Xəbər verildiyi kimi, bir neçə gün öncə yol polisi əməkdaşlarının İsmayıllıda keçirdiyi reydlər zamanı insident baş verib. Rayon sakinlərinin “Azvision.az”a bildirdiyinə görə, İsmayıllı rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi Əhməd Cəlilov keçirdiyi reyd zamanı yol hərəkəti qaydalarını pozan Fuad adlı sürücüyə saxlama əmri verib.
Sürücü maşını tərk edərək polis rəisinə yaxınlaşıb və hansı səbəbdən saxlanıldığını dəqiqləşdirmək istəyib. Hadisə şahidlərinin sözlərinə görə, Əhməd Cəlilov sürücünün ünvanına söyüş və təhqiramiz ifadələr işlədib. Bundan hiddətlənən sürücü Ə.Cəlilova bir neçə yumruq zərbəsi endirib. Tərəflər əlbəyaxa olublar. Hadisə yerinə gələn Post Partul Xidmətinin əməkdaşları sürücünü polis bölməsinə aparıblar.
Sürücünün yaxınları dərhal DİN-in 102 xidmətinə müraciət edərək hadisənin araşdırılmasını, Ə.Cəlilovun işlətdiyi söyüşlərə görə cəzalandırılmasını tələb ediblər.
Şahidlərin iddialarına görə, Əhməd Cəlilov reyd zamanı sərxoş vəziyyətdə olub.
Məsələ ilə bağlı Editor.az-a özəl açıqlama verən İsmayıllı rayon Dövlət Yol Polisi şöbəsinin rəisi Əhməd Cəlilov haqqında yayılan xəbərə sərt reaksiya verib. Rəis haqqında məlum xəbəri yayan, ancaq onun mövqeyini öyrənməyən jurnalsitlərin ünvanına ağır ifadələr işlədib(etika naminə dərc etmirik): “Bu adamları məhkəməyə verəcəm. Belə hadisə olmayıb. Fuad dedikləri şəxs bir neçə il öncə məktəbin yanındakı dayanacaqda yol-qəza hadisəsi törədib. Biz də gedib müvafiq qaydada araşdırıb, lazımi qərar qəbul etmişik. Hadisənin baş verdiyi ünvan elə bir yerdir ki, orada kiçik bir hadisə olan kimi hər kəs toplaşır. Biz orada olanda hadisəyə aiddiyatı olmayan kimsə 102 xidmətinə zəng edərək, guya dava baş verdiyi haqqında yalan məlumat verib. Ancaq, birmənalı şəkildə belə şey olmayıb. Adam dəyən ziyanı da ödəyib. Hətta hadisə baş verən zaman orada rayonun icra başçısı da olub və sürücüyə iradlarını bildirib. Başqa hər hansı davadan söhbət gedə bilməz. Mən iş yerimdəyəm, xidmətdəyəm”.
DYP rəisi Əhməd Cəlilov eyni zamanda reyddə sərxoş olması ilə bağlı iddialara da toxunub: “Hansı səfeh rəis sərxoş reyd edər? Hansı səfeh rəis işçiləri qala-qala sürücü ilə əlbəyəxa olar? Bunlar hamısı boş söhbətlərdir. Ötən ay reyd olub və bu reyd haqqında TV-lərdə xəbər gedib”.
//Editor.az