Axı heç kim bədbəxt hadisənin başına gələcəyinə inanmaq istəmir. Bir gün evinin yanmasına, partlamasına, uçmasına... Amma azmı olur ki, təbii fəlakətlər nəticəsində şəhərlər, kəndlər xarabazara çevirilir. Yaponiyada zəlzələ, sunami oldu... Nəticəni gördünüz. Tükürpədici nəticə idi. Heç gördünüzmü hər hansı bir yapon məmuru bu ekstremal vəziyyətdən istifadə edib marağı üçün hər hansısa binanı dağıtsın?
Dünən axşam saatlarından başlayaraq Gəncədə hava şəraitinin kəskin dəyişməsi ciddi fəsadlara səbəb olub. Moderator.az xəbər verir ki, leysan nəticəsində yaşayış binaları, inzibati binalar, fərdi yaşayış evlərinə, rabitə və elektrik xətlərinə, minik avtomobillərinə, kənd təsərüfatına ciddi ziyan dəyib.Video kadrda yerlə yeksan edilən bu tarixi binanı isə qasırğadan güclü məmur edib.Təbii fəlakət adıyla gecə ağır texnika ilə bu bina çökdürülüb. Binanın üzərinə nə ağac yıxılıb, nə də ki, qasırğa dağıdıb. İncəsənət Mərkəzinin fəaliyyət göstərdiyi bu taxta bina XIX əsr rus memarlığının nümunəsidir. Bina vaxtilə Gəncə qubernatorunun istirahəti üçün rus milli ornamentləri ilə bəzədilərək quraşdırılmışdır. 2004-cü ildə bina əsaslı təmir edilmiş, şəhər rəhbərliyinin sərəncamı ilə bina Mədəniyyət İdarəsinin balansına verilmişdir. 2004-cü ilin iyul ayının 26-da təmir olunmuş binanın İncəsənət Mərkəzi kimi açılış mərasimi olmuşdur. Buraya Gəncə Dövlət Rəsm Qalereyası köçürülmüşdür. Qalereyada Gəncə rəssamlarının əsərləri nümayiş etdirilir. Eyni zamanda qalereyanın sərgi salonunda bir çox tədbirlər keçirilir. İncəsənət Mərkəzində Rəsm Qalereyası ilə yanaşı, Mərkəzi Uşaq Kitabxanası, 3 saylı Veteranlar Klubu və Mərkəzi Mədəniyyət Evi də fəaliyyət göstərir. Gəncə İncəsənət Mərkəzinin ərazisində azyaşlı körpələrin asudə vaxtlarını keçirmək üçün atraksionlar da fəaliyyət göstərir. Məlumata görə bina dağılmamışdan bir həftə öncə boşaldılması ilə bağlı xəbərdarlıq edilib. Bu gün isə əsası sabiq icra başçısı Eldar Əzizov tərəfindən qoyulan qədim gəncənin Maddi Mədəniyyət Abidələrinin dağıdılması prosesi davam edir.