Avqustun 2-də Baş Prokurorluqda
prokurorluq orqanları tərəfindən 2013-cü ilin birinci yarısında “Prokurorluq
haqqında” Qanunda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə görülən işlərin
vəziyyətinə və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə
həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib.
Moderator.az xəbər verir ki, müşavirə məruzə ilə çıxış edən Baş
prokuror Zakir Qaralov bildirib ki, cari ilin birinci yarısında ölkə həyatının
bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam edib: “Azərbaycan
Respublikasının BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi, Dünya İqtisadi
Forumuna (Davos Forumu), II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna və
digər əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, Azərbaycanın süni peyki
olan ölkələr sırasına daxil olması, həmçinin ölkədə aparılan islahatların
nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilməsi
Azərbaycanda həyata keçirilən sürətli sosial-iqtisadi inkişafın, vətəndaşların
sosial rifahının ilbəil daha da yaxşılaşmasının, beynəlxalq standartlara uyğun
müasir dövlətin və vətəndaş cəmiyyətinin qurulması zəminində reallaşdırılan,
beynəlxalq sülhün və təhlükəsizliyin saxlanmasına və möhkəmlənməsinə nail
olmağa yönəlmiş xarici siyasətin nəticəsində mümkün olub”.
Bildirilib ki, hesabat dövründə
Azərbaycan Respublikası Prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları,
ilk növbədə Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi
sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi,
dövlət müstəqilliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi
sahəsində zəruri tədbirlər görülüb.
2013-cü ilin birinci yarısında
Daxili İşlər orqanları ilə qarşılıqlı əlaqəli birgə fəaliyyət nəticəsində
kriminogen durumun daha da sabitləşməsinə, cinayətkarlığa qarşı mübarizənin
səmərəliliyinə təsir edən mənfi təzahürlərin aradan qaldırılması istiqamətində
məqsədyönlü işlər görülüb. Hesabat dövründə respublikada qeydə alınan 10.929
cinayətin 86,9 faizinin açılması təmin edilib.
Baş prokuror yanında
Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən cari ilin birinci yarımilində
200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün
aidiyyəti məhkəmələrə göndərilib. “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olub
3.237 müraciətin 14-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət
işləri başlanmaqla istintaq aparılıb, onlardan 4-ü üzrə ibtidai istintaq
yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Hesabat dövründə Baş Prokurorluğun
Elm-Tədris Mərkəzinin səmərəli fəaliyyəti nəticəsində “İmtahan” informasiya
sisteminin yaradılması və onun vasitəsilə prokurorluq əməkdaşlarının nəzəri
bilik və peşə hazırlığı səviyyəsinin test üsulu ilə yoxlanılmasının əhəmiyyəti
xüsusi vurğulanıb, yeni informasiya texnologiyalarının hərtərəfli tətbiqi və
“Elektron hökumət” layihəsi çərçivəsində prokurorluq orqanlarında elektron
sənəd dövriyyəsi sisteminin tam fəaliyyət göstərməsi istiqamətində həyata
keçirilən işlər barədə məlumat verilib.
2013-cü ilin birinci yarısında
17 prokurorluq işçisi xidməti və icra intizamını pozduğuna
görə intizam məsuliyyətinə cəlb edilib.
Əməliyyat müşavirəsində cari
ilin oktyabr ayında ölkəmizin həyatında çox mühüm hadisə olan Azərbaycan
Respublikası Prezidentinin seçkiləri keçirilməsi ilə əlaqədar digər hüquq
mühafizə orqanları ilə əlaqəli şəkildə ölkə ərazisində qanunçuluğa əməl
olunması, ictimai-siyasi sabitliyin qorunması və kriminogen durumun, xüsusilə
dini ekstremizm və separatçılıq meyllərinin qarşısının alınmasına yönəldilmiş
qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı prokurorluq orqanlarının qarşısında
duran vəzifələr geniş müzakirə edilib.