilmirik, bezirik. Bir otaqda 4 nəfər yaşayırıq. Evdə siçovullar var. Siçovul anamın barmağını yatdığı yerdə dişləmişdi. Sonra nə oldusa, anam dünyasını dəyişdi. Gün görmədik. Uşaqlar da xəstəlik tapıb. Rütubətdən ciyərlərimiz pis vəziyyətdədir”.
C.Həsənova həyətdəki daxmalarda təxminən 15 ailənin yaşadığını əlavə edir:
“Həyətdə 15 ailə yaşayır. 6 mərtəbəli binada isə qalanları. Bəziləri kirayəyə çıxıblar. Çünki qışda yağışın axan suyu evlərə tökülür”.
Həyətdəki evlərdən sonra qarşıdakı 6 mərtəbəli tikiliyə üz tuturuq. Yağışın suyu yataqxananın dar dəhlizində hələ də qalmaqdadır. Göz-gözü görmür. Tavanlarda çatlar müşahidə olunur. Kəskin üfunət qoxusu gəlir. Divarlara rütubətdən çat düşdüyü aydın görünür. Tikilinin pilləkənləri təhlükə saçır. Tikiliyə qalxan kimi sakin Elnarə Fərhadova bizi qarşılayır.
O, bir otaqda 11 nəfər yaşadıqlarını qeyd edir:
“Altımərtəbəli tikilidə yağış yağanda və ya külək əsəndə tavandan su və daş tökülür. Həmçinin, kanalizasiya sistemi işləmir. Mərtəbələrə qalxıb-düşmək çətin və təhlükəlidir. Belə ki, uşaqlardan biri pilləkənlərin arasındakı boşluğa yıxılır və başından zədə alır. 9 övladım var. Yoldaşımla birlikdə 11 nəfərlik ailəyik. Yoldaşım xəstədir. Ürəyində, qara ciyərində problem var. Çox çətinliklə yaşayırıq. Yardıma ehtiyacımız var”.
Tikilinin sakinlərindən biri Solmaz Heydərova rütubətdən xəstəlik tapdığını deyir:
“30 ildir ki, bir otaqda yaşayırıq. Ağdam rayonundanıq. Hazırda bir otaqda yoldaşım, mən, gəlinimiz, oğlumuz və iki nəvəmiz yaşayır. Özüm də sirroz xəstəsiyəm. Hamımızın canı xəstədir. Yoldaşımın da boğazında şiş aşkarlanıb. Çətin vəziyyətdəyik. Heç olmasa, müvəqqəti təmir etsələr, yaxşı olar. Artıq heç nə istəmirik. Ölməmək üçün özümüzə şərait qurmağa çalışırıq. Lakin faydası yoxdur”.
Sakin Şəfaqət Abbasova oğlunun başına uçqun düşməsindən söz açır:
“Bir otaqda yoldaşım, mən və 17 yaşlı oğlum yaşayırıq. Bu yaxınlarda oğlumun başına tavan düşdü. Çox qorxduq. Şükür ki, ciddi xəsarət olmadı. Özüm də xəstəyəm. Boğazımda şiş aşkarlanıb. Onkoloji olduğunu düşünürəm. Özümüz xəstəlik tapdıq. Heç olmasa, övladlarımızın güzəranı yaxşı olsun”.
Sakin Məhbub Hüseynova bir otaqda 7 nəfər yaşadıqlarını deyir:
“1995-ci ildən buradayıq. Çətin vəziyyətdəyik. Bir otaqda 7 nəfər yaşayırıq. Kanalizasiya dolur, evlərə daşır. Biabırçılıqdır. Yağış yağanda həyətdə sanki göl yaranır. Suyun üstündən tullanmaqdan neçə dəfə yıxılmışam. Qolum sınıb”.
Altımərtəbəli tikilidən sonra həyətin digər tərəfində olan daxmaya yaxınlaşırıq. Deyilənə görə, həmin daxmada iki uşaq və bir ana yaşayırlar. Uşaqlardan biri ciddi xəstəlikdən əziyyət çəkir. Sakin Güldəstə Mahmudova qapını üzümüzə açır. O, övladının xəstəliyindən danışır:
“Yoldaşım həbsdədir. Özüm iki övladımla buraya sığınmışıq. Kiçik oğlum 1 il olacaq ki, meningit xəstəliyi ilə mübarizə aparır. 1 ildir ki, məktəbə getmir. Həkimlər məsləhət bilmədi. Rütubət, nəmişlik övladımı ölümə sürüklədi. Az qala övladımı itirəcəkdim. Şükür ki, möcüzə oldu”.
G.Mahmudova heç bir yerdə çalışmadığını bildirir:
“Övladıma görə işləyə bilmədim. Qohumlar, qonşular köməklik edirlər. Uşağımın müalicəsini borcla da olsa, etdim. Onu həyata qaytardım. Həkimlər onun yaddaşını itirəcəyini bildirmişdilər. Lakin Allahın mənə yazığı gəldi. Çox şükür, indi yaxşıdır”.
Onların hər birinin üzündə uzun illərin yorğunluğu var.. Lakin nikbindirlər... Normal həyat yaşayacaqlarını güman edirlər. Ümid edək ki, diləkləri, ümidləri gerçəkləşər..