Bugünlərdə Ermənistanda səfərdə olan Yunanıstanın müdafiə naziri Nikos Dendias İrəvanda sevinclə qarşılanan yeni təkliflə çıxış edib. Müdafiə naziri bildirib ki, Ermənistan, Yunanıstan, Fransa və Hindistan arasında dördtərəfli əməkdaşlıq formatı bərqərar ola bilər. Nikos Dendias Fransa və Hindistanı Ermənistan və Yunanıstanın “çox nüfuzlu dostları” adlandırıb.
Şübhəsiz, Nikos Dendias tərəfindən belə bir təklifin irəli sürülməsinə adıçəkilən dövlətlərin daxili işi kimi yanaşmaq olardı. İddia etmək olardı ki, beynəlxalq hüquq hər bir dövlətə digər dövlət və ya dövlətlərlə əməkdaşlıq etmək imlanı verir. Lakin Yunanıstanın müdafiə nazirinin açıqlamasında adı çəkilən hər dörd dövlətin beynəlxalq aləmə “ixrac etdiyi” siyasətə, xüsusilə də bu dörd dövlətin Azərbaycan və türk dünyasına münasibətinə nəzər salanda, bu əməkdaşlığın regional və qlobal sülh üçün ciddi təhdid mənbəyi oduğu aydın görünür.
Məsələ burasındadır ki, bu gün həm Yunanıstan, həm də Fransa və Hindistan Ermənistanın silahlanmasına, onun daha müasir ordu modelinə malik olmasına, Azərbaycanla mübarizə üçün gərəkli güc əldə etməsinə çalışır. Ynanıstan 2023-cü ilin dekabr ayında Ermənistanla hərbi-texniki sahədə əməkdaşlıqla bağlı saziş imzalamış, bu əməkdaşlıq üçün geniş hüquqi-siyasi baza formalaşdırmışdı. Bundan öncə də yunanıstanlı yetkililər Ermənistan ordusunun müasirləşdirilməsi istiqamətində addımlar atmağa hazır olduqlarını bəyan etmiş, bu yöndə dəstəkverici bəyanatlar səsləndirmişdilər. Bugünlərdə Yunanıstanın müdafiə naziri Nikos Dendiasın İrəvana səfəri zamanı isə 2023-cü ildə Afinada əldə edilən razılaşmalar əsnasında görüləcək işlər müzakirə olumuş, bu əməkdaşlğın inkişafı ilə bağlı razılaşma əldə edilmişdir.
Vətən müharibəsindən sonra Fransa və Hindistan da Ermənistan ordusunun inkişafı, maddi-texniki bazasının möhkəmlənməsi istiqamətində ardıcıl adımlar atmış, bu gün də ölkəmizə qarşı mina terrorunu davam etdirən İrəvanı çoxlu sayda raket sistemləri, dronlar, tank əleyhinə mübarizə vasitələri, silah-sursat və s. ilə təmin etmişdir. Hansı ki, məlum proses bu gün də davam etməkdədir.
Xatırladaq ki, Prezidenti İlham Əliyev 4 mart 2024-cü il tarixində Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edərkən Ermənistanın günümüzdə də Qarabağda militarizasiya siyasəti yürütdüyünü vurğulamış, İrəvanın sürətlə silahlandığını diqqətə çatdırmışdır. Bütün bu faktların ümumiləşdirilməsi onu göstərir ki, əslində Nikos Dendiasın təklif etdiyi Ermənistan-Yunanıstan-Fransa-Hindistan formatlı əməkdaşlıq faktiki olaraq mövcuddur və öz fəaliyyətini davam etdirir. Söhbət yalnız bu əməkdaşlığın dördtərəfli saziş halında rəsmiləşdirilməsindən, hüquqi baxımdan beynəlxalq səviyyədə əsaslandırılmasından gedir. Yunanıstanın müdafiə nazirinin irəli sürdüyü təklif reallaşarsa, bu, dördlü formatın hər bir üzvünə hərbi əməkdaşlıq müstəvisində daha aşkar və miqyaslı addımlar atmağa, anti-sülh siyasətlərini “beynəlxalq hüquq”, “beynəlxalq əməkdaşlıq çətiri” altında pərdələməyə imkan verəcək.
Bundan başqa, heç kimə sirr deyil ki, Ermənistanın hərbi baxımdan nə Yunanıstana, nə də Fransa və Hindistana verə biləcəyi heç nə yoxdur. Bu isə o deməkdir ki, İrəvan dördlü əməkdaşlıq formatında bərabər tərəf kimi deyil, asılı tərəf kimi çıxış edəcək. Başqa sözlə desək, İrəvan dördtərəfli əməkdaşlıq adı altında Yunanıstan, Fransa və Hindistandan hərbi yardımlar qəbul edəcək ki, 44 günlük Vətən müharibəsində hərbi potensialının 80%-dən çoxunu itərən Ermənistanın belə bir yardıma ciddi ehtiyacı olduğu birmənalıdır.
Ermənistanın adıçəkilən ölkələrlə hərbi əməkdaşlığı genişləndirmək cəhdi İrəvanın sülhə deyil, müharibəyə hazırlaşdığından xəbər verir. İndiki şəraitdə Yunanıstan, Fransa və Hindistanın Ermənistanı silahlandırması bu ölkələrin də sülhdən deyil, müharibədən yana olduğunu sübut edir. Baş verənlər göstərir ki, daim sülh və əminamanlıqdan, insan haqları və ədalətdən danışan hər üç ölkə - həm Yunanıstan, həm də Fransa və Hindistan regionda yeni bir hərbi qarşıdurmanın baş verməsində maraqlıdır və onların İrəvana ünvanladığı bütün yardımlar məhz buna xidmət edir.
Odur ki, Ermənistan, Yunanıstan, Fransa və Hindistan formatlı hərbi əməkdaşlıq modelinin əsl mahiyyəti, bu modelin regional sülh və təhlükəsizlik üçün hansı təhdidlər doğruduğu ölkəmiz tərəfindən ifşa edilməli, beynəlxalq qurumların, dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdr. Bildirlməlidir ki, Cənubi Qafqazda baş verə biləcək yeni hərbi qarşıdurmaya görə məsuliyyət Ermənistanla yanaşı, həm də ona hərbi dəstək verən digər üç dövlətin üzərinə düşəcək.
Eyni zamanda, bu təhlükələrə cavab olaraq türk dünyasının siyasi-iqtisadi və mədəni birliyi ilə yanaşı, hərbi birlik və əməkdaşlığı da sürətləndirilməlidir. Türk dünyası “şər dördbucağı”nın bilavasitə və dolayı təxribatlarına həm hərbi, həm də siyasi baxımdan hazır olmalı, bu təhlükəni necə, hansı forma və miqyasda dəf edəcəyi ilə bağlı aydın plana malik olmalıdır. Unutmamalıyıq ki, Ermənstanda bunca silah-sursatın cəmləşdirilmsində yalnız bir məqsəd var və bu məqsəd xeyrə xidmət etmir!
Seymur ƏLİYEV