Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov "metallom" alverinə girişib. Bu barədə Moderator.az saytını özəl mənbə bilgiləndirib. Mənbənin bildirdiyinə görə, sovet dönəmindən qalan zavod, sex, anbar və s. istehsalat müəssisələri və saxlama məntəqələrinin dəmir konstruksiyasını sökdürüb satdıran icra başçısı bu istiqamətdə xeyli “uğur” əldə edib: “İcra başçısı kimi Sumqayıtda fəaliyyətə başladığı ilk gündən bütün mümkün qazanc yollarına əl atan E.Əzizov, bu kəs "metallom" alverindən gəlir əldə etmək niyyətindədir. Bu məqsədlə şəhər və şəhərətrafı ərazilərdəki bütün istifadəsiz sex və anbarlara əl qoyan icra başçısı, yüz min tonlarla dəmiri "metallom" kimi satdırır. E.Əzizovun bu “fərasətinin” nəticəsidir ki, şəhərdəki bir çox köhnə dəmir konfiqurasiyalı tikililərin əksəriyyəti “yoxa çıxıb”. E.Əzizovun bərpası mümkün olan bir çox müəssisəsini də öz şəxsi biznes maraqları səbəbi ilə hissələrə ayıraraq "metalloma" verdiyi iddia olunur”.