Hər bir dövlətin xarici siyasətində milli maraqları əsas tutduğu, bütün addımları bu maraqların çərçivəsində atdığı birmənalıdır. Bu baxımdan Azərbaycanın da Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu xarici siyasət yürütdüyü, milli maraqlarımızı beynəlxalq arenada müvəffəqiyyətlə müdafiə etdiyi birmənalıdır. Lakin digər ölkələrlə müqayisədə respublikamızın xarici siyasətinə xas tamam fərqli bir xüsusiyyət də mövcuddur. Bu isə Azərbaycanın xarici siyasətinin milli maraqlarla yanaşı, həm də ümumbəşəri maraqlara xidmət etməsi, bütün insanlığın mənafeyinə yönəlməsidir. 2020-2021-ci illərdə dünyanı ağuşuna alan koronavirus pandemiyası dönəmində Azərbaycanın “vaksin inhisarçılığına” qarşı açıq şəkildə mübarizə aparması, Qərb dövlətlərini Afrika, Asiya və Latın Amerikası xalqlarına münasibətdə ədalətli mövqe sərgiləməyə səsləməsi, bir çox ölkəyə vaksin yardımları göstərməsi buna sübutdur.
Azərbaycanın ümumbəşəri dəyərlərin qorunması, haqq və ədalətin beynəlxalq miqyasda təmin olunması, insan hüquq və azadlığının müdafiəsi yolunda atdığı mühüm adımlardan biri isə Bakı Təşəbbüs Qrupunun yaradılmasıdır.
Prometey yurdundan dünya nəhənglərini lərzəyə salan cəsarətli addım: “Azadlıq hər xalqın haqqıdır!”
6 iyul 2023-cü ildə Bakıda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən Bakı Təşəbbüs Qrupunun yaradılması sadəcə ölkəmizin deyil, dünya xalqlarının həyatında yeni bir dönəmin başlanğıcı oldu.
Azərbaycanın liderliyi altında Bakı Təşəbbüs Qrupunun yaradılması Fransa və digər imperialist güclərin müstəmləkəçilik siyasətinə qarşı vahid mərkəzin formalaşmasını təmin etdi. Bu, müstəmləkə siyasətinə qarşı daha sistemli və məqsədyönlü şəkildə mübarizə aparmaq üçün zəmin yaratdı. Azərbaycan bununla əsarət altındakı bütün xalqları Bakı Təşəbbüs Qrupunun simasında vahid platformada bir araya gətirməyə, ideoloji və mənəvi-psixoloji baxımdan birləşdirməyə nail oldu. Hansı ki, bu, özlüyündə imperialist güclərlə mübarizədə ilk böyük zəfər idi. Çünki Bakı Təşəbbüs Qrupu yaradılana qədər əsarət altındakı xalqlar imperialist dövlətlərlə qarşı pərakəndə şəkildə mübarizə aparır, bu mübarizə beynəlxalq səviyyədə dəstək almır, dünya ictimaiyyətinin diqqətinə çatdırılmırdı. Bu səbəbdən də Fransa və digər dövlətlər xalqların azadlıq mübarizəsini qan gölündə asanlıqla boğur, öz cinayətlərini böyük ölçüdə ört-basdır etməyə nail olurdular. Bakı Təşəbbüs Qrupunun yaradılması onları bu imkandan məhrum etdi. Bu gün əsarət altına alınan xalqların nümayəndələri Bakı Təşəbbüs Qrupunun fəaliyyətində fəal şəkildə iştirak edir ki, bu da həmin xalqların azadlıq uğrundakı mübarizəsinin hər anını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa, imperialist güclərin məkirli siyasətini effektiv şəkildə ifşa etməyə imkan verir.
Azərbaycanın – Promotey yurdunun Bakı Təşəbbüs Qrupunun timsalında dünya nəhənglərini lərzəyə salması əsarətdəki bütün xalqlar üçün yeni bir ümid, yeni bir ilham mənbəyi olmaqdadır. Azərbaycanın, onun Müzəffər Ali Baş Komandanının apardığı bu tarixi mübarizəsnin nüvəsində, ana xəttində isə bu ideya dayanır: “Azadlıq hər bir xalqın haqqıdır və bu haqq hökmən təmin olunmalıdır!”
Milli iftixar mənbəyi və beynəlminəlçi qəhrəman: İlham Əliyev!
Bakı Təşəbbüs Qrupu “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılsa da, bu qurumun formalaşmasında İlham Əliyev faktorunun mühüm rol oynadığı şübhəszidir. Məhz Prezident İlham Əliyevin 6 iyul 2023-cü il tarixinə qədər diplomatiya və media paltformasında imperializmə qarşı apardığı mübarizədə, bu mübarizənin insanlıq və beynəlxalq hüquq adına önəmi ilə bağlı ortaya qoyduğu inkaredilməz faktlar Bakı Təşəbbüs Qrupunun meydana çxıması üçün gərəkli olan zəmini formalaşdırmış, bu zərurəti dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Elə bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyevin adı qısa zamanda əsarət altındakı bütün xalqlar arasında qısa zamanda populyalaşmış, Müzəffər Ali Baş Komandan əzilən xalqlar tərəfindən əsl qəhrəman – mənəvi lider kimi qəbul edilmişdir.
Bu gün Azərbaycan Prezidentinin şəkli Azərbaycan bayrağı ilə birlikdə əsarət altındakı xalqların təşkil etdiyi etiraz aksiyalarında ucaldılmaqda, onun portreti imperializm əleyhinə dərc edilən qəzet və jurnalların manşetini bəzəməkdədir. Buna nümunə olaraq 30 mart 2024-cü il tarixində Yeni Kaledoniyada dərc edilən “La Voix du Caillou” jurnalında İlham Əliyevin portretinin və "Dəmir yumruq" təsvirinin nəşrin üz qabağında yer alması faktını göstərmək olar. Bu fakt bir daha sübut edir ki, 44 günlük Vətən müharibəsində erməni faşizmi darmadağın edərək Azərbaycanın ərazi bütövlüyünü təmin edən, bununla da xalqımızın və bütün türk dünyasının milli iftixarına çevrilən İlham Əliyev, bu gün əsarət altındakı xalqların mübarizəsinə verdiyi dəstəklə beynəlminəlçi qəhrəman statusuna yüksəlmişdir.
Əsarətdəki milyonlarla insanın ölkəmizə, onun prezidentinə olan bu sevgisi İlham Əliyevin şəxsiyyət kimi böyüklüyündən xəbər verir. Bu sevgi həm də ondan xəbər verir ki, artıq Prezident İlham Əliyevin timsalında əsarətdəki xalqların güclü, yenilməz mənəvi ldieri mövcuddur və bu lider onların arzusundakı olduqları azadlığa qovuşmasına öz töhfəsini verəcəkdir!
Seymur ƏLİYEV